YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Etimada əsaslanan əməkdaşlıq: davamlı inkişafın təminatı

Abbas Əliyev

YAP Abşeron rayon təşkilatının sədri

Azərbaycanla Özbəkistan arasında münasibətlər son illər ərzində sürətlə inkişaf edərək keyfiyyətcə yeni mərhələyə yüksəlib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2026-cı ildə Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə də iki ölkə arasında mövcud əlaqələrin genişliyini və gələcək üçün böyük potensiala malik olduğunu bir daha ortaya qoydu.

Dövlətimizin başçısı müsahibəsində Azərbaycan-Özbəkistan əməkdaşlığının siyasi, iqtisadi, nəqliyyat, energetika, humanitar və digər istiqamətlərinə toxunaraq, iki ölkənin qarşılıqlı münasibətlərinin artıq sadəcə dostluq əlaqələri ilə məhdudlaşmadığını diqqətə çatdırdı.

Azərbaycan və Özbəkistan xalqlarını yaxınlaşdıran amillərin kökləri çox qədim tarixə gedib çıxır. Ortaq tarixi keçmiş, dil və mədəni yaxınlıq, eyni mənəvi dəyərlər və xalqlar arasında formalaşmış səmimi münasibətlər dövlətlərarası əlaqələrin möhkəm əsasını təşkil edir. Məhz bu zəmin üzərində son illərdə Azərbaycan-Özbəkistan münasibətləri sürətli inkişaf yolu keçərək müttəfiqlik səviyyəsinə yüksəlib.

Bu prosesdə iki ölkənin dövlət başçıları arasında mövcud olan yüksək qarşılıqlı etimad və dostluq münasibətləri xüsusi rol oynayır. Prezident İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi Azərbaycanın yaxın dostu və qardaşı adlandırması da bu münasibətlərin mahiyyətini aydın ifadə edir. Liderlər arasında müntəzəm təmaslar və qarşılıqlı səfərlər ikitərəfli əlaqələrin bütün istiqamətlər üzrə inkişafına güclü stimul verir.

Son beş il ərzində Azərbaycan və Özbəkistan arasında ən yüksək səviyyədə 15 qarşılıqlı səfərin reallaşması siyasi münasibətlərin dinamikliyinin göstəricisidir. Bu görüşlər zamanı əldə olunan razılaşmalar iki ölkənin əməkdaşlığını yeni sahələrlə zənginləşdirib və mövcud əlaqələrin praktiki nəticələrini artırıb.

İqtisadi münasibətlər də Azərbaycan-Özbəkistan tərəfdaşlığının mühüm dayaqlarından biridir. Ticarət əlaqələrinin genişlənməsi, investisiya imkanlarının artması və birgə müəssisələrin yaradılması iki ölkənin iqtisadi potensialının daha səmərəli şəkildə birləşdirilməsinə imkan verir. 2025-ci ildə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin 795 milyon ABŞ dollarına çatması, 2026-cı ilin ilk beş ayında isə bu göstəricinin 33 faiz artması əməkdaşlığın müsbət dinamikasını nümayiş etdirir.

İki ölkənin 500 milyon ABŞ dolları həcmində ümumi kapitalla yaratdığı Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti də qarşılıqlı sərmayələrin və birgə layihələrin genişləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Bu mexanizmin gələcəkdə yeni iqtisadi təşəbbüslərin həyata keçirilməsinə imkan yaradacağı gözlənilir.

Nəqliyyat və logistika sahəsi də iki ölkə üçün strateji əhəmiyyət daşıyan istiqamətlərdəndir. Xəzər dənizi Azərbaycanla Mərkəzi Asiya arasında mühüm əlaqələndirici rol oynayır. Orta Dəhlizin imkanlarının genişləndirilməsi isə Azərbaycanı Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşaqlarından birinə çevirir. Özbəkistanın bu prosesdə fəal iştirakı həm ikitərəfli iqtisadi əlaqələrin inkişafına, həm də regional nəqliyyat imkanlarının genişlənməsinə xidmət edir.

