Xəbərlər
Şanlı Qələbə, abadlıq və yenidənqurmanın vəhdəti
Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri
26 avqust Azərbaycan xalqının yaddaşına tarixi Zəfərin və milli qürurun mühüm səhifələrindən biri kimi həkk olunub. Bu tarix 2022-ci il avqustun 26-da Laçın şəhərinin, eləcə də Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarətinə keçməsi ilə xüsusi əhəmiyyət qazandı. Məhz bu səbəbdən Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə hər il 26 avqust Laçın Şəhəri Günü kimi təsis edilib.
Laçın Şəhəri Günü sadəcə təqvimdə qeyd olunan əlamətdar tarix deyil. Bu gün Azərbaycan xalqının uzun illər davam edən yurd həsrətinin sona çatmasının, tarixi torpaqlarımıza qayıdışımızın, dövlətimizin gücünün və milli iradəmizin təntənəsini ifadə edir.
Laçın Azərbaycanın qədim və zəngin tarixə malik bölgələrindən biridir. Əlverişli coğrafi mövqeyi, dağlıq relyefi, zəngin təbiəti və strateji əhəmiyyəti bu ərazini tarix boyu xüsusi əhəmiyyətli məkanlardan birinə çevirib. 1992-ci il mayın 18-də Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması Azərbaycanın ərazi bütövlüyünə qarşı həyata keçirilmiş işğal siyasətinin ağır nəticələrindən biri idi. İşğal nəticəsində Laçın şəhəri və rayonun kəndləri dağıntılara məruz qaldı, rayonun əhalisi öz doğma yurdlarından didərgin düşdü. On minlərlə laçınlının uzun illər ərzində doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşaması Azərbaycan xalqının yaddaşında Laçını yalnız coğrafi məkan deyil, həm də Vətən həsrətinin simvolu kimi yaşatdı.
2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixində yeni bir dövrün başlanğıcını qoydu. Azərbaycan Ordusunun döyüş meydanında qazandığı parlaq Qələbə nəticəsində işğal altında olan ərazilərimizin böyük hissəsi azad edildi. Müharibənin nəticəsi olaraq 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən üçtərəfli bəyanat imzalandı. Bəyanatın 6-cı bəndinə əsasən, Ermənistan Laçın rayonunu 2020-ci il dekabrın 1-dək Azərbaycana qaytarmalı idi. 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarıldı. Azərbaycan Prezidenti İlham Əliyev həmin gün xalqa müraciətində Laçının Azərbaycana qaytarılmasını tarixi hadisə kimi qiymətləndirmişdi. Lakin həmin mərhələdə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətində deyildi. Üçtərəfli bəyanatda nəzərdə tutulan Laçın dəhlizi ilə bağlı xüsusi rejim mövcud idi. Bəyanata əsasən, yeni marşrutun inşası nəzərdə tutulurdu.
Azərbaycan üçün 26 avqust tarixini xüsusi edən əsas hadisə 2022-ci ildə baş verdi.Azərbaycan dövləti qısa müddətdə yeni Laçın yolunun inşasını həyata keçirdi. Bunun ardınca 2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçdi. Bu hadisə 44 günlük müharibədən sonra Azərbaycanın ardıcıl və məqsədyönlü siyasətinin mühüm nəticələrindən biri oldu. Laçının şəhər hissəsinə nəzarətin bərpa edilməsi ilə Azərbaycan öz ərazi bütövlüyünün təmin olunması istiqamətində növbəti mühüm addımı atdı. 26 avqust həm də ona görə əlamətdardır ki, bu tarix Laçının yenidən Azərbaycan bayrağı altında inkişafının başlanğıcı oldu.
26 avqust – Laçın Şəhəri Günü Azərbaycan xalqının yaddaşında Zəfər, qayıdış, dirçəliş və ümid günü kimi yaşayacaq. Tarixən ağır sınaqlardan keçmiş bir xalq öz milli iradəsini qoruduğu, dövlətinə və ordusuna güvəndiyi zaman ən böyük arzularını belə gerçəkləşdirə bilər. Laçının azadlığı bir şəhərin azadlığı olmaqla yanaşı, illərlə doğma yurd həsrəti ilə yaşayan insanların arzularının gerçəkləşməsi idi. Bu gün Laçının küçələrində yeni həyatın canlanması, insanların doğma torpaqlarına qayıtması və şəhərin yenidən qurulması həmin Zəfərin davamıdır.
