YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiya təşkil olunub

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı tərəfindən Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiya təşkil olunub.

Ekskursiyanın əsas məqsədi iştirakçıları Azərbaycan hərb tarixinin zəngin irsi, xalqımızın qəhrəmanlıq salnaməsi, eləcə də Azərbaycan Ordusunun keçdiyi şərəfli inkişaf yolu ilə yaxından tanış etmək olub.

Muzeydə nümayiş etdirilən eksponatlar, tarixi sənədlər, müxtəlif dövrlərə aid silah nümunələri, hərbi atributlar və digər materiallar iştirakçıların böyük marağına səbəb olub. Ekskursiya zamanı Azərbaycan xalqının qədim dövrlərdən bu günədək keçdiyi hərbi yol, Vətənin müdafiəsi uğrunda canından keçmiş qəhrəmanlarımızın şücaəti və igidliyi haqqında ətraflı məlumat verilib.

İştirakçılar Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Ordusunun formalaşması və inkişafı istiqamətində həyata keçirdiyi mühüm tədbirlər, eləcə də müstəqil Azərbaycanın hərbi quruculuq siyasətinin əsaslarını əks etdirən materiallarla tanış olublar.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin müdafiə qüdrəti əhəmiyyətli dərəcədə gücləndirilib, Azərbaycan Ordusu regionun ən güclü silahlı qüvvələrindən birinə çevrilib. 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər və sonrakı dövrdə əldə olunan uğurlar ordumuzun yüksək peşəkarlığını, döyüş qabiliyyətini və dövlətimizin gücünü bir daha nümayiş etdirib.

Ekskursiya çərçivəsində muzeyin açıq hava ekspozisiyasında nümayiş olunan hərbi texnika nümunələri ilə də tanışlıq olub. İştirakçılara müxtəlif dövrlərdə Azərbaycan Ordusunun istifadəsində olmuş tanklar, zirehli döyüş maşınları, artilleriya qurğuları və digər hərbi texnikalar barədə məlumat verilib.

Sonda qeyd olunub ki, belə tədbirlər milli-mənəvi dəyərlərin, dövlətçilik ənənələrinin və hərbi-vətənpərvərlik ruhunun daha da möhkəmlənməsinə, xüsusilə gənc nəslin milli ruhda formalaşmasına mühüm töhfə verir.