Xəbərlər
YAP Astara rayon təşkilatının 33 illiyi qeyd olunub
Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatının təsis olunmasının 33 illiyinə həsr olunmuş tədbir keçirilib.
Öncə YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov, Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev və partiya fəalları Ümummilli Lider Heydər Əliyevin rayonun mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsini ehtiramla anıblar.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yolunu əks etdirən videoçarxın nümayişindən sonra açılış nitqləri dinlənilib.
Tədbiri giriş sözü ilə açan YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov çıxışında partiyanın fəaliyyəti, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun uğurla davam etdirilməsi və Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunan nailiyyətlər barədə ətraflı danışıb. O, rayon təşkilatının ötən illər ərzində ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynadığını, partiyanın ideyalarının təbliği və gənclərin bu dəyərlər ətrafında birləşdirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərdiyini vurğulayıb.
YAP fəalı, Astara Pedaqoji Kolecinin müəllimi Nəzrin Ağamalızadə məruzə ilə çıxış edərək Yeni Azərbaycan Partiyasının ölkəmizin inkişafında, dövlət müstəqilliyinin möhkəmləndirilməsində və cəmiyyətin bütün təbəqələrini əhatə edən islahatların həyata keçirilməsində mühüm rolundan bəhs edib. O, partiyanın fəaliyyət prinsiplərinin milli maraqlara, xalqın rifahına və dövlətçilik dəyərlərinə söykəndiyini qeyd edib.
Tədbirdə çıxış edən Astara Pedaqoji Kollecinin direktoru Kamran Kazımov Yeni Azərbaycan Partiyasının ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasətinin həyata keçirilməsində, ictimai-siyasi sabitliyin və davamlı inkişafın təmin olunmasında müstəsna rolundan, həmçinin təhsil sahəsində aparılan islahatlardan bəhs edib. O, gənclərin milli-mənəvi dəyərlərə bağlı, yüksək bilikli və vətənpərvərlik ruhunda yetişdirilməsinin ölkəmizin gələcək inkişafı və davamlı tərəqqisi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Astara Rayon Ağsaqqallar Şurasının sədri Natiq İbadov isə çıxışında Yeni Azərbaycan Partiyasının cəmiyyətin müxtəlif təbəqələrini vahid məqsəd ətrafında birləşdirən siyasi qüvvə olduğunu bildirib, təşkilatın 33 illik fəaliyyətinə yüksək dəyər verərək gələcək fəaliyyətində uğurlar arzulayıb.
YAP sıralarına yeni qəbul olunmuş Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun anası Vəhimə Ağayeva, şəhid Şahnur Hüseynovun anası Hədiyyə Hüseynova, şəhid Tarif Cəfərzadənin anası Mehparə Rukiyeva və digərlərinə partiya vəsiqələri təqdim olunub.
Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən şəxslər YAP Astara rayon təşkilatının fəxri fərmanları ilə təltif edilib.
