Xəbərlər
14 iyul 1969-cu il: Azərbaycanın inkişaf mərhələsinin başlanğıcı
“İyulun 14-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda ilk dəfə hakimiyyətə gəlişinin 57 ili tamam olur. Heydər Əliyevin 1969-cu il iyulun 14-də respublikamızda siyasi hakimiyyətə gəlişi Azərbaycanın həyatında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilməlidir. Çünki məhz bu tarixdən etibarən Azərbaycan tənəzzüldən milli inkişaf və intibah yoluna qədəm qoydu. O dövrdə istər sosial-iqtisadi, mənəvi-psixoloji tənəzzül yaşayan Azərbaycan ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə hər bir sahədə dirçəldi, eləcə də mənəvi-psixoloji mühit sağlamlaşdı, milli şüurda oyanış baş verdi. Bununla da Azərbaycanın müstəqilliyinin gerçək təməlləri atıldı”. Bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə xalqımızın arzusunda olduğu niyyətlər gerçəyə çevrilib, Azərbaycan müstəqilliyə qovuşub. “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır”, - deyən xalqımızın böyük oğlu Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını, milli dövlətçiliyin konsepsiyasını yaradıb.
Millət vəkilinin sözlərinə görə, azərbaycançılıq məfkurəsinin müəllifi kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Hələ Sovet dönəmində Heydər Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın gələcək müstəqilliyinə hesablanmışdı. Vətənpərvər ziyalılarımızın, yaradıcı insanların Sovet repressiyasından qorunması, milli tariximizin dərindən öyrənilməsi və bu istiqamətdə ciddi əsərlərin yaradılması, minlərlə azərbaycanlı gəncin ali təhsil almaq üçün keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərilməsi, milli hərbi kadrların yetişdirilməsi, təhlükəsizlik orqanlarının milliləşdirilməsi və s. addımlar məhz buna xidmət edirdi. Nəticə etibarı ilə Azərbaycan öz müstəqilliyini bərpa etdi və 1993-cü ilin iyun ayında hakimiyyətə qayıdan Ulu Öndər müstəqil dövlətimizin sarsılmaz təməllərini atdı və Azərbaycan ötən dövr ərzində bu təməllər üzərində inkişaf edərək bugünkü qüdrətli səviyyəyə yüksəlib.
Məhz Ümummilli Lider Heydər Əliyevin siyasi kursu sayəsində Azərbaycan geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynayıb və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib. Ulu Öndər Heydər Əliyev dövlət başçısı və siyasi xadim kimi beynəlxalq vəziyyəti düzgün təhlil edərək, Azərbaycan dövlətinin müstəqilliyinin qorunması və inkişafı yolunda müstəqil siyasət apararaq xalqı öz ətrafında birləşdirməyi bacarıb. Heydər Əliyevin siyasi kursu məhz bu prinsiplər əsasında həyata keçirilirdi. O, Azərbaycan xalqının hər bir nümayəndəsinin rahat, azad və əmin-amanlıq şəraitində yaşaması üçün səyini əsirgəmir, bu istiqamətdə iqtisadi-siyasi, sosial-mədəni dövlət siyasətini həyata keçirirdi. Gündən-günə iqtisadi qüdrətini artıran, dünya gücləri qarşısında qamətini qürurla dik tutmağı bacaran gənc bir dövlətin qurucusu və lideri Heydər Əliyevin sonrakı dövrlərdə həyata keçirtdiyi bütün islahatların kökündə də məhz bir amal, bir məqsəd dayanırdı. Bu da hər bir azərbaycanlının müstəqil, sağlam və rahat yaşayışını təmin etməkdən ibarət idi.
S.Fətəliyeva qeyd edib ki, dünyada söz sahibi olan ölkələrin Azərbaycanla qarşılıqlı müqavilələr bağlamaları, Azərbaycanın həyata keçirdiyi irimiqyaslı layihələrdə iştirak etmək istəmələri təkcə durmadan inkişaf edən bir ölkənin artan nüfuzu və iqtisadi imkanları deyildi, həm də rifah halı yüksələn, yaşayış şəraiti yaxşılaşan Azərbaycan vətəndaşlarının həyata keçirilən bu proseslərdə birbaşa tərəf kimi iştirak etmək hüquqlarının var olması idi. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması isə Heydər Əliyevin dövlətimiz üçün ən böyük xidmətlərindən bir oldu.
Deputat diqqətə çatdırıb ki, müstəqil dövlət quruculuğu prosesində ölkənin xarici siyasət kursu da əsas amillərdən biri idi. Belə ki, Heydər Əliyev mürəkkəb qlobal və regional vəziyyətin mövcudluğu bir şəraitdə müstəqil Azərbaycanın milli maraqlarımıza əsaslanan xarici siyasət kursu müəyyənləşdirdi. Bu, Azərbaycan dövlətçiliyi üçün tarixi töhfə idi. Ulu öndərimiz bütün fəaliyyəti boyu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində mühüm addımlar atdı, qəbul olunan beynəlxalq sənədlərdə ölkəmizin ərazi bütövlüyü dəstəklənirdi. Ölkəmiz diplomatik cəbhədə işğalçı Ermənistanı küncə sıxışdırdı. 44 günlük Vətən müharibəsində Azərbaycanın öz torpaqlarını işğal etməsində həmin sənədlər də hüquqi baza rolunu oynadı.
“Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Azərbaycan Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib. Qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirir. Əminliklə demək olar ki, bu gün ölkəmiz dünya birliyinin tam bərabərhüquqlu üzvüdür, söz sahibi olan dövlətdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində dövlətimiz parlaq qələbə qazanmaqla Cənubi Qafqazda yeni reallıqlar yaradıb. Artıq bütün dünya öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycanın yaratdığı bu reallıqları qəbul edir. Qazanılan şanlı zəfər dövlətimizin qarşısında yeni üfüqlər, perspektivlər açır. Beləliklə, Azərbaycanı qarşıda da yeni-yeni zəfərlər gözləyir. Bu nailiyyətlərin əsasında isə Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət dayanır”, - deyə Sevinc Fətəliyeva vurğulayıb.
