Xəbərlər
Rəqəmsal strategiya: qlobal çağırışlar və yeni inkişaf mərhələsi
Mübariz Qurbanlı
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı
Müasir dövrdə ölkələrin iqtisadi dayanıqlığını, rəqabət qabiliyyətini və milli təhlükəsizliyini müəyyən edən əsas amil rəqəmsal texnologiyaların inkişaf səviyyəsidir. Süni intellekt əsrinin qlobal miqyasda diktə etdiyi yeni reallıqlar idarəetmədə daha çevik, şəffaf və innovativ həllərin tətbiqini qaçılmaz edir. Bu gün rəqəmsallaşma sadəcə mövcud xidmətlərin elektron formaya keçirilməsi ilə məhdudlaşmır. Bu proses bütövlükdə dövlət idarəçilik modelinin yenilənməsini, məlumatların təhlükəsiz idarə olunmasını və vətəndaş məmnunluğunun ən yüksək səviyyədə təmin edilməsini ehtiva edən strateji transformasiyadır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamız da qlobal çağırışlara çevik reaksiya verərək, rəqəmsal iqtisadiyyata keçidi sürətləndirir və regionun texnoloji mərkəzinə çevrilmək hədəfinə doğru qətiyyətlə irəliləyir. Ölkəmizdə rəqəmsal transformasiyanın dövlət siyasətinin prioritet istiqaməti kimi möhkəmləndirilməsi ardıcıl xarakter daşıyır. Cari ilin fevralın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” mövzusundakı müşavirə bu sahədəki gələcək addımların müəyyən edilməsi baxımından mühüm siyasi hadisə oldu. Elə həmin gün Prezident İlham Əliyevin sərəncamına əsasən iqtisadiyyatda müasir texnologiyaların tətbiqinin və yerli istehsal potensialının genişləndirilməsi, dövlət idarəetməsinin və infrastrukturun yüksək səviyyədə rəqəmsallaşdırılması əsasında dayanıqlı, rəqabətqabiliyyətli inkişafın təmin edilməsi məqsədilə “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı” təsdiq edildi. Fəaliyyət Planına əsasən qarşıdakı üç il üçün rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosisteminin inkişafını təmin edən konkret Yol xəritəsi müəyyən olundu.
Prezident İlham Əliyev fevralın 27-də fərmana əsasən isə rəqəmsal inkişafın prioritet istiqamətlərinin müəyyənləşdirilməsi, həmçinin bu sahədə dövlət siyasətinin vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası təsis edildi. Bununla həm də ölkənin rəqəmsal suverenliyinin möhkəmləndirilməsi və innovasiya əsaslı iqtisadi modelə keçidin hüquqi və institusional bazasını formalaşdırıldı. Fərmana əsasən respublikamızın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rəqəmsal İnkişaf Şurasının sədri vəzifəsinə təsdiq edilməsi göstərdi ki, rəqəmsal inkişaf məsələləri ali səviyyədə xüsusi diqqət mərkəzində olacaq.
Rəqəmsal fəaliyyət planının praktik icrası istiqamətində növbəti mühüm addım iyunun 29-da atıldı. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi. İclasda Mehriban Əliyeva Rəqəmsal İnkişaf Şurasının vəzifə və məqsədləri barədə bildirib: «Şuranın əsas vəzifəsi müxtəlif dövlət qurumlarının fəaliyyətini əlaqələndirməkdən, vahid yanaşma formalaşdırmaqdan və qəbul edilən qərarların vaxtında və səmərəli həyata keçirilməsinin icra olunmasını təmin etməkdən ibarətdir. Bizim məqsədimiz yalnız yeni texnologiyaları tətbiq etmək deyil, eyni zamanda, ölkə iqtisadiyyatına güclü təkan verilməsi, yeni müasir innovasiya ekosisteminin formalaşdırılması, yerli və xarici investisiyaların ölkəyə cəlb olunması, yerli startaplara dəstək göstərilməsi və daha səmərəli dövlət idarəetmə sisteminin yaradılmasıdır».
Rəqəmsal İnkişaf Şurasının ilk iclasında “Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı”nın icra vəziyyəti və qarşıda duran vəzifələr geniş müzakirə edildi. Qarşıdakı üç ili əhatə edən bu yol xəritəsi rəqəmsallaşma, süni intellekt, innovasiya ekosistemi və kibertəhlükəsizlik istiqamətləri üzrə 58 spesifik təşəbbüsü özündə birləşdirir.
Süni intellekt sadəcə gələcəyin deyil, bu günün reallığı və müasir dövlət idarəçiliyinin əsas hərəkətverici qüvvəsidir. Süni intellekt əsaslı metodlar böyük həcmli dataların təhlili, qərarların operativ qəbulu, eləcə də səhiyyə, təhsil, nəqliyyat və kənd təsərrüfatı kimi sahələrdə səmərəliliyin artırılması üçün misilsiz imkanlar açır. Biznes mühitində isə bu texnologiyalar əməliyyat xərclərini azaldır və müştəri təcrübəsini tamamilə fərdiləşdirir.
Müasir dünyada dövlətlərin data mərkəzlərinin gücü və enerji imkanları onların qlobal təhlükəsizlik sistemindəki yerini müəyyən edir. Bu səbəbdən Azərbaycanda rəqəmsal transformasiya ilə paralel olaraq kibermüdafiə imkanlarının gücləndirilməsi, kritik informasiya infrastrukturunun etibarlı qorunması milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsi kimi prioritetləşdirilib.
Azərbaycan özünün əlverişli coğrafi mövqeyini rəqəmsal layihələrlə birləşdirərək üstünlüyə çevirməyi bacarır. Ölkəmizdə formalaşdırılmış müsbət investisiya mühiti, illər ərzində qlobal transmilli texnologiya şirkətləri ilə qazanılmış uğurlu iş təcrübəsi startap ekosisteminin inkişafı üçün möhkəm zəmin yaradır. Həyata keçirilən islahatların əsas fəlsəfəsi beynəlxalq təcrübənin ən qabaqcıl tərəflərini mənimsəməklə yanaşı, onları milli maraqlarla uzlaşdırmaqdır.
Azərbaycan rəqəmsallaşmanı dövlətin bütöv və uzunmüddətli inkişaf fəlsəfəsi kimi idarə edir. Qəbul edilən strateji proqramlar, Rəqəmsal İnkişaf Şurasının koordinasiyalı fəaliyyəti və innovasiya mühitinin gücləndirilməsi tək bir ali məqsədə - milli maraqlara söykənən, təhlükəsiz, dayanıqlı və güclü rəqəmsal Azərbaycan modelini qurmağa xidmət edir. Bu strateji kurs ölkəmizi gələcəyin rəqəmsal dünyasında regional güc mərkəzinə çevirir.
