Xəbərlər
Milli mətbuat ölkəmizin tərəqqisinə önəmli töhfələr verir
Mahir Süleymanlı
Milli Məclisin deputatı
22 İyul – Milli Mətbuat Günü Azərbaycan jurnalistikasının zəngin tarixini, keçdiyi inkişaf yolunu və müasir dövrdə üzərinə düşən məsuliyyəti bir daha xatırladır. Milli mətbuatın əsası 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə qoyulub. Bu tarix təkcə Azərbaycan jurnalistikasının deyil, həm də xalqımızın milli oyanış, maarifçilik və dövlətçilik tarixinin başlanğıc nöqtələrindən biri hesab olunur.
XIX əsrin ikinci yarısında Azərbaycanda baş verən ictimai-siyasi dəyişikliklər milli mətbuatın yaranmasını zəruri etmişdi. Məhz belə bir tarixi mərhələdə Həsən bəy Zərdabi xalqın ana dilində informasiya almaq hüququnu təmin etmək, cəmiyyətdə elmə, təhsilə və müasir düşüncəyə marağı artırmaq məqsədilə “Əkinçi” qəzetini təsis etdi. Cəmi 56 nömrəsi işıq üzü görsə də, bu nəşr milli mətbuat tarixində silinməz iz buraxdı və sonrakı nəsil jurnalistlər üçün böyük məktəbə çevrildi.
“Əkinçi”dən sonra fəaliyyət göstərən “Ziya”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “Füyuzat”, “Molla Nəsrəddin”, “Açıq söz” və digər qəzet və jurnallar milli mətbuatın ideoloji və peşəkar əsaslarını daha da möhkəmləndirdi. Bu nəşrlər milli kimliyin formalaşmasına, ana dilinin inkişafına, maarifçilik ideyalarının yayılmasına və istiqlal düşüncəsinin güclənməsinə mühüm töhfələr verdi.
Dövlət müstəqilliyi bərpa edildikdən sonra media sahəsində inkişafın sistemli xarakter alması Ümummilli Lider Heydər Əliyevin siyasi rəhbərliyi dövrünə təsadüf edir. Həmin illərdə söz və mətbuat azadlığının təmin edilməsi, hüquqi islahatların həyata keçirilməsi, medianın iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində ardıcıl addımlar atıldı. 1998-ci ilin avqustunda dövlət senzurasının ləğv edilməsi Azərbaycanın demokratik inkişaf tarixində mühüm hadisələrdən biri kimi yadda qaldı və jurnalistikanın sərbəst fəaliyyətinə geniş imkanlar yaratdı.
Prezident İlham Əliyev tərəfindən bu siyasət müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə media sahəsində aparılan islahatlar nəticəsində həm hüquqi baza təkmilləşdirilib, həm də medianın iqtisadi dayanıqlığının artırılması istiqamətində mühüm mexanizmlər formalaşdırılıb.
Azərbaycan mediası Vətən müharibəsi dövründə də üzərinə düşən tarixi məsuliyyəti layiqincə yerinə yetirdi. Jurnalistlər informasiya cəbhəsində peşəkarlıq nümayiş etdirərək ölkəmizin haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırdılar, düşmənin dezinformasiya kampaniyalarına qarşı operativ və faktlara əsaslanan məlumatlarla cavab verdilər. Bu gün isə media işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işlərini, Böyük Qayıdış prosesini və Azərbaycanın regionda yaratdığı yeni reallıqları geniş şəkildə işıqlandırır.
Medianın İnkişafı Agentliyinin yaradılması, “Media haqqında” Qanunun qəbul edilməsi, media subyektlərinə tətbiq edilən vergi güzəştləri, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi və peşə fəaliyyətinin stimullaşdırılması bu siyasətin mühüm tərkib hissəsidir.
İnformasiya təhlükəsizliyinin milli təhlükəsizliyin ayrılmaz elementi olduğu müasir dövrdə medianın rolu daha da artır. Dünyada dezinformasiyanın, saxta xəbərlərin və informasiya manipulyasiyalarının geniş yayıldığı bir şəraitdə peşəkar və məsuliyyətli jurnalistikanın əhəmiyyəti xüsusi önəm daşıyır. Azərbaycan mediası cəmiyyətin düzgün məlumatlandırılması ilə yanaşı, milli maraqların müdafiəsində də mühüm missiya yerinə yetirir. Bu baxımdan 2026-cı ildə Media və Yayım Şurasının yaradılması istiqamətində atılan addımlar media idarəçiliyinin müasir çağırışlara uyğun təkmilləşdirilməsinə xidmət edir. Yeni yanaşma çap, onlayn və audiovizual medianın vahid informasiya siyasəti çərçivəsində daha səmərəli fəaliyyət göstərməsini, innovativ texnologiyaların tətbiqini və dezinformasiyaya qarşı mübarizənin gücləndirilməsini nəzərdə tutur.
Azərbaycan mediasının beynəlxalq nüfuzu da son illərdə əhəmiyyətli dərəcədə artıb. Şuşada keçirilən Qlobal Media Forumları artıq beynəlxalq media ictimaiyyətinin diqqət mərkəzində olan nüfuzlu platformaya çevrilib. 2026-cı ilin 13-14 iyul tarixlərində keçirilən IV Şuşa Qlobal Media Forumunda medianın sülhün təşviqində rolu, həqiqətin bərpası, ictimai etimadın möhkəmləndirilməsi, süni intellekt dövründə jurnalistika və dezinformasiyaya qarşı beynəlxalq əməkdaşlıq kimi aktual məsələlərin müzakirə olunması Azərbaycanın qlobal media dialoquna verdiyi töhfənin göstəricisidir.
Prezident İlham Əliyevin təşəbbüsləri nəticəsində milli mətbuatın yubileyləri yüksək səviyyədə qeyd olunur, jurnalistlərin əməyi dövlət tərəfindən layiqincə qiymətləndirilir. “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalının təsis edilməsi və media nümayəndələrinin müxtəlif dövlət təltifləri ilə mükafatlandırılması bunun əyani təsdiqidir.
Rəqəmsallaşma və süni intellektin sürətlə inkişaf etdiyi yeni dövrdə jurnalistika qarşısında tamamilə yeni vəzifələr dayanır. Müasir media yalnız xəbəri çatdıran vasitə deyil, həm də cəmiyyətdə media savadlılığının formalaşdırılmasına, ictimai rəyin sağlam əsaslar üzərində inkişafına, milli-mənəvi dəyərlərin qorunmasına və dövlətin informasiya təhlükəsizliyinin təmin edilməsinə xidmət edən mühüm vasitədir.
Bu gün Azərbaycan milli mətbuatı zəngin tarixi ənənələrini müasir texnologiyalarla uğurla birləşdirir. Qəzetdən rəqəmsal platformalara, çap mediasından süni intellekt əsaslı informasiya sistemlərinə qədər keçilən inkişaf yolu göstərir ki, milli jurnalistikamız daim yenilənməyə və dövrün tələblərinə uyğunlaşmağa qadirdir.
Güclü media yalnız peşəkar jurnalistlərin fəaliyyəti ilə deyil, eyni zamanda güclü dövlətçilik ənənələri, milli məsuliyyət, yüksək peşəkarlıq və cəmiyyət qarşısında vicdanlı xidmət prinsipləri ilə formalaşır. Azərbaycan mediası bu gün də həmin prinsiplərə sadiq qalaraq ölkəmizin inkişafına, milli maraqların qorunmasına və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına mühüm töhfələr verməkdə davam edir.
