Xəbərlər
IV Şuşa Qlobal Media Forumu: Azərbaycanın beynəlxalq informasiya gündəliyinə töhfəsi
Vazeh Əskərov
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, dosent
2026-cı il iyulun 13-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumu keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin forumun açılış mərasimində iştirakı və beynəlxalq media nümayəndələri ilə geniş görüşü tədbirə xüsusi siyasi və beynəlxalq əhəmiyyət qazandırdı. Artıq qlobal media dialoqunun mühüm platformalarından birinə çevrilmiş Şuşa Forumu bu il də informasiya təhlükəsizliyi, media məsuliyyəti, dezinformasiyaya qarşı mübarizə və ictimai etimadın möhkəmləndirilməsi kimi aktual məsələlərin müzakirə olunduğu nüfuzlu beynəlxalq tribunaya çevrildi.
Müasir beynəlxalq münasibətlər sistemində informasiya amili dövlətlərin təhlükəsizliyi, ictimai sabitlik və qlobal əməkdaşlıq baxımından strateji əhəmiyyət kəsb edir. Rəqəmsal texnologiyaların sürətli inkişafı, süni intellektin media mühitinə təsirinin artması və sosial şəbəkələrin qlobal informasiya məkanında təsir imkanlarının genişlənməsi həqiqətin müdafiəsini və etibarlı informasiya mühitinin formalaşdırılmasını daha da aktuallaşdırmışdır. Məhz bu baxımdan forumun əsas mövzusu olan “Həqiqətin bərpası və etimadın yenidən qurulması” çağırışı yalnız media ictimaiyyəti üçün deyil, bütövlükdə beynəlxalq birlik üçün xüsusi əhəmiyyət daşıyırdı.
Şuşanın bu mötəbər tədbirə ev sahibliyi etməsi təsadüfi deyil. İşğaldan azad edildikdən sonra sürətlə bərpa olunan şəhər bu gün Azərbaycanın mədəniyyət mərkəzi olmaqla yanaşı, beynəlxalq konfransların, forumların və qlobal dialoqun aparıldığı mühüm məkana çevrilmişdir. Şuşada keçirilən beynəlxalq tədbirlər Azərbaycanın regionda sülh, əməkdaşlıq və qarşılıqlı etimad mühitinin yaradılmasına verdiyi töhfələrin real təzahürüdür.
Forumun əsas hadisəsi Prezident İlham Əliyevin çıxışı və beynəlxalq media nümayəndələrinin suallarını cavablandırması oldu. Dövlət başçısının səsləndirdiyi fikirlər regional və qlobal proseslərə dair mühüm mesajlar kimi dünyanın aparıcı media qurumları tərəfindən geniş işıqlandırıldı. Prezident İlham Əliyevin çıxışı Azərbaycanın müasir xarici siyasət kursunun prioritetlərini, regional əməkdaşlığa yanaşmasını və beynəlxalq münasibətlərə baxışını əks etdirdi.
Dövlət başçısı Azərbaycanın beynəlxalq münasibətlər sistemində tutduğu mövqeyi aydın şəkildə ifadə edərək vurğulamışdı: “Azərbaycan qarşıdurma axtarmır, normal münasibətlərə üstünlük verir.” Bu fikir Azərbaycanın xarici siyasətinin əsas fəlsəfəsini əks etdirir. Qarşıdurma və bloklaşmaların artdığı mürəkkəb beynəlxalq şəraitdə Azərbaycan əməkdaşlığa, qarşılıqlı hörmətə və konstruktiv dialoqa əsaslanan münasibətlər sisteminin tərəfdarı kimi çıxış edir. Forumun başlıca ideyası olan etimadın bərpası və sülhün təşviqi də məhz bu yanaşma ilə birbaşa səsləşir.
Prezident İlham Əliyev çıxışında regional təhlükəsizlik və strateji tərəfdaşlıq məsələlərinə xüsusi diqqət yetirərək “Biz yalnız qardaş və dost deyilik, həm də müttəfiqik” fikrini qeyd etmiş, bununla da Azərbaycanın strateji tərəfdaşlıq siyasətinin mahiyyətini ortaya qoymuş, eyni zamanda regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsində qarşılıqlı etimada əsaslanan əməkdaşlığın həlledici əhəmiyyətini vurğulamışdır. Forum çərçivəsində müzakirə olunan media diplomatiyası və beynəlxalq informasiya əməkdaşlığı mövzuları da etimad və tərəfdaşlıq prinsiplərinin müasir dövr üçün nə qədər mühüm olduğunu bir daha ortaya qoydu.
Dövlət başçısı Azərbaycanın beynəlxalq əhəmiyyətinin artmasına diqqət çəkərək “Azərbaycanın coğrafi mövqeyinin əhəmiyyəti son dövrlərdə daha da artıb” fikrini səsləndirmiş, bununla da ölkəmizin enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya marşrutları və beynəlxalq əməkdaşlıq sistemində mühüm rol oynadığını vurğulamışdır
Şuşa Qlobal Media Forumunun məhz Azərbaycanda keçirilməsi də ölkənin beynəlxalq təşəbbüslər üçün etibarlı və nüfuzlu platformaya çevrildiyini göstərən mühüm amillərdəndir. Prezident İlham Əliyev çıxışında əməkdaşlığın genişləndirilməsinin və qarşılıqlı maraqların təmin olunmasının əhəmiyyətini vurğulayaraq “Biz əməkdaşlığı gücləndirməyə və qarşılıqlı maraq doğuran məsələləri həll etməyə çalışırıq” fikrini ifadə etmiş, bununla da Azərbaycanın regional və beynəlxalq səviyyədə dialoqun təşviqinə, etibarlı tərəfdaşlıq münasibətlərinin formalaşdırılmasına və çoxtərəfli əməkdaşlıq mexanizmlərinin inkişafına verdiyi önəmi bir daha nümayiş etdirmişdir.
Beləliklə, Prezident İlham Əliyevin iştirakı ilə keçirilən IV Şuşa Qlobal Media Forumu təkcə media sahəsində mövcud çağırışların müzakirə olunduğu beynəlxalq tədbir deyil, həm də Azərbaycanın sülh, dialoq və əməkdaşlıq siyasətinin növbəti dəfə beynəlxalq ictimaiyyətə təqdim olunduğu mühüm platforma kimi çıxış etdi. Dövlət başçısının forumda səsləndirdiyi mesajlar göstərdi ki, həqiqətə əsaslanan informasiya mühiti, qarşılıqlı etimad və konstruktiv əməkdaşlıq müasir dünyanın sabitliyi və davamlı inkişafı üçün əsas şərtlərdən biridir. Şuşadan dünyaya ünvanlanan bu çağırış Azərbaycanın qlobal dialoqa verdiyi töhfənin, beynəlxalq nüfuzunun və sülh gündəliyinə sadiqliyinin parlaq ifadəsi kimi xüsusi əhəmiyyət daşıyır.
