YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Ordumuzun qələbələri: tariximizin şanlı səhifələri

İqbal Əmənullayev

YAP Lənkəran rayon təşkilatının sədri

Müstəqil Azərbaycan dövlət quruculuğunun mühüm nailiyyətlərindən biri də Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasıdır. Azərbaycan ordusunun əsası Azərbaycan Xalq Cumhuriyyəti dövründə qoyulmuşdur. Bu ordunun ənənələrini qoruyub saxlayan və inkişaf etdirən ümummilli lider Heydər Əliyev olmuşdur. Heydər Əliyevin rəhbərliyi altında Silahlı qüvvələr sahəsində aparılan işlər ölkədə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermiş, onun daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır.

Müstəqilliyimiz bərpa olunarkən dövlətimiz Ermənistanla müharibə şəraitində idi. Azərbaycana qarşı ərazi iddiasında olan ermənilər və onlara havadarlıq edənlər torpaqlarımızın bir hissəsini işğal etmişdilər. O zaman respublikaya rəhbərlik edən şəxslər qətiyyətsizlik nümayiş etdirərək Silahlı Qüvvələri yarada bilməmişdi. Ermənilər Rusiya hərbiçilərinin köməyi ilə Qarabağda irimiqyaslı hərbi əməliyyatlar keçirir və azərbaycanlıları buradan qovub çıxarmağa nail olmuşdular.

O vaxt Azərbaycanın hərbi hissələrində isə bir sıra ciddi nöqsanlar mövcud idi. Belə ki, orduya müxtəlif siyasi qüvvələrin təsiri var idi, orduda nizam-intizam yaratmaq mümkün deyildi. Hərbi hissələrə pozuculuqla məşğul olan satqınlar soxula bilmişdi. Güclü informasiya axınına yol verilirdi. Orduda korrupsiya baş alıb gedirdi. Fərariliyə qarşı mübarizə yox dərəcəsində idi. Özünümüdafiə batalyonlarına rəhbərlikdə ikili tabeçilik vardı. Prezident icra başçıları vasitəsilə ordunu əlində saxlamaq istəyirdi. Orduda həm hərbi komissarlara, həm də icra başçılarına tabe olmaq yolverilməz olsa da, əfsuslar olsun ki, bu belə davam edirdi.

O zaman hakimiyyət boşluğunun yaranmasının nəticəsində XX əsrin ən böyük faicələrindən biri olan Xocalı qırğını baş verdi. Maddi-texniki və ictimai bazası zəif olan silahlı qüvvələrin bir-biri ilə çəkişməsinin növbəti qurbanı Şuşa və Laçın oldu. Hazırlıqsız zabitlərin, bərbad vəziyyətdə hərbi rabitənin olması və döyüşçülərin çoxunun məzuniyyətə buraxılması, intizamsızlıq Şuşanın süqutuna və onun ardınca hərbi hissələrin Laçını tərk etmələrinə səbəb oldu.

1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyinin yaradılması barədə qərarın və həmin ilin oktyabrın 9-da Ali Sovet tərəfindən Silahlı Qüvvələr yaradılması haqqında qərar qəbul edilməsinə baxmayaraq Respublika rəhbərliyi bu qərarın həyata keçirilməsi üçün heç bir səy göstərmirdi. Orduya dövlət səviyyəsində lazımı diqqət verilmir, onun təşkilatlanması üçün tədbirlər görülmürdü. Qısa dövr ərzində 4 müdafiə nazirinin dəyişdirilməsi ordu quruculuğuna mənfi təsir göstərirdi. Ona görə də ordumuz torpaqlarımızı qoruya bilmir, düşmən qarşısında aciz qalırdı. Silahlı Qüvvələrə rəhbərlik edən şəxslər ərazi və ya siyasi partiya mənsubiyyəti prinsipləri əsasında formalaşdırılmış hərbi hissələri Azərbaycanın ərazi bütövlüyünün qorunmasında deyil, öz şəxsi iddialarının həyata keçirilməsində, bu və ya digər siyasi qüvvələrin hakimiyyətə gətirilməsində istifadə edirdilər. Ordu quruculuğunda düzgün siyasətin yeridilməməsi nəticəsində silahlı qüvvələr uğursuzluğa düçar olurdu. Beləliklə də xalqın orduya olan etimadı azalırdı. Ölkə parçalanır, ərazilər işğal olunur, siyasi çəkişmələr, qarışıqlıq, xaos hökm sürürdü. Cəmiyyətin bütün qatlarını sarsıdan daxili qeyri-sabitlik, siyasi çəkişmələrin geniş vüsət alması, cinayətkar mafioz dəstələrin fitnələri, xarici xüsusi xidmət orqanlarının qarşısı alınmayan kəşfiyyat-təxribat fəaliyyətinin ordu quruculuğu prosesinə göstərdiyi dağıdıcı təsiri 1993-cü ilin ortalarında artıq ordunu məhv olmaq təhlükəsi qarşısında qoydu.

