Xəbərlər
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Rəşad Mahmudov
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı
Dünyanın nüfuzlu qurumlarından birinə çevrilmiş Şanxay Əməkdaşlıq Təşkilatı çoxqütblü dünya düzənində qarşılıqlı əməkdaşlığın, inkişafın və tərəqqinin mühüm platformasıdır. Təşkilat dövlətlərin təhlükəsizlik maraqlarının, iqtisadi prioritetlərinin və regional maraqlarının qorunması üçün geniş əməkdaşlıq imkanları yaradır. Azərbaycanın bu mötəbər qurumla əməkdaşlığı təsadüfi xarakter daşımır. Avropanın enerji xəritəsində mühüm pay sahibi olan Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinin genişlənməsi ölkəmizin çoxşaxəli xarici siyasətini və yeni geosiyasi reallıqlara uyğun çevik yanaşmasını nümayiş etdirir. Bu əməkdaşlıq təhlükəsizlik, enerji, nəqliyyat-logistika, ticarət və investisiya istiqamətlərində qarşılıqlı maraqların daha geniş müstəvidə inkişafı üçün mühüm imkanlar açır. Avrasiyada qüdrətli təşkilat kimi nüfuz qazanmış ŞƏT-in üzv və tərəfdaş ölkələri ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir. Bu əlaqələr ölkəmizin iqtisadi, enerji, nəqliyyat və təhlükəsizlik sahələrində yeni imkanlar qazanmasına, Avrasiya məkanında qarşılıqlı münasibətlərin daha da genişlənməsinə töhfə verir.
Qırğızıstan səfəri çərçivəsində ölkə başçımızın müxtəlif ölkələrin liderləri ilə keçirdiyi görüşlər və Şanxay Əməkdaşlıq Təşkilatının növbəti sammitində iştirakı Azərbaycanın regional əməkdaşlığın inkişafına və beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsinə verdiyi önəmi bir daha nümayiş etdirdi. Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq ölkəmizin artan nüfuzunun və beynəlxalq mövqelərinin möhkəmlənməsinin mühüm göstəricilərindən biridir. Bu qurumla əməkdaşlıq Azərbaycanla üzv və tərəfdaş ölkələr arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin genişləndirilməsi baxımından mühüm imkanlar yaradır. Ölkəmizin təşkilat çərçivəsində artan önəmi Azərbaycanın regional və qlobal proseslərdə fəal rolunu, qarşılıqlı faydaya əsaslanan əməkdaşlığa verdiyi töhfəni daha da gücləndirir.
İkincisi, ölkəmizlə təşkilata üzv olan bir çox ölkə arasında uğurlu siyasi və iqtisadi tərəfdaşlıq əlaqələri mövcuddur. Dünyanın iqtisadi nəhənglərindən olan Çin Xalq Respublikası ilə əlaqələrimiz də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Xüsusilə ticarət, investisiya, nəqliyyat və logistika sahələrində mövcud potensial iki ölkə arasında iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi üçün geniş imkanlar yaradır.
Üçüncüsü, ŞƏT-lə əməkdaşlıq Azərbaycanın Avrasiya məkanında mövqeyini daha da gücləndirən istiqamətlərdən biridir. Təşkilata üzv ölkələrlə qurulan əlaqələr ölkəmizə geniş coğrafiyada yeni tərəfdaşlıqlar yaratmaq, mövcud münasibətləri dərinləşdirmək və qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığı genişləndirmək imkanı verir.
Nəhayət, məhz bu amillər Azərbaycanın ŞƏT-lə əməkdaşlığa verdiyi önəmi artırır. Ölkəmizin təşkilatla münasibətləri mövcud əlaqələrin qorunması ilə məhdudlaşmır, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsini də gündəmə gətirir. Azərbaycanın bu prosesdə fəal iştirakı ŞƏT ölkələri ilə qarşılıqlı əlaqələrin daha geniş müstəvidə inkişafına xidmət edir.
Bişkekdə “ŞƏT plyus” formatında keçirilən görüşdə Prezident İlham Əliyevin çıxışı xüsusi diqqət çəkdi. Dövlətimizin başçısı Qırğız Respublikasının Prezidentinə dəvət və qonaqpərvərliyə görə təşəkkürünü bildirərək Cənubi Qafqazda formalaşan yeni reallıqlardan danışdı. Prezident Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin paraflanmasını 30 ildən artıq davam edən münaqişənin başa çatması baxımından mühüm hadisə kimi qiymətləndirdi. Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdiyini, hazırda Ermənistanla ticarət, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində addımlar atdığını vurğuladı.
Bununla yanaşı dövlətimizin başçısı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin uzun illər icrasız qalmasını bildirərək gələcəkdə belə sənədlərin həyata keçirilməsi üçün səmərəli mexanizmlərin yaradılmasının vacibliyini qeyd etdi. Şübhəsiz ki, dövlət başçımızın bu mötəbər tribunadan səsləndirdiyi fikirlər böyük maraqla dinlənildi, xüsusi diqqət və rəğbətlə qarşılandı. Prezident çıxışında Azərbaycanın prinsipial mövqeyini aydın və sistemli şəkildə ifadə etməklə regionda davamlı sülhün, sabitliyin və əməkdaşlığın təmin olunması ilə bağlı mühüm mesajlar verdi.
Beləliklə, Azərbaycan ŞƏT münasibətləri Avrasiyada yeni imkanlar yaradır. Ölkəmiz milli maraqlarını qorumaqla yanaşı qarşılıqlı etimad və faydaya əsaslanan əlaqələrin daha da inkişafında maraqlıdır. Bişkekdə keçirilən görüşlər ŞƏT üzvü dövlətlərinin Azərbaycana yüksək münasibətini və ölkəmizə olan etimadını bir daha nümayiş etdirdi. Bu da onu göstərir ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan ardıcıl və praqmatik siyasət yürüdərək etibarlı, məsuliyyətli və qarşılıqlı faydaya əsaslanan tərəfdaş olduğunu bütün dünyaya sübut edib.
