YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qaradağ rayonunda Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının, Qaradağ Rayon İcra Hakimiyyətinin və Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdən əvvəl iştirakçılar Ümummilli Lider Heydər Əliyevin Qaradağ rayonundakı abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb

Sonra Azərbaycan dilinin tarixi inkişafı və milli kimliyimizin formalaşmasında oynadığı roldan bəhs edən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov ana dilimizin xalqımızın milli sərvəti, mənəvi dəyərlərinin daşıyıcısı və dövlətçiliyimizin əsas sütunlarından biri olduğunu vurğulayıb. O bildirib ki, bu kimi maarifləndirici tədbirlər cəmiyyətdə ana dilinə hörmətin və milli-mənəvi dəyərlərə bağlılığın daha da möhkəmlənməsinə xidmət edir.

YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov çıxışında Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinin qorunması və dövlət dili kimi inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi tarixi siyasətdən bəhs edib. O qeyd edib ki, Ulu Öndərin təşəbbüsü ilə 1978-ci ildə Azərbaycan dilinə Konstitusiyada dövlət dili statusu verilməsi milli dövlətçilik tariximizin mühüm hadisələrindən biri olub. İlqar İlyasov həmçinin xatırladıb ki, 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında da Azərbaycan dilinin dövlət dili statusu bir daha təsbit olunaraq möhkəm hüquqi baza yaradılıb.

Vurğulanıb ki, Ulu Öndərin müəyyən etdiyi milli dil siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının Azərbaycan dilinin saflığının qorunması, ədəbi dil normalarının inkişafı, tətbiq dairəsinin genişləndirilməsi və müasir texnologiyalara inteqrasiyası istiqamətində həyata keçirdiyi ardıcıl siyasət dövlətin prioritet istiqamətlərindən biridir.

Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan dilinin müdafiəsi və inkişafı sahəsində həyata keçirilən dövlət siyasəti milli kimliyin qorunmasına və dövlətçiliyin möhkəmləndirilməsinə xidmət edir. O qeyd edib ki, dilimizin saflığının qorunması, lüğət tərkibinin zənginləşdirilməsi və terminoloji sistemin elmi əsaslarla inkişaf etdirilməsi müasir dövrün mühüm çağırışlarındandır. Deputat vurğulayıb ki, dövlət orqanlarının, elm və təhsil müəssisələrinin, medianın və ictimai institutların bu istiqamətdə fəal iştirakı xüsusi əhəmiyyət kəsb edir. Həmçinin qeyd olunub ki, Azərbaycan xalqının əlifbası və dili tarix boyu müxtəlif təzyiqlərlə üzləşsə də, xalqımızın milli iradəsi və dövlətçilik ənənələri sayəsində qorunaraq inkişaf etdirilib.

Tədbirdə Azərbaycan Respublikasının Əməkdar müəllimi, professor Rüfət Hüseynzadə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Sultanəli Qurbanov və Lökbatan Tibb Mərkəzinin direktoru, professor Elçin Hüseynov da çıxış edərək Azərbaycan dilinin dövlət dili kimi keçdiyi inkişaf yolundan, milli-mənəvi dəyərlərimizin qorunmasında ana dilinin mühüm rolundan, eləcə də gənc nəslin milli ruhda tərbiyəsində dilin və əlifbanın əhəmiyyətindən danışıblar.