Xəbərlər
Naxçıvanın təhlükəsizlik və müdafiə potensialı əsas prioritetlər sırasındadır
Nigar Məmmədova
Milli Məclisin deputatı
Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına bu dəfəki səfəri regionun gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm siyasi və strateji əhəmiyyət daşıyır. Səfər çərçivəsində sosial obyektlərin istifadəyə verilməsi, yeni layihələrin təməlinin qoyulması və dövlət başçısının Azərbaycan Televiziyasına müsahibəsində səsləndirdiyi mühüm mesajlar Naxçıvanın təhlükəsizlik, enerji, nəqliyyat, sənaye, kənd təsərrüfatı, turizm və sosial inkişaf baxımından yeni mərhələyə qədəm qoyduğunu göstərir.
Cənab Prezidentin Naxçıvana 17-ci səfəri çərçivəsində verdiyi mesajların əsas qayəsini muxtar respublikanın dayanıqlı və hərtərəfli inkişafının təmin olunması təşkil edir. Dövlət başçısının açıqlamalarından aydın olur ki, Naxçıvanın inkişafı
daha geniş coğrafiyanın iqtisadi, nəqliyyat və enerji imkanlarına təsir göstərəcək strateji prosesdir.
Naxçıvanın strateji coğrafi mövqeyi onun təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilməsini zəruri edir. Cənab Prezidentin də qeyd etdiyi kimi, Naxçıvanın müdafiə potensialının gücləndirilməsi prioritet istiqamətlərdən biridir: “Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir. O cümlədən Naxçıvanda hərbi potensial gündən-günə gücləndirilir və gücləndiriləcək.”
Bu mesaj Azərbaycanın Naxçıvanın təhlükəsizliyinə verdiyi strateji əhəmiyyətin aydın göstəricisidir. Müdafiə imkanlarının müasir tələblərə uyğunlaşdırılması, hərbi potensialın gücləndirilməsi və təhlükəsizlik infrastrukturunun inkişaf etdirilməsi regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasına xidmət edir.
Naxçıvanın gələcək inkişafında sənaye və enerji sektorunun xüsusi çəkisi olacaq. Yeni Sənaye Parkının təməlinin qoyulması regionda istehsal imkanlarının genişləndirilməsi, yeni müəssisələrin yaradılması, məşğulluğun artırılması və iqtisadi fəallığın yüksəldilməsi baxımından mühüm addımdır.
Sənaye Parkının tərkibində 300 meqavat gücündə istilik elektrik stansiyasının inşasının nəzərdə tutulması isə layihənin strateji əhəmiyyətini daha da artırır. Cənab Prezidentin söylədiyi kimi “bu layihə həm Naxçıvanın dayanıqlı enerji təminatına, həm də gələcəkdə elektrik enerjisi ixracına imkan yaradacaq.”
Bununla yanaşı, Naxçıvanın Günəş enerjisi potensialından geniş istifadə edilməsi də qarşıdakı dövrün əsas istiqamətlərindəndir. 600 hektardan artıq ərazidə yüzlərlə meqavat gücündə Günəş elektrik stansiyalarının yaradılması planlaşdırılır. Naxçıvanda Günəş enerjisi istehsalının gələcəkdə ən azı 500 meqavata, potensial olaraq isə 1000 meqavata çatdırılması regionun Azərbaycanın yaşıl enerji strategiyasında mühüm yer tutacağını göstərir.
Beləliklə, Naxçıvanın enerji ixrac edən mühüm mərkəzlərdən birinə çevrilməsi üçün geniş imkanlar yaranır.
Naxçıvanın gələcək inkişafında nəqliyyat-kommunikasiya layihələri də xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Zəngəzur dəhlizi regionun strateji əhəmiyyətini daha da artıracaq əsas layihələrdən biridir.
Cənab Prezidentin qeyd etdiyi kimi, “bu layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən strateji nəqliyyat bağlantısı olmaqla yanaşı, daha geniş regional nəqliyyat sisteminin mühüm hissəsinə çevriləcək.”
