Xəbərlər
Neftçala Rayon Yanğından Mühafizə Hissəsinə təcrübə səfəri təşkil olunub
Yeni Azərbaycan Partiyası (YAP) Neftçala rayon təşkilatı tərəfindən “Gənc Kadr - Neftçala gənclərinin İnkişaf Proqramı” çərçivəsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Neftçala Rayon Yanğından Mühafizə Hissəsinə təcrübə səfəri təşkil olunub.
Səfərin məqsədi gənclərin fövqəladə hallar sahəsində fəaliyyətin təşkili, yanğın təhlükəsizliyi tədbirləri və xilasedici xidmətin iş prinsipləri ilə yaxından tanış olmalarını təmin etmək olub.
Tədbir zamanı iştirakçılara hissənin fəaliyyəti, yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlər, şəxsi heyətin gündəlik xidməti və fövqəladə hallara hazırlıq prosesi barədə ətraflı məlumat verilib. Eyni zamanda, yanğınların qarşısının alınması, fövqəladə hadisələr zamanı düzgün davranış qaydaları və operativ müdaxilə mexanizmləri haqqında maarifləndirici təqdimatlar keçirilib.
Hissənin əməkdaşları tərəfindən yanğınsöndürmə texnikaları, xüsusi təyinatlı avadanlıqlar və fərdi mühafizə vasitələri nümayiş etdirilərək onların təyinatı, istifadə qaydaları və istismar xüsusiyyətləri barədə ətraflı izahat verilib. Bildirilib ki, yanğınsöndürənlərin peşə fəaliyyətində yüksək fiziki hazırlıq, peşəkarlıq, çeviklik və operativ qərarvermə bacarığı mühüm əhəmiyyət daşıyır.
Səfər çərçivəsində gənclər yanğınsöndürmə avtomobilləri və digər xüsusi texniki vasitələrlə yaxından tanış olmaq imkanı əldə ediblər. Görüş zamanı onları maraqlandıran suallar cavablandırılıb, xidmətin fəaliyyəti, peşənin məsuliyyəti və fövqəladə hallarda görülən işlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.
