Xəbərlər
YAP nümayəndəsi Mərkəzçi Demokrat İnternasionalının Baş Assambleyasında iştirak edib
Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Kamal Cəfərov Mərkəzçi Demokrat İnternasionalının (IDC-CDI) 2026-cı il 13 iyul tarixində Belçika Krallığının Brüssel şəhərində keçirilən Baş Assambleyasında iştirak edib.
İclasda IDC-CDI-ın prezidenti, Kolumbiyanın sabiq prezidenti Andres Pastrana açılış nitqi ilə çıxış edib. Avropa Xalq Partiyasının prezidenti Manfred Veberin videomüraciətləri səsləndirilib. Daha sonra qurumun baş katibi Antonio Lopez-İsturiz Uayt Baş Assambleyanın gündəliyi barədə məlumat verib və əvvəlki Baş Assambleyanın protokolunu təqdim edib.
Həmin gün Baş Assambleya çərçivəsində keçirilən “Texnologiya, rəqəmsal transformasiya və demokratiyanın gələcəyi: çağırışların aradan qaldırılması və rifahın yaradılması” mövzusunda panel müzakirəsində Avropa Komissiyasının Texnoloji suverenlik, təhlükəsizlik və demokratiya üzrə icraçı vitse-prezidenti Hena Virkkunenin videomüraciəti səsləndirilib, Avropa Parlamentinin İspaniyanın Xalq Partiyasından sabiq üzvü Ana Kollado, eləcə də “Ericsson” və ASML şirkətlərinin nümayəndələri çıxış ediblər.
Baş Assambleyanın davamında təşkilata üzv siyasi partiyaların nümayəndələrinin iştirakı ilə açıq plenar iclas keçirilib. Müzakirələr zamanı demokratik dəyərlərin təşviqi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, regional təhlükəsizlik, dayanıqlı inkişaf və siyasi dialoqun genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
“Yaxın Şərqdə böhran” mövzusunda panel müzakirəsində Avropa Komissiyasının Aralıq dənizi üzrə komissarı Dubravka Şuitsanın videomüraciəti səsləndirilib, Braziliya, Livan və Amerika Yəhudi Komitəsi Transatlantik İnstitutunun nümayəndələri çıxış ediblər.
Baş Assambleya çərçivəsində təşkilatın xüsusi nümayəndələrinin hesabatları dinlənilib, Yaxın Şərq böhranı, Ukraynadakı müharibə və bir sıra ölkələrdəki siyasi vəziyyətə dair qətnamələr qəbul olunub, illik audit və maliyyə hesabatı təsdiqlənib, təşkilatın gələcək fəaliyyətinə dair müzakirələr aparılıb.
