Xəbərlər
Şəhidlərin xatirəsi ehtiramla anılır
Qaradağ rayonunun Puta qəsəbəsində şəhid Aslan Eldar oğlu Əliyevin xatirəsi yad edilib.
Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov və Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emin Abbasov şəhidin ailəsini ziyarət ediblər.
Əvvəlcə şəhidin xatirəsinə inşa edilmiş bulaq kompleksinin qarşısına gül dəstələri düzülüb, daha sonra şəhidin atası Eldar Əliyevə və ailə üzvlərinə dərin hüznlə başsağlığı verilib.
Qeyd olunub ki, Vətən yolunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Onların qanı və canı bahasına azad edilmiş torpaqlarımızı qorumaq hər birimizin müqəddəs borcudur.
Qeyd edək ki, Aslan Eldar oğlu Əliyev 2 dekabr 1988-ci ildə Cəlilabad rayonunun Mikayıllı kəndində anadan olub. Orta təhsilinə doğulduğu kənddə başlasa da, sonradan ailəsi ilə birlikdə Qaradağ rayonunun Puta qəsəbəsinə köçüb və 184 nömrəli tam orta məktəbi bitirib. 2007-ci ilin yanvar ayında Cəlilabad Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Həmin ilin iyul ayında Ağdam rayonunun Gülçülük sovxozu ərazisində yerləşən mövqelərimizdə düşmənin atəşi nəticəsində şəhidlik zirvəsinə ucalıb. Avqustun 1-də isə Puta qəsəbəsində torpağa tapşırılıb.
