YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Ordumuz ərazi bütövlüyümüzün təminatçısıdır

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri

Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay yaşamasına baxmayaraq, bu günümüz üçün gördüyü işlərdən biri ordu quruculuğu sahəsində əhəmiyyətli addımların atılmasıdır.  Hökumətin qərarı ilə 1918-ci il iyunun 26-da ilk nizami hərbi hissə - Əlahiddə Azərbaycan Korpusu yaradıldı.

Ordu quruculuğundan bəhs edərkən Ümummilli Lider Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə bu istiqamətdə atdığı addımlara xüsusi diqqət yönəldilir. Ulu Öndərin 1969-cu ildə hakimiyyətə qayıdışından sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Məhz elə buna görə də deyə bilərik ki, Silahlı Qüvvələrimizin inkişaf tarixi Ümummilli Lider  Heydər Əliyevin adı ilə bağlıdır. Onun rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi, gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı. Ulu Öndər Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Sözügedən məktəbin fəaliyyəti Azərbaycanda hərb sahəsinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdı. Ulu Öndər Heydər Əliyevin sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması mümkün oldu.

Azərbaycanın 1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra ilk illərdə yaşadığı uğursuzluqlar ordu qurruculuğundan yan keçmədi. Həmin illərdə Azərbaycan Silahlı Qüvvələrinin torpaqlarımızın deyil, ayrı-ayrı dairələrin maraqlarının müdafiəsinə xidmət etməsi ərazilərimizin mənfur düşmən tərəfindən işğalına səbəb oldu. O dövrün xarakterik xüsusiyyətlərindən biri orduda fərarilik hallarının geniş vüsət alması idi. Mövcud vəziyyət Azərbaycan gənclərinin  hərbi xidmətdən yayınmalarına yol açmışdı. 1993-cü ildə  Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi əsasında hakimiyyətə qayıdışı ilə bütün sahələrdə, o cümlədən ordu quruculuğunda yeni mərhələnin əsası qoyuldu. “Silahlı Qüvvələrin yaradılması Azərbaycanın dövlət müstəqilliyini və suverenliyini təsdiq edən, onu nümayiş etdirən amillərdən biridir” söyləyən Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində  1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqqında müqavilənin  imzalanması ölkəmizdə sabitliyin təmin edilməsi fonunda  bütün sahələrin inkişafı istiqamətində əhəmiyyətli addımlara yol açdı. Qısa müddətdən sonra Ümummilli Lider bu tezisi böyük əminliklə qeyd etdi ki, Azərbaycanın milli təhlükəsizliyini, əmin-amanlığımızı təmin edən, sərhədlərini qoruyan, ərazi bütövlüyünü, torpaqlarını müdafiə edən, ən əsası işğal altında olan ərazilərimizi azad etməyə qadir Ordusu var.

Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu son 22 ildən artıq dövrdə bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin  2003-2020-ci illərdə bütün fəaliyyəti torpaqlarımızın işğaldan azad edilməsinə  hazırlıq dövrü kimi xarakterizə olunur. Azərbaycan bütün sahələrdə gücləndi, ordumuzun maddi-texniki bazası möhkəmləndirildi, beynəlxalq standartlara cavb verdiyi böyük əminliklə qeyd olundu. Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim öndə  saxlanıldı. Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Təsadüfi deyil ki, nüfuzlu “Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer aldı.

2017-ci il 29 dekabr tarixində qəbul edilmiş Qanun Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təyinatı, idarə olunması və hərbi quruculuğu məsələlərini tənzimləyir, habelə Silahlı Qüvvələrin əsas vəzifələrini və fəaliyyətinin hüquqi əsaslarını müəyyən edir.  Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda hərbi sənaye kompleksi yaradıldı. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb.

Azərbaycan Silahlı Qüvvələr Günündə təşkil olunan  hərbi paradlar, ölkəmizdə keçirilən  Beynəlxalq Müdafiə Sərgiləri ordumuzun hansı imkanlara malik olduğunu nümayiş etdirdi. 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində  tarixi Zəfərimiz, ondan üç il sonra suverenliyimizin tam bərpası rəşadətli Ordumuzun gücünün, qüdrətinin təqdimatı oldu. 2020-ci il dekabrın 10-da  Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakıda möhtəşəm Zəfər Paradı keçirildi. Dövlətimizin başçısının 2018-ci ildə keçirilən paradda dediyi kimi, düşmənin ələ keçirilən silah-sursat və texnikası ilə yanaşı, işğaldan azad olunan ərazilərimizdə qaldırılan Azərbaycan Bayrağı Zəfər Paradında nümayiş etdirildi. 44 günlük Vətən müharibəsi zamanı qazanılmış təcrübə çevik və sürətli manevrə malik, yüksək dağlıq və çətin şəraitdə döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirə biləcək yeni birləşmələrin yaradılması zərurətini ortaya qoydu. Məhz bu zərurət Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissələrinin yaradılmasını aktuallaşdırdı. Buna görə də Azərbaycan  Prezidentinin tapşırığı ilə ordumuzda yeni təyinatlı Komando hərbi hissəsi yaradıldı. Prezident İlham Əliyevin Milli Ordumuzun Türkiyə ordusunun modeli əsasında yenidən qurulması təşəbbüsü çağdaş dövrün çağırışlarına və Azərbaycanın müdafiə qabiliyyətinin daha da artırılmasına hədəflənən ordu quruculuğu strategiyasıdır. Qardaş Türkiyə dövlətinin Azərbaycanın ən etibarlı tərəfdaşı, müttəfiqi olması, eləcə də Türkiyə Silahlı Qüvvələrinin peşəkarlığı və döyüş təcrübəsi Azərbaycan Ordusunun da Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılmasına zəmin yaradıb. Bu strategiyanın uğurla həyata keçirilməsi Azərbaycan Ordusunun hərbi-texniki göstəricilərini daha yüksək səviyyəyə qaldırılmasını təmin edir və ölkəmizin müdafiə qabiliyyətini qat-qat artırır. Türkiyə hərbi sənayesi ilə milli hərbi sənayemizin birgə əməkdaşlığı qarşıya qoyulan məqsədlərə nail olunmasına mühüm töhfələr verir.