Xəbərlər
Bakı-Daşkənd: qardaşlıq körpüsündən müttəfiqlik yoluna
Əli Hüseynli
Milli Məclisin deputatı
Azərbaycan və Özbəkistan arasında münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyaraq qardaşlıq və dostluq əlaqələrindən strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Prezident İlham Əliyevin avqustun 21-də Özbəkistana səfər öncəsi bu ölkənin Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə də iki ölkə arasında münasibətlərin bütün istiqamətləri ətraflı qiymətləndirilib, əldə olunan nəticələr və gələcək əməkdaşlığın əsas prioritetləri diqqətə çatdırılıb.
Dövlət başçısı müsahibəsində Azərbaycan–Özbəkistan münasibətlərinin möhkəm təməlini ortaq tarix, mədəniyyət, dil, mənəvi dəyərlər və xalqlar arasında əsrlər boyu formalaşmış qarşılıqlı rəğbətlə əlaqələndirib. Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə münasibətlərinin səmimi dostluq, qarşılıqlı hörmət və etimada əsaslandığını vurğulayaraq, bu amilin iki ölkə arasındakı müttəfiqliyin möhkəmlənməsində xüsusi rol oynadığını qeyd edib.
Müsahibədə siyasi münasibətlərin yüksək səviyyəsi də xüsusi vurğulanıb. 2024-cü ildə Azərbaycanın Özbəkistana, 2025-ci ildə isə Özbəkistanın Azərbaycana dövlət səfərləri zamanı imzalanan mühüm sənədlər, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə və Müttəfiqlik münasibətləri haqqında Müqavilə ikitərəfli əlaqələrin siyasi və hüquqi əsaslarını daha da gücləndirib. 2023-cü ildə yaradılmış Ali Dövlətlərarası Şura isə strateji əməkdaşlığın inkişafı üçün mühüm institusional platformaya çevrilib.
Prezident İlham Əliyevin diqqət çəkdiyi əsas istiqamətlərdən biri də iqtisadi-ticari əməkdaşlıqdır. Müsahibədə qeyd olunduğu kimi, 2025-ci ildə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artaraq 795 milyon dollara çatıb. 500 milyon ABŞ dolları kapitalla yaradılan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti isə qarşılıqlı investisiyaların artırılması və birgə layihələrin həyata keçirilməsi baxımından mühüm mexanizm kimi çıxış edir. Avtomobil istehsalı, sənaye, kənd təsərrüfatı və digər sahələrdə həyata keçirilən layihələr iqtisadi tərəfdaşlığın real nəticələrini nümayiş etdirir.
Enerji və nəqliyyat-logistika sahələrində əməkdaşlıq da xüsusi perspektiv vəd edir. Azərbaycan, Özbəkistan və Qazaxıstanın yaşıl enerji dəhlizinin yaradılması istiqamətində birgə fəaliyyəti regionun enerji potensialının Avropa bazarlarına çıxarılması baxımından strateji əhəmiyyət daşıyır. Eyni zamanda, Orta Dəhliz və Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsi arasında əlaqənin genişləndirilməsi Azərbaycan və Özbəkistanı Şərqlə Qərb arasında mühüm tranzit tərəfdaşlara çevirə bilər.
Müsahibədə mədəni-humanitar əlaqələrə də geniş yer ayrılıb. Qarşılıqlı mədəniyyət günləri, təhsil və elm layihələri, media və QHT forumları, qardaşlaşmış şəhərlər arasında əməkdaşlıq xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına xidmət edir. Füzulidə Özbəkistanın dəstəyi ilə inşa edilən Mirzə Uluqbəy adına məktəb və Bakıda yaradılan “Özbəkistan” parkı iki xalq arasındakı dostluğun rəmzi layihələri kimi diqqəti cəlb edir.
Azərbaycan və Özbəkistanın əməkdaşlığı ikitərəfli münasibətlərlə məhdudlaşmır. Prezident İlham Əliyevin müsahibəsində vurğulandığı kimi, hər iki ölkə Türk Dövlətləri Təşkilatı çərçivəsində türk dünyasının siyasi, iqtisadi və mədəni inteqrasiyasının gücləndirilməsinə mühüm töhfə verir. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinə tamhüquqlu iştirakçı kimi qoşulması isə Bakı ilə Mərkəzi Asiya arasında münasibətlərin yeni strateji məzmun qazandığını göstərir.
Prezident İlham Əliyevin müsahibəsində səsləndirilən fikirlərdən aydın görünür ki, Azərbaycan–Özbəkistan münasibətləri artıq yalnız iki qardaş dövlətin əlaqələri deyil, daha geniş regional əməkdaşlığın mühüm dayaqlarından biridir. Ortaq tarix və mənəvi dəyərlərlə möhkəmlənən bu münasibətlər siyasi etimad, iqtisadi qarşılıqlı fayda və regional maraqlar əsasında gələcəyə doğru inamla irəliləyir. Bakı ilə Daşkənd arasında formalaşan möhkəm müttəfiqlik həm Azərbaycan və Özbəkistanın milli maraqlarına, həm də Türk dünyasının birliyinə və regionda sabitliyin gücləndirilməsinə xidmət edir.
