YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramları: Regional Turizmin İnkişaf Perspektivləri”

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatında “Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramları: Regional Turizmin İnkişaf Perspektivləri” mövzusunda gənclərlə görüş keçirilib.

Tədbirdən öncə YAP Yasamal rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər gül dəstələri düzülərək əziz xatirəsi dərin ehtiramla yad edilib.

Daha sonra Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları” ölkənin bütün bölgələrində genişmiqyaslı inkişaf prosesinə təkan verib. O vurğulayıb ki, proqramların icrası nəticəsində regionlarda müasir infrastruktur yaradılıb, yeni iş yerləri açılıb, əhalinin rifah halı yüksəlib və iqtisadi potensial əhəmiyyətli dərəcədə güclənib.

Bəxtiyar Nəbiyev qeyd edib ki, dövlət proqramlarının prioritet istiqamətlərindən biri də regionların turizm potensialının səmərəli şəkildə qiymətləndirilməsi, əlverişli investisiya mühitinin formalaşdırılması və turizm sektorunun dayanıqlı inkişafının təmin edilməsidir. O, gənclərin dövlət siyasətinin həyata keçirilməsində, xüsusilə regional turizmin inkişafında fəal iştirakının vacibliyini vurğulayaraq, onları mövcud imkanlardan səmərəli istifadə etməyə çağırıb.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov ölkəmizin zəngin təbii, tarixi və mədəni irsinin regional turizmin inkişafı üçün geniş imkanlar yaratdığını diqqətə çatdırıb. O bildirib ki, son illər regionlarda müasir turizm infrastrukturunun qurulması, yeni turizm marşrutlarının yaradılması, ekoturizm, kənd turizmi və digər alternativ turizm növlərinin inkişafı istiqamətində mühüm işlər görülüb.

Deputat qeyd edib ki, regional turizmin inkişafı iqtisadi artıma, məşğulluğun yüksəlməsinə, kiçik və orta sahibkarlığın genişlənməsinə, eləcə də regionların sosial rifahının yaxşılaşmasına mühüm töhfə verir. O, gəncləri turizm sektorunda fəallıq göstərməyə, innovativ təşəbbüslərlə çıxış etməyə və dövlətin təqdim etdiyi dəstək mexanizmlərindən faydalanmağa çağırıb.

Görüş interaktiv formatda davam edib.