Energetika sahəsində əməkdaşlıq üçün də yeni perspektivlər formalaşır. Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında yaşıl enerji istiqamətində qurulan əməkdaşlıq regionun enerji gələcəyi baxımından mühüm addımdır. Bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsi, enerji sistemlərinin əlaqələndirilməsi və əldə olunan yaşıl enerjinin ixracı istiqamətində görülən işlər Azərbaycanın enerji siyasətində yeni prioritetlərin ön plana çıxdığını göstərir.

İki ölkə arasındakı əlaqələrin mühüm xüsusiyyətlərindən biri də onların yalnız dövlətlərarası siyasi və iqtisadi münasibətlərlə məhdudlaşmamasıdır. Mədəniyyət, təhsil, elm və humanitar sahələrdə həyata keçirilən layihələr Azərbaycan və Özbəkistan xalqlarının onsuz da yaxın olan münasibətlərini daha da möhkəmləndirir. Qarşılıqlı mədəniyyət tədbirləri, təhsil və elm layihələri, eləcə də şəhərlər arasında qardaşlıq münasibətləri bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Özbəkistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası prosesində göstərdiyi dəstək isə iki xalq arasındakı qardaşlığın konkret ifadəsidir. Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşa olunması bu dostluğun gələcək nəsillərə ötürülən mühüm rəmzlərindən birinə çevrilib. Bakıda “Özbəkistan” parkının yaradılması da Azərbaycan paytaxtında iki xalq arasındakı dostluğun və qardaşlığın daha bir ifadəsidir.

Azərbaycan-Özbəkistan əməkdaşlığının əhəmiyyəti yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmır. Bu tərəfdaşlıq Türk dünyasının birlik və həmrəyliyinin gücləndirilməsinə də mühüm töhfə verir. Hər iki ölkənin Türk Dövlətləri Təşkilatında fəal iştirakı türk dövlətləri arasında siyasi, iqtisadi, mədəni və humanitar əlaqələrin inkişafına əlavə imkanlar yaradır.

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinin son dövrdə daha da intensivləşməsi regionda yeni əməkdaşlıq imkanlarının yaranmasına səbəb olur. Qarşılıqlı səfərlərin çoxalması, siyasi dialoqun güclənməsi, iqtisadi layihələrin genişlənməsi və nəqliyyat əlaqələrinin inkişafı Azərbaycanla Mərkəzi Asiya arasında daha sıx əməkdaşlıq məkanının formalaşmasına şərait yaradır. Bu baxımdan Azərbaycan-Özbəkistan münasibətlərini yalnız ənənəvi diplomatik əlaqələr çərçivəsində qiymətləndirmək artıq mümkün deyil. Hazırda bu münasibətlər siyasi etimada, qarşılıqlı dəstəyə, iqtisadi maraqların uzlaşdırılmasına, mədəni yaxınlığa və ortaq tarixi dəyərlərə əsaslanan hərtərəfli strateji tərəfdaşlıq xarakteri daşıyır.

Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan və Özbəkistan qarşılıqlı münasibətlərə yalnız bu günün prizmasından yanaşmır, eyni zamanda gələcək üçün uzunmüddətli hədəflər müəyyənləşdirirlər. Qarşıda yeni iqtisadi layihələrin, nəqliyyat marşrutlarının, enerji təşəbbüslərinin və humanitar proqramların həyata keçirilməsi üçün geniş imkanlar mövcuddur.

Azərbaycan və Özbəkistanın birgə fəaliyyəti iki ölkənin inkişafına töhfə verməklə yanaşı, daha böyük regional proseslərə də müsbət təsir göstərə bilər. Xüsusilə Türk dünyasında iqtisadi və siyasi əlaqələrin dərinləşdirilməsi baxımından Bakı və Daşkənd arasında əməkdaşlıq mühüm nümunədir. Beləliklə, tarixi və mənəvi qardaşlıq üzərində qurulan Azərbaycan-Özbəkistan münasibətləri bu gün strateji müttəfiqlik səviyyəsinə yüksəlib. İki dövlət arasında mövcud olan qarşılıqlı etimad, siyasi iradə və geniş əməkdaşlıq imkanları gələcəkdə daha böyük layihələrin həyata keçirilməsi üçün möhkəm zəmin yaradır.