Yalnız Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlməsi vəziyyəti kökündən dəyişdirdi. Respublikada ordu quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirildi. Ən başlıca nailiyyətlərdən biri Silahlı Qüvvələrin dövlətin tam nəzarəti altına alınması oldu. Keçmiş illərdən fərqli olaraq əsas komanda-qərargah vəzifələrinə peşəkar, ali hərbi təhsilli, mənəvi, fiziki və psixoloji cəhətdən hazırlıqlı, döyüş təcrübəsi olan zabitlər təyin edilirdi. Gənclərimiz arasında hərbi peşəni təbliğ etmək məqsədi ilə son zamanlar Azərbaycanın hərb tarixinin öyrənilməsi ilə əlaqədar bir sıra maraqlı tədqiqat işləri aparılır, müxtəlif hərbi ədəbiyyat, hərbi nizamnamələr, dərsliklər və dərs vəsaitləri, habelə xalqımızın qəhrəmanlıq tarixinə dair elmi tədqiqat əsərləri nəşr edilirdi.

Azərbaycan Silahlı Qüvvələrinin hərc-mərclik illərindəki siyasi oyunlardan və siyasi qüvvələrdən uzaqlaşdırılması, onların intizamlı, mənəvi cəhətdən saf, yüksək peşəkarlığı ilə seçilən kadrlarla təmin olunması, təchizatının yaxşılaşdırılması, quruculuq işlərinin elmi əsaslarla aparılması, ordunun güclənməsi, Vətənimizin suverenliyinin və müstəqilliyinin möhkəm təminatçısına çevrilməsi Heydər Əliyevin rəhbərliyi altında aparılan işlərin, onun tələbkarlığının məntiqi nəticəsi idi.

Cəbhəyə gedənlərin işlədiyi müəssisələr cəbhəçi ailələrini himayəyə götürürdü. Orduya xalq yardımı genişlənmişdi. Qospitallarda yatan yaralı döyüşçülərə qayğı artırdı. Ziyalılar cəbhə bölgələrinə gedib əsgərləri qələbəyə ruhlandırırdılar.

Heydər Əliyev şəxsən özü cəbhə bölgələrində ordunun, əsgərlərin döyüş hazırlığı ilə yaxından tanış olub, konkret tədbirlər müəyyənləşdirirdi. Yeni Azərbaycan ordusu yaranırdı. Dövlət Müdafiə Komitəsi təşkil olunmuşdu. Səhra Cəbhə İdarəsi, köhnə başıpozuq hərbi hissələr ləğv edilmiş, əldəqayırma "generallar", xainlər ordudan uzaqlaşdırılırdı. Səmərəli hərbi təlim üçün xüsusi proqramlar hazırlanır, ordunun döyüş hazırlığının yüksəldilməsi işi dövlət rəhbərliyinin ciddi nəzarəti altına alınırdı. 1994-cü ilin sonunda artıq silahlı qüvvələrin maddi bazası xeyli möhkəmlənmişdi. Nəticədə Azərbaycan ordusu düşmənin respublikanın içərilərinə doğru hücumunu dayandırdı. Hətta əks-hücuma keçib bir sıra torpaqları da geri qaytardı. Beləliklə müstəqillik dövründə qazandığımız ən mühüm nailiyyətlərdən biri milli odumuzun yaradılması olmuşdur.

Bütün bunların nəticəsində 44 günlük müharibədə Azərbaycan dövləti Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dövlətçilik tariximizdə bənzəri olmayan Zəfər salnaməsi-Qələbə dastanı yazdı. Haqlı və şərəfli mübarizədə vətənpərvərlik ruhunda yetişmiş əsgər və zabitlərimiz ləyaqətlə mübarizə apararaq Qələbəmizi tam təmin etdilər. Respublikamızda bu gün də Silahlı Qüvvələrin quruculuğu davam etdirilir, ordumuz günbəgün  inkişaf etdirilir, təkmilləşdirilir və əsgərlərin döyüş hazırlığı daim artırılır.