Xəbərlər
Müasir Azərbaycan dövlətçiliyində milli intibahın başlanğıcı
Siyavuş Novruzov
Milli Məclisin Regional məsələlər komitəsinin sədri
Azərbaycanın müasir dövlətçilik tarixində xalqımızın taleyini və gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm dönüş nöqtələri vardır. Həmin tarixi mərhələlərdən biri də 1969-cu il iyulun 14-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsidir. Bu tarix yalnız rəhbər dəyişikliyi ilə məhdudlaşmayan, Azərbaycanın sosial-iqtisadi, elmi, mədəni və milli inkişafında tamamilə yeni mərhələnin başlanğıcı kimi tarixə düşmüşdür.
Müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti xalqına və dövlətinə sədaqətli xidmət nümunəsi olmaqla yanaşı, milli dövlətçilik salnaməsinin ən şərəfli səhifələrini təşkil edir. Onun uzaqgörən siyasəti, yüksək idarəçilik bacarığı və milli maraqlara söykənən fəaliyyəti nəticəsində Azərbaycan hələ sovet dövründə gələcək müstəqilliyin siyasi, iqtisadi və mənəvi əsaslarını formalaşdırmağa nail olmuşdur.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 13 il ərzində Azərbaycan Sovet İttifaqı çərçivəsində ən inkişaf etmiş və qabaqcıl respublikaya çevrilmişdir." Bu qiymətləndirmə 1969-1982-ci illərdə həyata keçirilən genişmiqyaslı islahatların və məqsədyönlü inkişaf strategiyasının mahiyyətini dolğun şəkildə ifadə edir.
1969-cu ilədək keçmiş SSRİ-nin iqtisadi baxımdan geridə qalan respublikalarından biri hesab edilən Azərbaycan qısa müddət ərzində dinamik inkişaf edən sənaye və aqrar mərkəzlərdən birinə çevrildi. Ümummilli Lider respublikanın iqtisadi potensialının gücləndirilməsini əsas prioritet kimi müəyyənləşdirdi. Neft sənayesinin müasir tələblər əsasında inkişaf etdirilməsi, maşınqayırma, kimya, metallurgiya, energetika, elektronika və digər sahələrdə yeni müəssisələrin yaradılması ölkənin sənaye imkanlarını əhəmiyyətli dərəcədə genişləndirdi. Respublikada həyata keçirilən iri tikinti-quruculuq layihələri, müasir infrastrukturun formalaşdırılması və şəhərsalma siyasəti Azərbaycanın iqtisadi inkişafına yeni dinamika qazandırdı.
Heydər Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatının inkişafına da xüsusi diqqət yetirildi. Meliorasiya və suvarma sistemlərinin genişləndirilməsi, kənd təsərrüfatında yeni texnologiyaların tətbiqi, pambıqçılıq, üzümçülük, taxılçılıq və digər ənənəvi sahələrin inkişafı regionların sosial-iqtisadi yüksəlişinə ciddi töhfə verdi. Bunun nəticəsində əhalinin məşğulluğu artdı, insanların rifah halı yaxşılaşdı və regionların inkişafında mühüm irəliləyişlər əldə olundu.
Milli inkişaf strategiyasının mühüm istiqamətlərindən biri insan kapitalının formalaşdırılması idi. Ümummilli Lider yüksək ixtisaslı milli kadrların hazırlanmasını dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirmişdi. Minlərlə azərbaycanlı gəncin keçmiş SSRİ-nin ən nüfuzlu ali təhsil müəssisələrinə göndərilməsi gələcək dövlət idarəçiliyinin, elm, sənaye və digər strateji sahələrin peşəkar mütəxəssislərlə təmin olunmasına xidmət edirdi. Həmin dövrdə təxminən 18 min azərbaycanlı gəncin ittifaqın qabaqcıl ali məktəblərində təhsil alması Azərbaycanın gələcək inkişafı üçün güclü intellektual potensial yaratdı.
