Xəbərlər
YAP Sədərək rayon təşkilatının XIII konfransı keçirilib
Sentyabrın 11-də Yeni Azərbaycan Partiyası (YAP) Sədərək rayon təşkilatının XIII konfransı keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransda YAP Sədərək rayon təşkilatının sədri Vüsalə Əliyeva hesabat məruzəsi ilə çıxış edib. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası nüfuzlu siyasi təşkilat olaraq ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayıb. 1992-ci il noyabrın 21-də təsis edilən partiya hər zaman milli maraqları ön planda tutub, demokratik ənənələrin inkişafına böyük töhfələr verib.
Sədərək Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Yusif Seyidov bildirib ki, Yeni Azərbaycan Partiyası ölkəmizdə dövlətçilik ənənələrinin inkişafı istiqamətində şərəfli bir missiya yerinə yetirib. Vurğulanıb ki, YAP xalqın dəstəyinə arxalanır və Ulu Öndər Heydər Əliyevin siyasi irsini davam etdirir. O, həmçinin rayonun sosial-iqtisadi inkişafı, əhalinin rifahının yüksəldilməsi və ictimai fəallığın artırılması istiqamətində görülən işlərdən bəhs edib.
Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsindən və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı tarixi nailiyyətlərdən söz açıb. O, ərazi bütövlüyünün və suverenliyin bərpasını dövlətçilik tariximizin ən möhtəşəm uğurlarından biri kimi dəyərləndirib.
Çıxış edən partiya veteranı Arif Qasımov, Sədərək Rayon Təhsil Şöbəsinin müdiri Sirac Qarayev Yeni Azərbaycan Partiyasın xalqı vahid siyasi ideya ətrafında birləşdirdiyini və veteranların təcrübəsinin gənc üzvlərin fəaliyyətində mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.
YAP Mərkəzi Aparatının Siyasi təhlil, maarifləndirmə və seçkilərlə iş şöbəsinin müdir müavini Asif İmaməliyev Yeni Azərbaycan Partiyasının VII qurultayından sonra fəaliyyətin yeni tələblər əsasında qurulması, siyasi maarifləndirmə işinin genişləndirilməsi və qarşıya qoyulan vəzifələrin icrası istiqamətində görülən işlərdən danışıb.
Konfransda YAP Sədərək rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
