Xəbərlər
Strateji tərəfdaşlıq və regional inkişaf perspektivləri
Natiq Allahverdiyev
YAP Qax rayon təşkilatının sədri:
Azərbaycan və Türkmənistan xalqları əsrlər boyu ortaq tarixi, dili, mədəniyyəti və mənəvi dəyərləri bölüşmüş qardaş xalqlardır. Hər iki ölkə türk dünyasının mühüm üzvləri kimi qarşılıqlı hörmət, dostluq və əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlər qurmuşdur. Bu münasibətlərin möhkəm təməli tarixi bağlar, mədəni əlaqələr və ortaq mənəvi dəyərlər üzərində formalaşmışdır.
Azərbaycan və Türkmənistan xalqları qədim zamanlardan etibarən eyni coğrafi və mədəni məkanın tərkib hissəsi olmuşlar. Böyük İpək Yolunun keçdiyi ərazilərdə yaşayan bu xalqlar arasında ticarət, iqtisadi və mədəni əlaqələr daim inkişaf etmişdir. Türk mənşəli xalqlar olaraq hər iki xalqın adət-ənənələri, həyat tərzi və dünyagörüşü arasında çoxlu oxşarlıqlar mövcuddur.
Ölkələrimizin müstəqilliyinin bərpasından sonra münasibətlərimiz daha da inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ölkələrimizin diplomatik münasibətlərinin əsası 1992-ci il iyunun 9-da qurulub. Həmin vaxtdan bu günədək dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlər həyata keçirilib və müxtəlif sahələr üzrə əməkdaşlıq müqavilələri imzalanıb.
Cari ilin İyun ayının 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri bir daha Azərbaycanla Mərkəzi Asiya ölkələri, həmçinin Türk dünyası ilə əlaqələrin inkişafına işıq saldı. Qarşılıqlı səfərlərin dinamikliyi fonunda ortaq tarixdən strateji tərəfdaşlığa və regional güc mərkəzinə doğru inamla irəliləyən Azərbaycan-Türkmənistan münasibətlərinın gələcək inkişafı üçün yeni imkanlar yaranır.
Səfər günlərində Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iştirakı ilə “Dostlug” neftdaşıyan tankerinin onlayn formatda hədiyyə olunması mərasimi keçirilib. Azərbaycan Respublikası ilə Türkmənistan arasında imzalanmış 12 mühüm sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iştirakı ilə mübadiləsi mərasimi keçirilib, iki ölkə rəhbərləri prezidentlərin Birgə Bəyanatını imzalayıblar.
Rəsmi gürüşlərdən sonra mətbuata bəyanatında Prezident İlham Əliyev bildirib ki, “Münasibətlərimiz möhkəm təməl – tarixi bağlar, mədəni əlaqələr və mənəvi əlaqələr üzərində qurulub”. Mədəni inteqrasiyanı gücləndirən mühüm addımlardan biri də şəhərlərarası əlaqələrin inkişafıdır. Bakı ilə Aşqabad, eləcə də regional inkişafın rəmzləri olan Arxadağ və Füzuli şəhərləri arasında qardaşlaşma münasibətlərinin qurulması iki xalq arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir. Ölkə başçısının bildirdiyi kimi: “Bakı və Aşqabad Arkadağ və Füzuli kimi, qardaş şəhərlərdir. Bütün bunlar bizim birliyimizin nümayişidir. Əməkdaşlığımızı konkret məzmunla zənginləşdirməyə və qarşılıqlı fəaliyyətimizi dərinləşdirməyə çalışırıq”. Azərbaycanla Türkmənistan arasında strateji maraqların üst-üstə düşməsi bu münasibətlərin gələcəyinin parlaq olduğuna zəmanət verir. Regional və qlobal çağırışlar fonunda bu iki ölkənin bir-birinə dəstək verməsi və yeni əməkdaşlıq istiqamətlərinin formalaşması qaçılmazdır.
Prezident İlham Əliyevlə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov arasında əldə olunan razılaşma təkcə iki ölkə arasındakı iqtisadi əməkdaşlığın genişlənməsi deyil, bütövlükdə Xəzər hövzəsinin və Orta Dəhlizin geosiyasi əhəmiyyətinin daha da artması baxımından mühüm hadisədir. Bu gün dünya nəqliyyat xəritəsində ciddi dəyişikliklər baş verir. Ənənəvi marşrutların bir qismi müxtəlif siyasi və hərbi risklərlə üzləşdiyi bir vaxtda Azərbaycan və Türkmənistanın formalaşdırdığı etibarlı nəqliyyat-logistika əməkdaşlığı Avrasiya məkanında yeni imkanlar yaradır. Prezident İlham Əliyevin vurğuladığı kimi, müasir dövrdə nəqliyyat layihələrini siyasətdən ayrı təsəvvür etmək mümkün deyil. Məhz Bakı ilə Aşqabad arasında formalaşmış qarşılıqlı etimad və siyasi dialoq iqtisadi layihələrin uğurla həyata keçirilməsinin əsas təminatıdır.
Bu gün Bakı və Aşqabad arasında qurulan münasibətlər təkcə ikitərəfli deyil, həm də geniş Avrasiya məkanında strateji əhəmiyyət daşıyan əməkdaşlıq nümunəsidir. Bütün bunlar göstərir ki, əldə olunan razılaşma yaxın illərdə həm Azərbaycan, həm Türkmənistan, həm də bütövlükdə region üçün yeni iqtisadi imkanlar açacaq və Orta Dəhlizin qlobal ticarət sistemində rolunu daha da gücləndirəcək.
