Xəbərlər
YAP Yevlax rayon təşkilatının yaradılmasının 33-cü ildönümü münasibətilə tədbir keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının yaradılmasının 33-cü ildönümü münasibətilə tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Yeni Azərbaycan Partiyasının yaranma tarixini və keçdiyi inkişaf yolunu əks etdirən videoçarx nümayiş olunub.
YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin müdrik ideyaları əsasında Yeni Azərbaycan Partiyasının və rayon təşkilatının ötən 33 il ərzində keçdiyi şərəfli inkişaf yolu, əldə etdiyi uğurlar və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. Bildirilib ki, Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə mühüm tarixi nailiyyətlərə imza ataraq ölkənin ictimai-siyasi həyatında aparıcı qüvvə kimi fəaliyyətini uğurla davam etdirir. Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olunub.
Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev qeyd edib ki, Yeni Azərbaycan Partiyasının qısa müddətdə Cənubi Qafqazın aparıcı siyasi qüvvəsinə və ümumxalq partiyasına çevrilməsi xalqın Ümummilli Lider Heydər Əliyevə olan böyük etimadının və inamının nəticəsidir. Bu gün Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ətrafında sıx birləşərək ölkənin sabitliyinin, davamlı inkişafının və parlaq gələcəyinin təmin olunmasına öz töhfəsini verir.
Tədbirdə çıxış edən YAP Gənclər Birliyinin sədr müavini, YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Fəsli Nəbiyev, Milli Məclisin deputatları Əli Hüseynli və İlham Məmmədov vurğulayıblar ki, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik ideyaları əsasında formalaşan Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi ilə ölkəmizin davamlı inkişafına, tarixi Zəfərlərinə və beynəlxalq nüfuzunun möhkəmlənməsinə mühüm töhfələr verir.
Sonra YAP Yevlax rayon təşkilatının ictimai-siyasi həyatında səmərəli fəaliyyət göstərən bir qrup partiya üzvü fəxri fərmanlarla təltif olunub, partiya sıralarına yeni qəbul edilən şəxslərə üzvlük vəsiqələri təqdim edilib.
Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Sonda bədii hissə təqdim olunub.
