Xəbərlər
Bişkekdə yazılan qardaşlıq salnaməsi
“Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı xarici siyasətimizin əsas istiqamətlərindən biridir. Xüsusilə qardaş Qırğız Respublikası ilə münasibətlər eyni soy-kökə, ortaq dini və mənəvi dəyərlərə, zəngin tarixi-mədəni irsə söykənir. Türk dünyasının iki qardaş ölkəsi arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri liderlər İlham Əliyev və Sadır Japarovun rəhbərliyi ilə son illərdə yeni inkişaf mərhələsinə qədəm qoyub. Siyasi dialoqun yüksək səviyyəsi fonunda iqtisadi, humanitar və mədəni sahələrdə əməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənmiş, münasibətlər strateji məzmun qazanmışdır. Bunun nəticəsi olaraq Azərbaycan və Qırğızıstan arasında əlaqələr keyfiyyətcə yeni mərhələyə yüksələrək daha da möhkəmlənmişdir. Bu xoş münasibətlər Türk dünyasında həmrəyliyin və birliyin möhkəmlənməsi, ortaq dəyərlərin qorunub inkişaf etdirilməsi və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri Azərbaycan Qırğızıstan münasibətlərində yeni əməkdaşlıq mərhələsinin başlanğıcı kimi yadda qaldı. Bu səfər siyasi dialoqun daha da möhkəmlənməsi, ikitərəfli əməkdaşlığın və qardaşlıq münasibətlərinin inkişafı, eləcə də Türk dünyasında birlik və həmrəyliyin güclənməsi baxımından olduqca əlamətdar hadisə oldu.” Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri zamanı ona göstərilən yüksək ehtiram, keçirilən görüşlər və imzalanan sənədlər Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin strateji xarakterini və qarşılıqlı etimada əsaslandığını aydın şəkildə nümayiş etdirdi. Azərbaycan Qırğızıstan Dövlətlərarası Şurasının III iclası iki qardaş ölkə arasında siyasi dialoqun genişləndiyini, qarşıda mühüm perspektivlərin açıldığını göstərdi.
Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Prezident İlham Əliyevi I dərəcəli “Manas” ordeni ilə təltif etməsi dövlətimizin başçısının Türk dünyasında malik olduğu yüksək nüfuzun və xidmətlərinə verilən dəyərin təzahürüdür. Prezident İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbaycanın ali dövlət mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif etməsi isə iki ölkə arasında dostluq münasibətlərinin, qarşılıqlı hörmətin və strateji tərəfdaşlığın ən yüksək səviyyədə inkişaf etdiyini ortaya qoydu. Bütün bunlar Bişkekdə yazılan qardaşlıq salnaməsinin ən parlaq səhifəsi kimi tarixə düşdü. Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri Azərbaycan ilə Qırğızıstan arasında qardaşlıq münasibətlərinin sarsılmaz təməllər üzərində qurulduğunu bütün dünyaya nümayiş etdirdi.
Qırğızıstan Prezidenti Sadır Japarovun təltifolunma mərasimində səsləndirdiyi fikirlər Prezident İlham Əliyevin beynəlxalq aləmdə qazandığı nüfuzun və həyata keçirdiyi uğurlu siyasətin növbəti təsdiqi kimi diqqət çəkdi. Azərbaycanın regionda möhkəmlənən mövqeyi, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əməkdaşlığın inkişafına verdiyi töhfələr qardaş ölkələrin ölkəmizə olan yüksək ehtiramının göstəricisi kimi yadda qaldı.
Bu münasibət Prezident İlham Əliyevin sülhün, sabitliyin və qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində atdığı addımların beynəlxalq səviyyədə yüksək dəyərləndirildiyinin rəsmi bəyanı oldu.
Liderlərin iştirakı ilə Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanması tarixi bir həqiqəti bir daha təsdiqlədi. Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər bu gün sarsılmaz müttəfiqlik, qardaşlıq və qarşılıqlı etimad prinsipləri əsasında uğurla inkişaf edir. Bu da Türk dünyasının birliyi və ortaq məqsədləri naminə nümayiş etdirilən qəti siyasi iradənin ən parlaq nümunələrindən biridir. Məhz bu iradənin nəticəsidir ki, Azərbaycan liderinin həyata keçirdiyi ardıcıl və uğurlu diplomatiya qardaş dövlətlər arasında münasibətləri daha da möhkəmləndirərək əməkdaşlığın yeni üfüqlərini müəyyənləşdirir. Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri həm də onunla yadda qaldı ki, bu səfər Azərbaycanın Mərkəzi Asiya ölkələri üçün son dərəcə mühüm və etibarlı tərəfdaş olduğunu bir daha ortaya qoydu. Maraqla izlənilən Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşünün keçirilməsi və imzalanan Çolpon-Ata Bəyannaməsi qardaş xalqlar arasında əməkdaşlığın və dostluq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edən mühüm addım oldu.
Deputat sonda bildirib ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan qlobal arenada nüfuzlu dövlət kimi siyasi və iqtisadi platformalarda təşəbbüs və söz sahibi olaraq çıxış edir. Ölkəmiz beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməklə yanaşı əməkdaşlığın genişlənməsinə və regional təşəbbüslərin formalaşmasına töhfələr verir. Ölkə başçısının Qırğız Respublikasına dövlət səfəri və Mərkəzi Asiya dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirakı bir daha göstərdi ki, Azərbaycan Mərkəzi Asiya, Türk dünyası, bütövlükdə dünya üçün etibarlı tərəfdaş, dialoq və əməkdaşlığı təşviq edən, müxtəlif coğrafiyalar arasında körpü rolunu uğurla yerinə yetirən əvəzsiz ölkədir.
