Xəbərlər
Laçın Şəhəri Günü: Zəfər, qayıdış və quruculuq
“1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılıb və şəhər statusu alıb. Laçın rayonuna isə 1930-cu ildə inzibati ərazi vahidi statusu verilib. 1930-cu il avqustun 8-də təşkil edilən Laçın rayonunun mərkəzi Laçın şəhəridir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayon 1 şəhər, 1 qəsəbə, 125 kənddən ibarətdir. Ümumi sahəsi 1835 kvadrat kilometri olan Laçın rayonu 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir. Böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Erməni təcavüzü nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə erməni vandalizminə məruz qalıb.” Bu fikirləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib.
O qeyd edib ki, 90-cı illərin əvvəllində Laçının ermənilərə təhvil verilməsinin arxasında məkirli siyasi niyyətlər dayanmışdı: “O vaxt hakimiyyətə can atan AXC-Müsavat cütlüyü bu məqsədlərinə çatmaq üçün istənilən çirkin yollara əl atırdı. Həmin dövr Şuşa, Laçını demək olar ki, düşmənə təhvil verildi. Hakimiyyətə can atmış və hakimiyyəti zəbt etmiş o qüvvələrin xəyanəti nəticəsində 1993-cü ilin aprel ayında Kəlbəcər işğal altına düşdü. Laçının işğala məruz qalması laçınlılar və bütöv Azərbaycan xalqı üçün böyük faciə idi. Ermənistan tərəfindən Laçının işğalı strateji nöqteyi-nəzərdən məkirli planın bir hissəsi olub. Çünki bununla Ermənistanla keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti” arasında coğrafi əlaqə yaradılırdı. Əslində Azərbaycanın sonrakı itkiləri məhz Şuşa və Laçının itirilməsi başlamışdı. İşğal dövründə rəsmi İrəvan Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olub”. Deputat bildirib ki, tarixi ədalətin təntənəsi olaraq 2020-ci ilin 44 günlük Vətən müharibəsində əldə edilən qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi: “2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Sözsüz ki, Laçının azad edilməsi böyük qürur və Azərbaycan oğullarının sücaətinin nəticəsi idi. Məhz Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Laçının azad olunmasına görə” medalı ilə təltif olunması bunun bariz nümunəsidir. Artıq öz azadlığına qovuşan Laçın rayonu yeni inkişaf dövrünü yaşayır. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Qarabağ və Şərqi Zəngəzur cənnətə çevrilir. Ölkəmizin başçısı vurğulayıb ki, Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurların göstəricisidir. Prezident İlham Əliyev tərəfindən 26 avqust - Laçın şəhəri gününün təsis edilməsi azadlığın təbliği və onun qorunması, bu tarixi günlərin əzəmətinin dərk edilməsi baxımından olduqca önəmlidir. Bu gün işğaldan azad olunmuş ərazilərdə, görülən zəruri işlərlə yanaşı Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaq vacib layihələrdən biridir.
Bu gün isə Laçın tamam fərqli mənzərə yaradır. Laçın bu gün Azərbaycanın gücünün, quruculuq iradəsinin və Böyük Qayıdış siyasətinin simvoluna çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Laçında genişmiqyaslı bərpa və quruculuq layihələri həyata keçirilir. Şəhər müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulur, yeni yaşayış məhəllələri, məktəblər, səhiyyə və mədəniyyət müəssisələri, turizm obyektləri və ictimai məkanlar yaradılır.
Xüsusilə qeyd etmək lazımdır ki, Laçının inkişafı yalnız tikinti ilə məhdudlaşmır. Burada dayanıqlı iqtisadi inkişaf üçün müasir istehsal və xidmət infrastrukturu formalaşdırılır. Laçın Aqro-Sənaye Parkında müxtəlif sənaye və emal müəssisələrinin yaradılması, mebel, tekstil, ayaqqabı istehsalı, balıqçılıq və digər sahələrin inkişaf etdirilməsi yeni iş yerlərinin açılmasına və yerli sakinlərin məşğulluğunun təmin edilməsinə xidmət edir.
