Xəbərlər
Ağdaşda partiya fəalları ilə görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Ağdaş rayon təşkilatının Korarx kənd ərazi partiya təşkilatında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Ulu Öndər Heydər Əliyevin ilk hakimiyyəti dövründə həyata keçirilən şəhərsalma və sənayeləşdirmə siyasəti” mövzusunda tədbir keçirilib.
Tədbirdə Şəkili, Qolqəti, Pirkəkə və Korarx kəndlərindən olan partiya fəalları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ağdaş Rayon İcra Hakimiyyəti başçısının Korarx kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Anar Xəlilov bildirib ki, Ulu Öndər Heydər Əliyevin 14 iyul 1969-cu ildə ilk dəfə Azərbaycana rəhbər seçilməsindən sonra ölkənin ictimai-siyasi, iqtisadi və sosial həyatında mühüm dönüş yaradan genişmiqyaslı islahatlar həyata keçirilib. O, həmin dövrdə əsası qoyulan inkişaf strategiyasının Azərbaycanın bugünkü tərəqqisinin təməlini təşkil etdiyini vurğulayıb.
YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov çıxışında Ulu Öndər Heydər Əliyevin ilk hakimiyyəti illərində həyata keçirilən şəhərsalma və sənayeləşdirmə siyasətindən ətraflı bəhs edib. O qeyd edib ki, 1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlişi respublikanın iqtisadi və sosial inkişafında yeni mərhələnin başlanğıcı olub. Əlişah Rəcəbov bildirib ki, 1969-1982-ci illəri əhatə edən dövr ölkənin sənaye potensialının gücləndirilməsi, şəhərsalma sahəsində mühüm layihələrin həyata keçirilməsi və gələcək dövlət müstəqilliyinin iqtisadi əsaslarının formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Tədbirdə çıxış edən partiya fəalları Ülviyyə Kərimova, Aysel Cəfərova və Nurlan Həmidov vurğulayıblar ki, Azərbaycanın hərtərəfli inkişafı Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun nəticəsidir. Qeyd olunub ki, Prezident İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirilməsi sayəsində ölkəmiz davamlı inkişaf yolunda inamla irəliləyir, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Bildirilib ki, ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etmiş Azərbaycanın dayanıqlı inkişafı bundan sonra da ardıcıl şəkildə təmin ediləcək.
