YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi, Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərini və müşahidəçilərini, Yəhya Bakuvi beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı tədbirdə çıxış edib.

Prezident İlham Əliyevin
çıxışı

-Hörmətli şeyx həzrətləri.

Hörmətli qonaqlar.

Sizi səmimiyyətlə salamlayıram. Qonaqlara “Azərbaycana xoş gəlmisiniz!” deyirəm.

Bu günlərdə Bakıda Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı keçirilir. Bu, özlüyündə böyük bir beynəlxalq tədbirdir. Eyni zamanda, bu günlərdə Bakıda böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirilir və çoxlu qonaqlarımız bu konfransda iştirak edirlər.

Bu iki tədbirin eyni vaxtda Bakıda keçirilməsinin böyük mənası var. Çünki biz öz dahi şəxsiyyətlərimizlə, mütəfəkkirlərimizlə, şairlərimizlə həmişə fəxr edirik. Seyid Yəhya Bakuvi onlardan biridir. XV əsrdə yaşayıb-yaratmış Yəhya Bakuvi çox böyük bir iz buraxmışdır.

Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər, şairlər, mütəfəkkirlər bəxş etmişdir. Sadəcə olaraq, onların adlarının sadalanması göstərir ki, xalqımız və diyarımız nə qədər istedadlarla zəngindir - XII əsrdə Nizami Gəncəvi, Xaqani Şirvani, XIV əsrdə İmadəddin Nəsimi, XV əsrdə Yəhya Bakuvi, XVI əsrdə Şah İsmayıl Xətai, Məhəmməd Füzuli. Yəni onların hər biri böyük bir dünyadır. Onların qoyduqları miras, tarixi-mədəni irs bu gün bizim üçün, onların davamçıları üçün, bütün Azərbaycan xalqı üçün və deyə bilərəm ki, bütün İslam aləmi üçün çox böyük dəyərdir.

Bilirəm ki, bizim tədbirlərdə bir çox ölkələrdən dini liderlər iştirak edirlər. Onları xüsusilə salamlayıram. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini liderlərindən başqa, bu gün Gürcüstan, Suriya dini liderləri, Şimali Qafqaz respublikalarının nümayəndələri, xüsusilə Dağıstandan, Çeçenistandan olan dini rəhbərlər iştirak edirlər. Yəni bu, birliyin nümunəsidir. Təbii ki, burada Azərbaycanın xüsusi rolu var. Çünki Azərbaycan həm Türk dünyasının bir parçasıdır, həm də Qafqaz ölkəsidir. Bizim ölkəmizin tarixinə baxanda hər şey açıq-aydın görünür. Qədim Qafqaz Albaniyası məhz bizim ərazilərimizdə mövcud idi və qədim dövlətin paytaxtı Qəbələ şəhəri idi, bu gün də ölkəmizin ən gözəl yerlərindən biridir.

Qədim Atabəylər dövlətinin paytaxtı isə digər gözəl şəhərimiz Naxçıvan olmuşdur. Yəni bu bir daha göstərir ki, Türk dünyası və Qafqaz - bu iki məkan, əslində, vahid bir coğrafiyanı əhatə edirdi və Türk Dövlətləri Təşkilatına üzv olan yeganə Qafqaz ölkəsi Azərbaycandır.

Təbii ki, bizim Türk dünyası ilə sıx əlaqələrimiz var, Qafqaz xalqları ilə sıx qohumluq, dostluq əlaqələrimiz var. Təbii ki, burada sizin bir yerdə olmağınız çox böyük rəmzi məna daşıyır. Çünki məhz belə birgə tədbirlər bizi daha da birləşdirir, aramızdakı dostluq, qardaşlıq əlaqələrini gücləndirir və dünyaya çox gözəl mesajlar verir.

Müsəlman dini liderlərin hər bir sözü, təbii ki, müsəlman icmaları üçün çox dəyərlidir, qiymətlidir. Bu sözlər sülhə, əməkdaşlığa, əmin-amanlığa, barışığa istiqamətləndirilirsə, deməli, yaşadığımız bölgələrdə də sülh və əmin-amanlıq üstünlük təşkil edəcək.

