Xəbərlər
Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır
Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin iyulun 1-də Azərbaycana işgüzar səfəri münasibətlərimizin təqdimatında əhəmiyyətli rol oynadı. Azərbaycan-Avropa İttifaqı əlaqələrində yeni mərhələ başlayır. Əvvəllər münasibətlər daha çox Avropanın enerji təhlükəsizliyi ətrafında qurulurdusa, bu gün onlar nəqliyyat, logistika, rəqəmsal infrastruktur, yaşıl enerji, regional təhlükəsizlik və iqtisadi əlaqə məsələlərini əhatə edən hərtərəfli strateji meyar qazanır. Azərbaycanla Avropa İttifaqı arasında siyasi dialoqun intensivliyi xüsusilə diqqətəlayiqdir. Cəmi bir neçə ay ərzində Aİ-nin üç əsas qurumunun nümayəndələri ardıcıl olaraq Bakıya səfər ediblər. Diplomatik praktikada belə ardıcıl səfərlərə nadir hallarda təsadüf olunur. Bu, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin fəal şəkildə inkişaf etdiyini və Brüsselin Bakını Cənubi Qafqazdakı uzunmüddətli strategiyasında əsas tərəfdaş kimi gördüyünü göstərir. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında bu mühüm məqama xüsusi diqqət yönəltdi. Belə ki, “Biz ötən ilin may və oktyabr aylarında Avropa Siyasi Birliyinin Zirvə görüşlərində iki dəfə görüşmüşük və ikitərəfli gündəliyimizi, həmçinin bir çox digər məsələləri geniş müzakirə etmişik.Yeri gəlmişkən, Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin çox mühüm mərhələsindəyik. Bu ilin martında biz Avropa İttifaqı Şurasının Prezidenti cənab Koştanı, sonra may ayında isə Avropa diplomatiyasının rəhbəri xanım Kallası qəbul etdik. Bu gün isə Avropa Komissiyasının Prezidenti bizimlədir” söyləyərək onu da qeyd etdi ki, əməkdaşlığımızı genişləndirmək və tərəfdaşlığımızı gücləndirmək məqsədilə hər iki tərəfin qarşılıqlı iradəsini əks etdirən münasibətlərimizdə görünməmiş dinamika müşahidə olunur. Biz Avropa Komissiyası ilə münasibətləri yüksək dəyərləndiririk. Bu gün xanım Prezident və nümayəndə heyətləri ilə birgə çox böyük təəssürat bağışlayan gündəliyi geniş şəkildə müzakirə etdik.
Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ticarətimizin 40 faizdən çoxu üzv dövlətlərlə aparılır və Azərbaycan Avropa İttifaqı üçün Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Cənubi Qafqazda ticarətin təxminən 70 faizi Azərbaycanla aparılır. Səfər çərçivəsində keçirilən görüşlərdə enerji sahəsində əməkdaşlıq geniş müzakirə edildi. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə dörd il əvvəlki səfəri önə çəkilərək əhəmiyyəti xüsusi vurğulandı. Həmin səfər zamanı enerji sahəsində Strateji Tərəfdaşlıq Haqqında Anlaşma Memorandumu imzalanmışdır. Cənab İlham Əliyev Avropa Komissiyasının Prezidenti ilə mətbuata bəyanatında vurğuladı ki, həmin vaxtdan etibarən Avropa İttifaqının üzv dövlətlərinə Azərbaycanın təbii qaz ixracı təxminən 65 faiz artmışdır. Bu gün qaz ixracımızın yarısı Avropa İttifaqının üzv dövlətlərinə gedir və bütövlükdə, Avropa İttifaqının 10 üzvü Azərbaycan qazını alır, bu coğrafiyanı genişləndirmək potensialı da mövcuddur.
Bu gün hər ölkə üçün enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir. Azərbaycan böyük dərəcədə siyasi səylər qoymuş, diplomatik fəaliyyət aparmış və həmçinin neftimizin, qazımızın nəqli üçün infrastrukturun qurulmasına maliyyə sərmayələri yatırmışdır. Cənub Qaz Dəhlizi ümumi fəaliyyətimizin mühüm nümunəsidir. Bu gün 3500 kilometrlik vahid boru kəməri sistemləri təbii qazın Azərbaycandan Avropaya nəqlində əsas arteriya hesab edilir.
Səfər çərçivəsində yeni energetika gündəliyi müzakirə edildi. Bərpaolunan enerji sahəsində əməkdaşlıq da az əhəmiyyət kəsb etmir. Bu yaxınlara qədər Azərbaycanla Avropa İttifaqı arasında enerji dialoqu demək olar ki, tamamilə təbii qaz ətrafında qurulmuşdu. Bu gün isə vəziyyət dəyişir. Avropa Komissiyası bərpaolunan mənbələrdən istehsal olunan elektrik enerjisinin ixracını nəzərdə tutan Yaşıl Enerji Dəhlizinin inkişafını vurğulayır. Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatında bildirdi ki, Cənub Qaz Dəhlizi həqiqətən Avropanın enerji təhlükəsizliyini gücləndirib və bu, heyrətamiz uğur hekayəsidir. Mən buna görə Sizə təşəkkürümü ifadə etmək istəyirəm. İndi biz növbəti səhifəni hazırlayırıq. Azərbaycan gələcəyin enerjisinə sərmayə yatırır. Xəzər dənizində külək enerjisini istehsal etmək kimi planlarınız var. Sizin təmiz elektrik enerjisi qovşağına çevrilmək üçün həm planınız, həm potensialınız var. Bu da Avropa İttifaqının özünün təmiz enerjiyə keçid prosesi ilə tamamilə uzlaşır. Beləliklə biz bərpaolunan enerji mənbələri, elektrik enerjisinin qarşılıqlı nəqli və regional enerji şəbəkələri kimi sahələrdə əməkdaşlığımızı dərinləşdirmək üçün nəhəng potensialı görürük. Azərbaycanı Avropa İttifaqı ilə birləşdirən “Yaşıl Enerji Dəhlizi”ni qurmaq üçün planlarınızı alqışlayırıq. Bərpaolunan enerji mənbələrinin daha çox istehsalı ixrac üçün daha artıq qaza qənaət edə və qonşularla bölüşərək regional enerji təhlükəsizliyini gücləndirə bilər. Biz Sizin Ermənistana gedən elektrik enerjisi kabeli ilə bağlı təklifinizi çox alqışlayırıq. Bu, çox maraqlı məqamdır. Beləliklə mənim təsvir etdiklərim əsasən odur ki, bərpaolunan enerji mənbələri iqtisadiyyatlarımızın gələcəyini irəli aparır. Burada - Cənubi Qafqazda bu proseslər, həmçinin sülhün irəli aparılmasına kömək edə bilər.
Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycan artıq yalnız enerji təchizatçısı kimi qəbul edilmir. O, Avropa ilə Asiya arasında iqtisadi, enerji və nəqliyyat əlaqələrinin inkişafında körpü rolunu daha da möhkəmləndirir.