Laçının gələcək inkişafında yaşıl enerji xüsusi əhəmiyyət daşıyır. Rayonda su elektrik stansiyalarının yaradılması və istismara verilməsi nəticəsində Laçının elektrik tələbatının tamamilə yaşıl enerji hesabına qarşılanması artıq reallığa çevrilib. 2026-cı ilin iyulunda “Ağbulaq-1”, “Ağbulaq-2” və “Şeylanlı” su elektrik stansiyalarının istifadəyə verilməsi bu istiqamətdə növbəti mühüm addım oldu. Hazırda rayonda yeni SES layihələrinin də həyata keçirilməsi Laçının uzunmüddətli perspektivdə də yaşıl enerji ilə təmin olunmasına imkan verəcək. Bu siyasət Laçının yalnız Azərbaycanın deyil, regionun yaşıl enerji məkanlarından birinə çevrilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.
2026-cı il iyulun 11-də “Həkəriçay” su anbarının təməlinin qoyulması isə Laçının və bütövlükdə Qarabağ və Şərqi Zəngəzurun gələcək inkişafı baxımından strateji əhəmiyyətli hadisədir. Layihənin həyata keçirilməsi ilə geniş ərazinin içməli su təminatının yaxşılaşdırılması, kənd təsərrüfatının inkişafı və əlavə enerji potensialının yaradılması mümkün olacaq.
Laçının nəqliyyat imkanları da sürətlə genişlənir. Kəlbəcər-Laçın avtomobil yolunun tikintisi, yeni yol infrastrukturu və Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi şəhərin ölkənin digər bölgələri ilə əlaqələrini daha da gücləndirib. 2025-ci il mayın 28-də istifadəyə verilən Laçın Beynəlxalq Hava Limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən hava limanı olmaqla yanaşı, regionun turizm və logistika imkanlarının inkişafına da mühüm töhfə verir.
Laçının dirçəlişinin ən mühüm göstəricisi isə insanların doğma torpaqlarına qayıdışıdır. 2023-cü il mayın 28-dən başlayan Böyük Qayıdış çərçivəsində artıq Laçın şəhərinə, Zabux, Sus və Bəylik kəndlərinə yüzlərlə ailənin köçürülməsi təmin edilib. 2026-cı ilin iyul ayına olan göstəricilərə əsasən, Laçın şəhərində 614 ailə – 2264 nəfər, Zabux kəndində 217 ailə – 823 nəfər, Sus kəndində 59 ailə – 215 nəfər, Bəylik kəndində isə 89 ailə – 363 nəfər daimi məskunlaşıb. Bu rəqəmlərin arxasında əslində böyük bir tarixi qayıdış dayanır. 31 ildən sonra Laçınlılar öz doğma evlərinə qayıdır, burada övladlarını böyüdür, yeni həyat qururlar. Laçın küçələrində uşaqların səsinin eşidilməsi, məktəblərin fəaliyyət göstərməsi, yeni iş yerlərinin açılması Böyük Qayıdışın ən real və ən təsirli nəticəsidir.
Laçının gələcək inkişafı artıq uzunmüddətli strateji planlar əsasında həyata keçirilir. “Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Plan”ı şəhərin müasir, rahat və ekoloji baxımdan dayanıqlı yaşayış məkanına çevrilməsini nəzərdə tutur. Burada təhsil, səhiyyə, mədəniyyət və turizm infrastrukturu ilə yanaşı, müasir yaşayış məhəllələri və ictimai məkanlar yaradılacaq. Laçının artan mədəni və beynəlxalq əhəmiyyəti də xüsusi qeyd olunmalıdır. Şəhərin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsi Azərbaycanın azad edilmiş ərazilərində mədəni həyatın bərpasının və Laçının beynəlxalq miqyasda tanıdılmasının mühüm göstəricisi oldu.
Bu gün Laçında görülən işlər bir daha göstərir ki, Azərbaycan yalnız ərazilərini işğaldan azad etməyib, həmin torpaqlarda yeni və müasir həyat qurur. Laçın bunun ən parlaq nümunələrindən biridir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Qarabağ və Şərqi Zəngəzur cənnətə çevrilir. Laçının müasir siması da Azərbaycanın əldə etdiyi uğurların əyani göstəricisidir.