Bugünkü dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr, təbii ki, bizim hamımızı narahat edir. Biz Azərbaycanda hər zaman çalışmışıq və çalışacağıq ki, İslam həmrəyliyini əməli-praktiki addımlarla, öz işimizlə gücləndirək. Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatı, ICESCO təşkilatı xətti ilə bir çox tədbirlər keçirilmişdir. Hələ təxminən 10 il bundan əvvəl - 2017-ci ildə bizim təşəbbüsümüzlə və bütün müsəlman ölkələrinin dəstəyi ilə Bakıda IV İslam Həmrəylik Oyunları keçirilmişdir. Biz də bu Oyunları, sadəcə olaraq, idman yarışı kimi deyil, böyük birlik bayramı kimi qəbul edirdik.

Gələn il Bakıda İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü keçiriləcək. Dünyada gedən proseslərin fonunda belə bir tədbirin məhz Azərbaycanda keçirilməsi hesab edirəm ki, təsadüfi deyil. Düzdür, bu qərar bir qədər əvvəl qəbul edilmişdir, amma, əslində, çox düzgün bir qərardır. Çünki bir daha demək istəyirəm ki, Azərbaycan təmsil olunduğu bütün təşkilatlarda birləşdirici, barışdırıcı və əməkdaşlığa istiqamət verən ölkə kimi çıxış edir. Əminəm ki, gələn il Azərbaycanda keçiriləcək bu Zirvə Görüşünün çox gözəl nəticələri olacaq. Bizim ümidlərimiz ondan ibarətdir ki, o Zirvə Görüşünə qədər bəzi müsəlman ölkələri arasında gedən proseslər, anlaşılmazlıq, bəzi hallarda toqquşmalar başa çatacaq. Öz tərəfimizdən əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin, bütün lazımsız söz-söhbətlər yığışdırılsın, qarşıdurmalar dayandırılsın. Bizi ayırmaq istəyən, əslində, İslam dininə zərbə vurmaq istəyən ünsürlər də öz yerlərinə otursunlar. Əlbəttə ki, biz ancaq müştərək səylərlə buna nail ola bilərik.

Ona görə hesab edirəm ki, sizin Bakıda olmağınız və bir yerdə tədbirlərdə iştirakınız, yenə də deyirəm, həm bölgəmizə, həm dünyaya çox ciddi və birmənalı mesajlar verəcəkdir.

Bilirəm ki, səfər zamanı siz Qarabağa da gedəcəksiniz. Mənə verilən məlumata görə, Ağdam, Xankəndi, Xocalı, Şuşa şəhərlərində olacaqsınız. Əminəm ki, bu səfər sizin üçün çox maraqlı olacaq. Çünki həm 30 ilin işğalının fəsadlarını, dağıntılarını görəcəksiniz və eyni zamanda, bu gün dirçələn Qarabağın yeni simasını görəcəksiniz. Bu torpaqlar 30 il ərzində Ermənistanın işğalı altında idi. Xalqımıza qarşı hərbi cinayətlər törədilmişdir. Xocalı şəhərində qanlı soyqırımı törədilmişdir. Artıq Xocalıda Xocalı Memorial Kompleksi də yaradılıb və əgər vaxtınız olarsa, oraya da baş çəkə bilərsiniz.

Qarabağda və Şərqi Zəngəzurda yerləşən bütün şəhər və kəndlərimiz yerlə-yeksan edilmişdir. Xalqımıza qarşı etnik təmizləmə aparılmışdır. Bir milyona yaxın azərbaycanlı Ermənistan dövlətinin etnik təmizləmə siyasəti nəticəsində öz doğma torpaqlarından didərgin salınmışdır. Bildiyiniz kimi, 30 il davam edən danışıqlar heç bir nəticə verməmişdir. Çünki Ermənistan öz xoşu ilə torpaqlarımızdan çıxmaq istəmirdi. Ermənistanı dəstəkləyən böyük sayılan dövlətlər isə məsələni həll etmək yox, uzatmaq və bu işğalı əbədi etmək istəyirdi. Bu dövlətlər Ermənistana hərbi, iqtisadi, siyasi dəstək verərək faktiki olaraq işğalçını mükafatlandırırdı.

