YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Gənc Kadr - Neftçala Gənclərinin İnkişaf Proqramı”nın bağlanış və mükafatlandırma mərasimi keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Neftçala rayon təşkilatı tərəfindən həyata keçirilən “Gənc Kadr - Neftçala Gənclərinin İnkişaf Proqramı”nın bağlanış və mükafatlandırma mərasimi keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Neftçala rayon təşkilatının ideoloji işlər üzrə məsləhətçisi Fərhad Baxışov proqramın yekunlarına dair hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, proqram ölkədə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin və Yeni Azərbaycan Partiyasının gənclərlə iş sahəsində müəyyən etdiyi prioritetlərin yerli səviyyədə icrasına töhfə vermək məqsədilə təşkil olunub.

Qeyd edilib ki, dörd ay davam edən proqram çərçivəsində iştirakçılar üçün liderlik, effektiv ünsiyyət, media savadlılığı və layihələrin idarə olunması mövzularında təlimlər keçirilib, həmçinin rayonun sənaye müəssisələrinə və dövlət qurumlarına təcrübə səfərləri təşkil olunub. Bu fəaliyyətlər gənclərin nəzəri biliklərinin möhkəmləndirilməsinə və praktik bacarıqlarının inkişafına mühüm töhfə verib.

Daha sonra proqramın məzunları Nazilə Əhmədli və Mustafa Zeynalov çıxış edərək layihənin onların bilik və bacarıqlarının artırılmasında, dünyagörüşlərinin genişlənməsində və şəxsi inkişaflarında mühüm rol oynadığını vurğulayıblar.

YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev çıxışında bildirib ki, gənclərlə iş partiyanın fəaliyyətində əsas prioritet istiqamətlərdən biridir. O qeyd edib ki, müasir dövr təşəbbüskar, yüksək bilik və bacarıqlara malik, ictimai-siyasi proseslərdə fəal iştirak edən gənclərin yetişdirilməsini zəruri edir. Bu baxımdan “Gənc Kadr - Neftçala Gənclərinin İnkişaf Proqramı” gənclərin şəxsi və peşəkar inkişafına, eləcə də təşkilati bacarıqlarının formalaşdırılmasına xidmət edən uğurlu layihələrdən biri kimi dəyərləndirilib.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov isə çıxışında gənclərin hərtərəfli inkişafına yönəlmiş layihələrin rayonun gələcək kadr potensialının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, nəzəri biliklərin praktik təcrübə ilə tamamlanması gənclərin peşəkar hazırlığını gücləndirir, onların əmək bazarının tələblərinə uyğun formalaşmasına və cəmiyyət həyatında daha fəal iştirakına əlverişli zəmin yaradır.

Sonra gənclərlə fikir mübadiləsi aparılıb, iştirakçıların rəy və təklifləri dinlənilib.

Sonda “Gənc Kadr - Neftçala Gənclərinin İnkişaf Proqramı”nı uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.

DİGƏR Xəbərlər Arxiv