Xəbərlər
YAP Kəngərli rayon təşkilatının yaradılmasının 22-ci ildönümü qeyd olunub
Yeni Azərbaycan Partiyası (YAP) Kəngərli rayon təşkilatının təsis edilməsinin 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülüb.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirdə YAP Kəngərli rayon təşkilatının sədri Sevda Quluyeva, Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov, Kəngərli Rayon Mərkəzi Xəstəxanası ərazi partiya təşkilatının sədri Ramidə Rüstəmova və Şərur Rayon Regional Mədəniyyət İdarəsinin Kəngərli sektoru ərazi partiya təşkilatının sədri İlkin Hüseynov çıxış ediblər.
Çıxışlarda Yeni Azərbaycan Partiyasının yaranma tarixi, keçdiyi inkişaf yolu və ölkənin ictimai-siyasi həyatında oynadığı mühüm rol barədə ətraflı danışılıb. Qeyd edilib ki, 1992-ci ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası qısa müddətdə xalqın böyük etimadını qazanaraq ölkənin aparıcı siyasi qüvvəsinə çevrilib.
Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi və uzaqgörən siyasəti Azərbaycanın müasir inkişafının möhkəm təməlini formalaşdırıb. Bildirilib ki, Ulu Öndərin müəyyən etdiyi siyasi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan iqtisadi, siyasi və sosial sahələrdə mühüm nailiyyətlər qazanıb, beynəlxalq nüfuzunu daha da möhkəmləndirib. Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası isə xalqımızın şanlı tarixinin ən parlaq səhifələrindən biridir.
Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalı fəxri fərmanla təltif olunub.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
