Xəbərlər
“Heydər Əliyev və müstəqil Azərbaycanın ideoloji əsasları”
Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı və partiyanın Naxçıvan şəhər təşkilatının birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Gəncə İdman Sarayında keçirilən “Heydər Əliyev məktəbi” layihəsinin ikinci günündə gənc fəallarla “Heydər Əliyev və müstəqil Azərbaycanın ideoloji əsasları” mövzusunda görüş keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Görüşdə çıxış edən YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli, Milli Məclisin deputatı Vüqar Rəhimzadə və Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov ideoloji varisliyin, milli həmrəyliyin və dövlətçilik ənənələrinin əhəmiyyətindən danışıblar.
Çıxışlarda bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi-ideoloji xətt müstəqil Azərbaycan dövlətçiliyinin möhkəm təməlini və inkişaf strategiyasını təşkil edir. Vurğulanıb ki, Ulu Öndər ölkəni mürəkkəb tarixi sınaqlardan çıxarmaqla yanaşı, milli birlik və azərbaycançılıq məfkurəsinə əsaslanan inkişaf modelini formalaşdırıb.
Heydər Əliyev irsinin yalnız tarixi irs deyil, həm də gələcəyə istiqamət verən zəngin dövlətçilik məktəbi olduğu qeyd edilib. Bildirilib ki, bu gün Yeni Azərbaycan Partiyasının sıralarında fəaliyyət göstərən gənclər Heydər Əliyev məktəbinin prinsiplərinə sadiq qalaraq dövlətçilik maraqlarının qorunmasına və cəmiyyətin inkişafına öz töhfələrini verirlər. Regionlarda keçirilən maarifləndirici tədbirlərin gənclərin ideoloji hazırlığının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.
Natiqlərin sözlərinə görə, milli-mənəvi dəyərlərin qorunması və gənc nəslə aşılanması ideoloji təhlükəsizliyin mühüm amillərindəndir. Qlobal çağırışlar və informasiya mübarizəsinin intensivləşdiyi müasir dövrdə gənclərin milli ruhda yetişməsi və dövlətçilik dəyərlərinə sadiqliyi Azərbaycanın dayanıqlı inkişafının əsas təminatlarından biri kimi qiymətləndirilib.
Vurğulanıb ki, gənc partiya fəalları Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin dərindən öyrənilməsi və təbliğində, o cümlədən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən uğurlu daxili və xarici siyasətin geniş ictimaiyyətə çatdırılmasında hər zaman fəallıq nümayiş etdirirlər.
Görüşdə gənc fəallardan Cəmilə Hüseynova, Əliheydər Qurbanlı, Altay Cəfərli, Zinyət Süleymanova, Sunay Heydərova, Gülnar Əlizadə, Emil Vəliyev və digərləri mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Sonra iştirakçıların sualları cavablandırılıb.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Daha sonra layihə iştirakçıları dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin məqbərəsini, Qədim Gəncə qala qapılarını, Cavad xan türbəsini və Səfəvilər dövrünün memarlıq incilərindən olan Şah Abbas məscidini ziyarət edərək şəhərin zəngin tarixi və mədəni irsi ilə yaxından tanış olublar. Gəncə Dövlət Filarmoniyası və şəhərdə son illərdə həyata keçirilən abadlıq-quruculuq işləri gənclərdə xoş təəssürat yaradıb.
Gənclərin asudə vaxtının səmərəli dəyərləndirilməsi və komanda ruhunun möhkəmləndirilməsi məqsədilə idman yarışları da təşkil olunub.
