YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli həmrəylik ruhu və davamlı inkişafın təzahürü

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri

Azərbaycanın dilbər guşələrindən biri olan Laçın şəhərinin işğaldan azad edilməsindən dörd il ötür. 2022-ci il avqustun 26-da Prezident İlham Əliyev Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi ilə bağlı xalqımıza müjdə verdi. Həmin tarix Laçının yeni həyat mərhələsinin başlanğıcı olmaqla yanaşı, Böyük Qayıdış prosesinin mühüm hadisələrindən birinə çevrildi. Artıq dördüncü ildir ki, 26 avqust ölkəmizdə Laçın Şəhəri Günü kimi qeyd olunur. Bu əlamətdar gün xalqımızın doğma torpaqlarına qayıdış sevincini və dövlətimizin ərazi bütövlüyünün təmin olunmasını özündə əks etdirir.

Laçın rayonunun işğalı Azərbaycan tarixinin ən ağır səhifələrindən biri olub. 1992-ci ilin mayında Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən rayon 1 şəhər, 1 qəsəbə və 125 kəndi əhatə edirdi. İşğal nəticəsində Laçın əhalisi doğma yurdlarından didərgin salındı və rayonun dinc sakinləri ağır faciələrlə üzləşdi. 300-dən artıq hərbi və mülki şəxsin həlak olması və ya itkin düşməsi həmin dövrün acı nəticələrindən idi. Bununla yanaşı, rayonun sosial-iqtisadi infrastrukturu, mədəni irsi və yaşayış məntəqələri genişmiqyaslı dağıntılara məruz qaldı.

İşğal illərində Laçında Azərbaycanın tarixi-mədəni irsinə qarşı məqsədyönlü vandalizm siyasəti həyata keçirilib. Rayon ərazisində 54 dünya və 200-dən çox yerli əhəmiyyətli tarixi abidənin zərər görməsi bu siyasətin miqyasını aydın göstərir. Təhsil, səhiyyə və mədəniyyət müəssisələri də dağıntılardan öz payını alıb. Ümumilikdə 217 mədəniyyət, 101 təhsil və 142 səhiyyə müəssisəsinin talan və məhv edilməsi böyük itki idi. Bütün bunlar işğalın yalnız ərazilərin zəbt olunması ilə məhdudlaşmadığını, xalqımızın maddi və mənəvi irsinə qarşı da yönəldiyini göstərirdi.

Laçının işğalı ərəfəsində ölkədə mürəkkəb siyasi proseslərin getməsi də tariximizin mühüm məqamlarından biridir. Həmin dövrdə hakimiyyət uğrunda mübarizə dövlət idarəçiliyində ciddi böhran yaratmışdı. Cəbhədəki hərbi qüvvələrin və texnikanın müəyyən hissəsinin paytaxta gətirilməsi müdafiə imkanlarına mənfi təsir göstərirdi. 1992-ci il mayın 15-də hakimiyyət dəyişikliyindən cəmi üç gün sonra Laçının işğal edilməsi vəziyyətin nə qədər ağır olduğunu nümayiş etdirdi. Sonrakı hadisələr göstərdi ki, verilən vədlərə baxmayaraq, həmin dövrün siyasi rəhbərliyi işğal olunmuş ərazilərin azad edilməsi istiqamətində nəticə əldə edə bilmədi.

Laçının işğaldan azad olunması Azərbaycanın hərbi-siyasi iradəsinin nəticəsi kimi tarixə düşdü. 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistanın uzun illər davam edən işğal siyasətinə son qoyuldu. 2020-ci il dekabrın 1-də üçtərəfli Bəyanata uyğun olaraq Laçın rayonu Ermənistan silahlı qüvvələrindən boşaldıldı. Bundan əvvəl isə noyabrın 9-da Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Ordusu tərəfindən azad edilmişdi. 2022-ci il avqustun 26-da Laçın şəhəri ilə yanaşı Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi isə rayonun tam təhlükəsizliyinin təmin olunması baxımından xüsusi əhəmiyyət daşıdı.

Bu gün Laçın işğaldan sonrakı ağır mənzərədən tamamilə fərqli görüntüsü ilə diqqəti cəlb edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhərdə genişmiqyaslı tikinti və abadlıq layihələri həyata keçirilir. Yeni yaşayış binalarının, sosial obyektlərin və infrastrukturun yaradılması Laçının müasir simasını formalaşdırır. Böyük Qayıdış çərçivəsində ailələrin doğma yurda köçürülməsi bu quruculuğun ən mühüm nəticələrindəndir. Laçında açılan yeni iş yerləri və yaradılan iqtisadi imkanlar rayonun gələcək inkişafı üçün möhkəm baza yaradır.

26 avqust bundan sonra da Laçının dirçəlişinin, qayıdışın və Zəfərin rəmzi kimi qeyd ediləcək. Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində işğaldan azad edilmiş ərazilərdə geniş bərpa proqramları həyata keçirilir. Laçın şəhərində aparılan işlər Azərbaycanın dağıdılmış torpaqları qısa müddətdə yenidən canlandırmaq imkanlarını nümayiş etdirir. Doğma yurdlarına qayıdan insanların həyatının bərpası Böyük Qayıdış siyasətinin əsas məqsədlərindən biridir. Laçının bugünkü inkişafı Azərbaycan xalqının iradəsinin, dövlətimizin gücünün və Zəfərimizin real nəticələrinin parlaq nümunəsidir.