Xəbərlər
Azərbaycan Almaniya üçün etibarlı tərəfdaşdır
“Dövlətimizin başçısı İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri hazırda ölkə və dünya mətbuatının diqqətindədir. Səfər Azərbaycan-Almaniya münasibətləri ilə yanaşı, Azərbaycan-Avropa İttifaqı əlaqələrinin də təqdimatı kimi dəyərləndirilir. Dövlətimizin başçısı İlham Əliyevin Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts ilə mətbuata bəyanatlarında vurğuladığı kimi, bu il biz həm Avropa İttifaqı Şurasının Prezidenti cənab Koştanın, həm Avropa Komissiyasının Prezidenti xanım Fon der Lyayenin Azərbaycana səfərlərinin şahidi olmuşuq. Bu səfərlərin çox böyük siyasi mənası var. Bu, Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələri daha da gücləndirəcək. Almaniya Avropa İttifaqına üzv olan ölkələr arasında lider olduğu üçün burada təbii ki, həm Almaniyanın rolu çox böyükdür, eyni zamanda, gələcək əməkdaşlıq üçün də Almaniya öz səylərini göstərəcək.
Azərbaycan-Almaniya münasibətləri artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu, tərəflərin qarşılıq etimad mühitinin möhkəmləndirilməsi fonunda bütün sahələrdə əməkdaşlığın uğurlu inkişafı istiqamətində göstərdikləri səylərin real addımlarında öz təsdiqini tapmasının nəticəsidir. Qeyd edək ki, Almaniya Federativ Respublikası Azərbaycanın müstəqilliyini 1992-ci ilin yanvarında tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər həmin ilin fevralında qurulub. Azərbaycanın Almaniyada, Almaniyanın Azərbaycanda Səfirliyi isə 1992-ci ilin sentyabr ayında açılıb. İki ölkə arasında davamlı siyasi dialoq mövcuddur, iqtisadiyyat və humanitar sahələrində geniş əməkdaşlıq həyata keçirilir. Qarşılıqlı səfərlər münasibətlərdə yeni mərhələnin başlanğıcı olur. Dövlətimizin başçısı İlham Əliyev mətbuata bəyanatında bu məqamlara bir daha diqqəti yönəldərək bildirdi ki, Almaniya Avropa İttifaqının aparıcı ölkəsi kimi Cənubi Qafqazda öz təsirini artırmaqdadır. Azərbaycan-Almaniya əlaqələri təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə, əmin-amanlığa öz töhfəsini verəcəkdir”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Millət vəkili qeyd edib ki, səfər çərçivəsində dövlət başçısı İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer, həmçinin Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts ilə təkbətək və geniş tərkibdə görüşlərində iki ölkənin münasibətlərinin gələcəyi ilə bağlı səsləndirilən fikirlər, təbii ki, ötən dövr ərzində atılan addımlara, möhkəm təmələ əsaslanır: “Cənab İlham Əliyevin səfəri bu günədək müəyyənləşdirilən strateji xəttin məntiqi davamı olmaqla yanaşı, eyni zamanda, Azərbaycanın Avropanın etibarlı tərəfdaşı kimi möhkəmlənən mövqeyinin təsdiqidir. Münasibətlər son illərdə intensivləşən qarşılıqlı səfərlərlə daha da möhkəmlənib. Prezident İlham Əliyevin 2024-cü ilin aprelində Almaniyaya səfəri, həmçinin dövlətimizin başçısının ənənəvi olaraq Münxen Təhlükəsizlik Konfransında fəal iştirakı siyasi dialoqun daimi xarakter daşıdığını nümayiş etdirir. Ötən il isə Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri ikitərəfli münasibətlərdə dərin qarşılıqlı etimadın bariz nümunələrindən biri kimi dəyərləndirildi. Qarşılıqlı səfərlərin dinamikliyi göstərir ki, Berlin regional və qlobal layihələrdə Bakını əvəzedilməz tərəfdaş kimi görür, əlaqələrin bütün sahələrdə inkişafında maraqlıdır. Prezidentlərin görüşlərində dünyada və regionda cərəyan edən hadisələr fonunda Azərbaycanı və Almaniyanı sabitlik adası kimi xarakterizə edən Frank-Valter Ştaynmayer ölkəmizin Avropanın enerji təhlükəsizliyində rolunu yüksək qiymətləndirdi. Azərbaycan ilə Almaniya arasında münasibətlərin dostluq xarakteri daşıdığı əsaslı şəkildə qeyd edildi, iqtisadi və biznes əlaqələrinin inkişafı üçün geniş imkanların olduğu diqqətə çatdırıldı. Dövlətimizin başçısı İlham Əliyevin sözügedən səfərinin ikitərəfli əməkdaşlığın gələcək inkişafında əhəmiyyəti xüsusi vurğulandı. Hər bir səfər münasibətlərdə yeni səhifənin açılmasında mühüm rol oynayan sənədlərin imzalanması ilə diqqətdə olur. Prezident İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”ni imzaladılar. Eyni zamanda, Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə də imzalandı. Reallıq budur ki, son illər Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunmasında, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafında, həmçinin regional sabitliyin və əməkdaşlığın təşviqində oynadığı rol Avropa dövlətləri tərəfindən yüksək qiymətləndirilir. Bu baxımdan, Almaniya ilə strateji tərəfdaşlıq münasibətlərinin qurulması Azərbaycanın Avropa siyasi və iqtisadi məkanında mövqelərinin daha da möhkəmlənməsinə, Avropa İttifaqı ilə qarşılıqlı faydalı əməkdaşlığın yeni məzmun qazanmasına xidmət edən mühüm addım kimi dəyərləndirilir”.
Malik Həsənov vurğulayıb ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerinin və mövqeyinin möhkəmlənməsi uğurlu xarici siyasətinin nəticəsidir: “Münasibətlərində qarşılıqlı hörmət və maraq prinsiplərinə xüsusi önəm verən Azərbaycan bütün sahələrdə zəngin təcrübəsi, uğurları ilə diqqətdədir. Regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır. Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts mətbuata bəyanatında bildirdi ki, Cənubi Qafqazda sülh, təhlükəsizlik və sabitlik bizim üçün də zəruridir. Almaniya və Avropa İttifaqı həmin geosiyasi baxımdan mühüm bölgədə davamlı dincliyə nail olmaqda çox maraqlıdırlar. Bölgədə daha böyük sabitlik ölkələrimiz arasında iqtisadi sahədə də geniş əməkdaşlıq üçün yeni imkanlar yaradır. Azərbaycanın tarixi bir dövr yaşadığını xüsusi qeyd edən cənab İlham Əliyev Almaniyanın Cənubi Qafqazdakı sülh prosesinə verdiyi töhfəyə görə təşəkkürünü bildirdi”.
Millət vəkili ümumiləşdirilmiş şəkildə bildirib ki, dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi çoxqütblü və balanslaşdırılmış xarici siyasət Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsini, ölkəmizin qlobal enerji təhlükəsizliyi, nəqliyyat, iqtisadi əməkdaşlıq və regional sabitlik sahələrində etibarlı tərəfdaş kimi nüfuzunun artmasını şərtləndirir.