Milli hərbi kadrların hazırlanması istiqamətində görülən işlər isə xüsusi strateji əhəmiyyət daşıyırdı. 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması Azərbaycan tarixində mühüm hadisə oldu. Bundan əlavə, azərbaycanlı gənclərin SSRİ-nin müxtəlif ali hərbi məktəblərinə qəbuluna yaradılan imkanlar milli zabit korpusunun formalaşmasına şərait yaratdı. Sonrakı dövrlərdə məhz həmin məktəblərin yetirmələri Birinci Qarabağ müharibəsində, 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 44 günlük Vətən müharibəsində və antiterror tədbirlərində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması uğrunda böyük qəhrəmanlıq nümayiş etdirdilər.
Heydər Əliyevin milli-mənəvi dəyərlərin qorunmasına yönəlmiş siyasəti də dövlətçilik tariximizdə mühüm yer tutur. 1978-ci ildə onun prinsipial mövqeyi nəticəsində Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi milli kimliyin qorunması baxımından tarixi hadisə idi. Sovet ideoloji sisteminin sərt çərçivələri daxilində belə bir qərarın qəbul etdirilməsi böyük siyasi iradə və milli məsuliyyət tələb edirdi. Bu addım ana dilimizin inkişafına, milli özünüdərkin güclənməsinə və azərbaycançılıq ideologiyasının möhkəmlənməsinə mühüm töhfə verdi.
Ümummilli Liderin təşəbbüsü ilə elm, təhsil və mədəniyyət sahələrində də əsaslı islahatlar həyata keçirildi. Yeni ali təhsil müəssisələrinin, elmi-tədqiqat institutlarının yaradılması, mədəniyyət ocaqlarının genişləndirilməsi, tariximizin, milli irsimizin və ədəbiyyatımızın qorunmasına göstərilən dövlət qayğısı milli-mədəni intibahın əsas istiqamətlərindən birinə çevrildi. Azərbaycanın görkəmli elm, ədəbiyyat və incəsənət xadimlərinin fəaliyyətinə verilən yüksək qiymət milli mənəvi dəyərlərin inkişafına mühüm stimul yaratdı.
1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan ağır siyasi və iqtisadi böhranla üzləşsə də, xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkəni parçalanmaq təhlükəsindən xilas etdi, dövlətçiliyi qorudu və müasir Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirdi. Hüquqi dövlət quruculuğu, demokratik institutların formalaşdırılması, bazar iqtisadiyyatına keçid, neft strategiyasının həyata keçirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi və milli maraqlara əsaslanan xarici siyasət məhz Ulu Öndərin rəhbərliyi ilə reallaşdırıldı.
Bu gün Prezident İlham Əliyev tərəfindən Heydər Əliyev siyasi kursu müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirilir. Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam təmin olunması, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, rəqəmsal inkişaf, innovasiya, yaşıl enerji siyasəti, beynəlxalq nüfuzun daha da möhkəmləndirilməsi və ölkəmizin regional lider kimi mövqeyinin güclənməsi Heydər Əliyev siyasətinin uğurlu davamının parlaq nəticələridir.
Müasir Azərbaycanın qazandığı bütün nailiyyətlər göstərir ki, 1969-cu il iyulun 14-də başlanan inkişaf kursu yalnız bir dövrün deyil, bütöv bir dövlətçilik fəlsəfəsinin əsasını qoymuşdur. Həmin tarix xalqımızın milli intibahının, iqtisadi yüksəlişinin, milli özünüdərkinin və gələcək müstəqilliyinin başlanğıc nöqtəsinə çevrilmişdir.
Bu gün qalib, suveren və qüdrətli Azərbaycan məhz Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf kursunun təntənəsidir. Dövlətçiliyimizin möhkəmləndirilməsi, milli maraqların qətiyyətlə qorunması və davamlı inkişafın təmin olunması istiqamətində həyata keçirilən siyasət 14 iyul 1969-cu ildə əsası qoyulan böyük intibah yolunun uğurla davam etdiyini bir daha təsdiq edir.
