YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının yaratdığı reallıqlar

“Tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının yaratdığı reallıqlar əsasında azad Qarabağda və azad Şərqi Zəngəzurda bərpa-quruculuq işləri uğurla davam edir. Genişmiqyaslı bərpa-quruculuq işləri soydaşlarımızın mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdışları ilə müşayiət olunur. Bu günə qədər 10 şəhərin, onlarla kənd və qəsəbənin sakinlərinə qovuşması Böyük Qayıdış Proqramının uğurlu icrasının təqdimatıdır. Dövlətimizin başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə hər bir səfəri Böyük Qayıdış Proqramı çərçivəsində görülən işlərin aydın təsəvvürünü yaradır. Bu baxımdan Prezident İlham Əliyevin  iyulun 11-də Qarabağa və Şərqi Zəngəzura səfəri zamanı Laçında “Həkəriçay” su anbarının təməlinin qoyulmasını, Hoçaz çayının üzərində yerləşən 14,7 meqavatlıq “Ağbulaq-1”, 14,25 meqavatlıq “Ağbulaq-2” və 4 meqavatlıq “Şeylanlı” su elektrik stansiyalarının onlayn formatda, Şuşada tarix-memarlıq abidəsi olan “Sadıqcanın evi”nin bərpadan sonra və “Xankəndi” hotelinin açılışını, Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə, Heydər Əliyev Fondu tərəfindən bərpa edilmiş “Yasəmən” hotelinin yeni korpusları ilə tanışlığı qeyd etsək bir səfərin timsalında ümumilikdə bu gündək görülən işlərin aydın mənzərəsini görərik. Dövlətimizin başçısı, eyni zamanda, Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış oldu və kəndə qayıdan sakinlərlə görüşdü. Cənab İlham Əliyevin Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşü də diqqətdə oldu. Böyük Qayıdış Proqramının birinci mərhələsi üçün nəzərdə tutulan hədəflərin reallığa çevrildiyi göz qabağındadır”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkili qeyd edib ki, Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində  tarixi Zəfərindən dərhal sonra bərpa-quruculuq işlərinə başlamaqla dünya hərb tarixində ilkə imza atdı və hazırda azad edilmiş ərazilərimizdə görülən işlər ölkəmizin müasir şəhərsalma təcrübəsinin dünyaya təqdimatında əhəmiyyətli rol oynayır: “Ağdam, Zəngilan və Xankəndi şəhərlərində keçirilən  Azərbaycan Milli Şəhərsalma Forumları bu il ölkəmizin  Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına ev sahibliyində əhəmiyyətli rol oynadı. Qeyd etdiyimiz şəhərlər hazırda sakinlərinə qovuşub, sevincli günlərini yaşayır. Onların sırasında Füzuli, Laçın, Kəlbəcər, Cəbrayıl, Şuşa, Xocalı, Xocavənd şəhərləri də var. Təbii ki, bu son deyil. Dövlətimizin başçısı İlham Əliyevin Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşündə qeyd etdiyi kimi, Böyük Qayıdış Proqramı uğurla icra edilir. Demək olar ki, hər həftə olmasa da, hər ay bir qrup keçmiş köçkün öz doğma torpağına qayıdır, yerləşir, dövlət tərəfindən belə gözəl evlərlə təmin edilir. Dövlətimizin başçısı İlham Əliyev bu reallığı da xüsusi vurğuladı ki, son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır. Biz bütün dünyaya göstərdik ki, böyük xalqıq, öz dədə-baba ənənələrimizə sadiqik. Baxmayaraq ki, uzun illər torpaqlarımız işğal altında idi, insanlarımızın böyük hissəsi qaçqın-köçkün şəraitində yaşayırdı, ancaq bizim iradəmiz sınmadı. İnanırdıq və nəinki inanırdıq, bilirdik ki, gün gələcək və biz bu torpaqlara torpaqların sahibləri kimi qayıdacağıq”.

Malik Həsənov bildirib ki, cənab İlham Əliyevin hər bir çıxışı tarixi Zəfərimizə gedən yolun, postmünaqişə dövrünün reallıqlarının təqdimatıdır: “Dövlətimizin başçısı sakinlərlə görüşündə bir daha bu çağırışı etdi ki, son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmamışdır. Bu gün artıq şanlı Zəfərimizdən təxminən 6 il keçir. Ermənistan dövləti torpaqlarımızı talan edib, viran qoyub. Biz isə qurub-yaradırıq, şəhərlər, kəndlər dirçəlir. Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və bu gözəl inkişafı görəndə ürəyim sevinir. Bu torpaqların sahibləri bizik, bütün dünya bunu artıq nəinki bilir, hətta qəbul edir. Bəziləri istəməsələr belə, bunu qəbul etməyə məcburdurlar, çünki biz öz həqiqətlərimizi onlara qəbul etdirmişik.

Hazırda  azad edilmiş ərazilərdə 90 mindən çox insan yaşayır, çalışır, təhsil alır və hər ay onların sayı artır. Hədəf Böyük Qayıdış Proqramının  birinci mərhələsinin icrası başa çatanadək 140 min keçmiş məcburi köçkünün dogma yurd-yuvasına qayıdışını təmin etməkdir”.

Millət vəkili vurğulayıb ki, dövlətimizin başçısının çıxışlarında, həmçinin dogma yurd-yuvasına qayıdan soydaşlarımızla görüşlərində səsləndirdiyi çağırışların hər biri dünənimizə, bu günümüzə baxış, onların əsasında qarşıdakı dövrün hədəflərinin təqdimatıdır: “Bu baxımdan cənab İlham Əliyevin Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə qayıdan sakinlərlə görüşü də mühüm çağırışları ilə diqqətdə oldu. “Artıq köçkün həyatı keçmişdə qaldı, indi doğma Qarabağ torpağında qürurla, fəxarətlə yaşayacaqsınız, quracaqsınız, böyüklərə, ağsaqqallara, ağbirçəklərə yaxşı baxacaqsınız. Uşaqlara yaxşı baxacaqsınız” söyləyən cənab İlham Əliyev bildirdi ki, yaxın keçmişdə xalqımız kimi birlik nümayiş etdirən ikinci xalq olmayıb. Qələbəmizin əsas səbəbi də budur. Yumruq həm də birliyin, gücün rəmzidir. Hər ikisini də biz nümayiş etdirdik”.

Malik Həsənov tarixi Zəfərimizdən ötən altı ilə yaxın dövrün reallıqları fonunda böyük qürur hissi ilə qeyd edib ki, Azərbaycanın bərpa, sülh quruculuğu təcrübəsi  beynəlxalq iqtimaiyyət tərəfindən yüksək dəyərləndirilir. Hər zaman ədalətin, beynəlxalq hüququn yanında olan, atdığı hər bir addımında bu prinsipləri öndə saxlayan Azərbaycanın hazırda azad Qarabağda və azad Şərqi Zəngəzurda  gördüyü  işlər öz növbəsində dünyaya bu mesajı ünvanlayır ki, ədalət  gec-tez  öz yerini tutur. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, sadəcə olaraq, iradə, güc, birlik lazımdır. Xalqımız bütün bu ülvi xüsusiyyətlərini nümayiş etdirdi.

DİGƏR Xəbərlər Arxiv