Xəbərlər
Siyasi etimaddan strateji tərəfdaşlığa
Natiq Allahverdiyev
YAP Qax rayon təşkilatının sədri
İki qardaş ölkə - Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə, həmçinin birliyə, həmrəyliyə və xalqlarımızın əsrlərlə davam etdirdiyi, nəsildən-nəslə ötürdüyü dərin qarşılıqlı rəğbətə əsaslanır. Bu sözləri Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində söyləyib.
Dövlətimizin başçısı qeyd edib ki, dövlətlərimiz arasında siyasi dialoq çox yüksək səviyyədədir. Son beş ildə ən yüksək səviyyədə 15 müntəzəm qarşılıqlı səfərin və sıx təmasların həyata keçirilməsi əlaqələrin dinamik inkişafı və daha da möhkəmlənməsi üçün əlverişli şərait yaradıb.
Azərbaycan–Özbəkistan münasibətləri ortaq tarixə, mədəniyyətə, dilə və mənəvi dəyərlərə, xalqlarımız arasında əsrlər boyu formalaşmış dostluq, birlik və həmrəyliyə, nəsildən-nəslə ötürülən qarşılıqlı rəğbətə əsaslanır. Məhz bu möhkəm təməl üzərində qurulan dövlətlərarası münasibətlər son illərdə yeni məzmun qazanaraq müttəfiqlik səviyyəsinə yüksəlib.
Azərbaycan–Özbəkistan münasibətlərinin inkişaf potensialını müəyyən edən əsas istiqamətlərdən biri nəqliyyat-logistika əməkdaşlığıdır. İki ölkə arasında iqtisadi-ticari əlaqələr də dinamik inkişaf edir. Azərbaycan ilə Özbəkistan arasında ortaq köklərə, dil və mədəni yaxınlığa, eləcə də əsrlər boyu formalaşmış mənəvi dəyərlərə əsaslanan mədəni-humanitar əməkdaşlıq ikitərəfli münasibətlərin mühüm istiqamətlərindən biridir. Bu sahədə həyata keçirilən birgə layihələr xalqlarımız arasında qarşılıqlı anlaşmanın, etimadın, dostluğun və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə mühüm töhfə verir, humanitar əlaqələrə yeni məzmun qazandırır.
Həmçinin iqtisadi-ticari əməkdaşlığımız da son illərdə sürətli inkişaf dinamikası nümayiş etdirir. Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə üç dəfədən çox artıb və 795 milyon dollar təşkil edib. Bu, əla göstəricidir. Bundan əlavə, 2026-cı ilin yanvar-may aylarında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz artaraq 144 milyon dollara çatıb.
Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti ölkələrimiz arasında investisiya əməkdaşlığının inkişafı üçün mühüm platformaya çevrilib.Üç il əvvəl 500 milyon ABŞ dolları məbləğində ümumi kapitalla təsis edilən Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti ölkələrimiz arasında investisiya əməkdaşlığının inkişafı üçün mühüm platformaya çevrilib. Şirkət həm Azərbaycanda, həm də Özbəkistanda iqtisadiyyatın müxtəlif sektorlarında perspektivli layihələrin maliyyələşdirilməsinə və həyata keçirilməsinə əhəmiyyətli töhfə verir.
Hər iki ölkənin regionları arasında əlaqələr də intensivləşib, şəhərlər arasında qardaşlıq münasibətləri qurulub: “Bakı–Daşkənd, İsmayıllı–Riştan, Şuşa–Xivə, Lənkəran–Buxara, Şəki–Kokand, Biləsuvar–Termez, Mingəçevir–Namanqan, Füzuli–Güliston, Quba–Cizzax və Beyləqan–Şəhrisəbz şəhərləri arasında qardaşlaşma münasibətləri yaradılıb. Həmçinin Ürgənc–Naxçıvan, Ürgənc–Xankəndi və Buxara–Laçın şəhərləri arasında qardaşlaşma münasibətlərinin qurulması barədə qərar qəbul edilib”.
Azərbaycan ilə Özbəkistan arasında Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq da bu gün xüsusi əhəmiyyətə malikdir. Ötən il Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirildi. Təşkilat çərçivəsində əməkdaşlığa dair əsas məsələlər müzakirə edildi və TDT-nin möhkəmləndirilməsi, Türk dünyasında daha sıx birliyin təmin edilməsi, onun siyasi, iqtisadi və hərbi gücünün artırılması, həmçinin qlobal arenada təsir və güc mərkəzinə çevrilməsi məqsədilə bəyannamələr imzalandı.
Azərbaycan və Özbəkistan TDT-ni təkcə dövlətlərarası əməkdaşlıq platforması kimi deyil, həm də ortaq tariximizi, mədəniyyətimizi və mənəvi dəyərlərimizi gələcəyə daşıyan mühüm birlik kimi dəyərləndirir.
Dövlətimizin başçısı qeyd edib ki, bu möhkəm bünövrə üzərində qurulan dövlətlərarası münasibətlər son illər misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyub, ən yüksək pilləyə - müttəfiqlik səviyyəsinə yüksəlib və tamamilə yeni məzmun qazanıb.