Azərbaycanın əsas hissəsində Horadiz–Ağbənd istiqamətində avtomobil və dəmir yolu layihələrinin həyata keçirilməsi, Naxçıvan istiqamətində dəmir yolu infrastrukturunun bərpası üzrə işlərin davam etdirilməsi gələcəkdə regionun nəqliyyat imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək.
Xüsusilə Naxçıvan dəmir yolunun gələcəkdə 15 milyon ton yükdaşıma qabiliyyətinə çatdırılması bölgənin regional tranzit qovşağına çevrilməsi üçün böyük iqtisadi potensial yaradır. Cənab Prezidentin bəyan etdiyi kimi: “Naxçıvan əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcək.”
Naxçıvanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşməsi onun regional iqtisadi əhəmiyyətini daha da artırır. Eyni zamanda, Zəngəzur dəhlizi üzrə elektrik xətlərinin, fiber-optik kabellərin və zərurət yaranacağı təqdirdə digər enerji infrastrukturlarının yaradılması imkanlarının nəzərdən keçirilməsi layihənin sadəcə nəqliyyat deyil, geniş geoiqtisadi əhəmiyyət daşıdığını göstərir.
Naxçıvana səfər zamanı regionun tarixi-mədəni irsinə də xüsusi diqqət yetirilib. Möminə Xatun məqbərəsinin bərpası ilə bağlı görülən işlər dövlətin tarixi abidələrin qorunmasına və milli-mədəni irsin gələcək nəsillərə çatdırılmasına münasibətinin göstəricisidir. Tarixi yaddaşın qorunması, milli-mənəvi dəyərlərin yaşadılması və mədəni irsin gələcək nəsillərə ötürülməsi də inkişaf strategiyasının mühüm tərkib hissəsidir.
Naxçıvanın inkişaf strategiyasında sosial məsələlər də əsas prioritetlər sırasında yer alır. Səfər zamanı DOST Mərkəzinin açılışı, “ASAN xidmət”in fəaliyyəti, yeni elektrik avtobuslarının təqdimatı, şəhərlərarası və rayonlararası nəqliyyatın yaxşılaşdırılması ilə bağlı qərarlar vətəndaşların gündəlik həyatının daha da yaxşılaşdırılmasına yönəlmiş mühüm addımlardır.
Bu layihələrin əsas məqsədi dövlət xidmətlərinin əlçatanlığının artırılması, müasir nəqliyyat imkanlarının genişləndirilməsi və insanların rahatlığının təmin olunmasıdır.
Cənab Prezidentin müsahibəsində diqqət çəkən mühüm məqamlardan biri də Naxçıvanın Qarabağ və Şərqi Zəngəzurla vahid inkişaf konsepsiyası çərçivəsində nəzərdən keçirilməsidir.
Dövlət başçımız bildirdi ki,“Naxçıvan, azad olunmuş ərazilər - Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir.”
Bu yanaşma gələcəkdə üç region arasında iqtisadi, nəqliyyat, enerji və sosial əlaqələrin daha da gücləndirilməsi üçün mühüm imkanlar yaradır.
Qarabağ və Şərqi Zəngəzur kimi Naxçıvanın da yaşıl enerji zonası kimi inkişaf etdirilməsi nəzərdə tutulur.
Səfər zamanı diqqət yetirilən məsələlərdən biri də Naxçıvanda idarəetmə sisteminin təkmilləşdirilməsidir. Qarabağ və Şərqi Zəngəzurda tətbiq edilən idarəetmə modelinin Naxçıvanda da tətbiqi idarəetmənin çevikliyinin və səmərəliliyinin artırılmasına xidmət edir.
Burada əsas məqsəd muxtar respublikanın statusunu qorumaqla idarəetmənin müasir tələblərə uyğunlaşdırılması, kadr və struktur islahatlarının regionun inkişaf hədəflərinə uyğun qurulmasıdır.
Dövlət başçısının mesajları Naxçıvanın qarşıdakı illərdə yeni iqtisadi, sosial və strateji inkişaf mərhələsinə qədəm qoyduğunu təsdiqlədi.