Azərbaycan xalqı bu ədalətsizliyə son qoydu və dünyada bir presedent yaratdı. Çünki bu vaxta qədər işğal edilmiş torpaqlar əfsuslar olsun ki, azad edilmirdi. Hər halda XX əsrdə və XXI əsrdə belə hallara rast gəlinmirdi, ya da ki, çox nadir hallarda rast gəlinirdi.

Azərbaycan xalqı qan tökərək, döyüşərək bu torpaqları azad etdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların canı-qanı bahasına, qəhrəman övladlarımızın fədakarlığı hesabına biz öz ədalətimizi, hüququmuzu və milli ləyaqətimizi bərpa etdik. İşğalçıları torpaqlarımızdan qovduq, Azərbaycan Bayrağını Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində qaldırdıq, separatçılığa son qoyduq. Separatçı liderlər, hərbi cinayətkarlar, uşaq qatilləri bu gün Azərbaycan həbsxanalarında öz cəzalarını çəkirlər. Bu da ədalətin təntənəsidir. Yəni ədalət tam zəfər çalmışdır və Azərbaycan xalqı bir yumruq kimi birləşərək öz ərazi bütövlüyünü, suverenliyini, beynəlxalq hüququ və ədaləti bərpa etmişdir.

Biz bu torpaqlara 30 ildən sonra qayıdanda nəyi gördük? Bunu indi bütün dünya görür - viran qoyulmuş şəhərlər, kəndlər, sökülmüş evlər, talanmış milli sərvətlərimiz, dağıdılmış məscidlər. 65 məscid Ermənistan dövləti tərəfindən, - mən xüsusilə bunu qeyd etmək istəyirəm, bu, Ermənistanın dövlət siyasəti idi, - Ermənistan dövləti tərəfindən tam dağıdılmışdır. Bəziləri yarıdağılmış vəziyyətdə idi. Yəqin ki, siz də o fotoları görmüsünüz, Ermənistan məscidlərdə bilərəkdən, qəsdən heyvan saxlayırdı, donuz saxlayırdı, inək saxlayırdı. Yəni bizi təhqir etmək, bizi aşağılamaq üçün, bizim həssaslığımızı dərk edərək, yəni qəsdən xalqımızı daha da incitmək üçün belə vəhşi əməllərdən də çəkinmədi. Əslində bu, təkcə bizə, xalqımıza yox, bütün İslam dünyasına bir təhqir idi. Bax, budur Ermənistan dövlətinin əsl siması. Biz bunu heç vaxt unutmamalıyıq və unutmayacağıq.

Bəli, bu gün sülh var və müharibə dayanıb. Ermənistanla Azərbaycan arasında sülh prosesi gedir və əminəm ki, bu, uzunmüddətli olacaq. Hər halda Azərbaycan dövlətinin mövqeyi bundan ibarətdir. Ancaq biz bizə qarşı, xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıq. Xocalı qurbanlarını unutmayacağıq, dağıdılmış məscidlərimizi, təhqir edilmiş mədəni ocaqlarımızı heç vaxt unutmayacağıq və bu yaddaş bizi daha da ayıq edəcək. Bu yaddaş imkan verməyəcək ki, biz yenə də şirin sözlərə aldanaq, imkan verməyəcəyik ki, yenə də xalqımıza qarşı hansısa məkrli planlar baş tutsun. Biz ayıq olmalıyıq, ayığıq və eyni zamanda, öz hərbi gücümüzü də artırırıq. Məhz hərbi güc və övladlarımızın qəhrəmanlığı nəticəsində biz Ermənistanın işğalçı ordusunu öz torpaqlarımızdan qovmuşuq. Ona görə hərbi vətənpərvərlik tərbiyəsi bu gün Azərbaycanda çox geniş vüsət alıb. Hər kəs görür ki, bu gün dünya tamamilə dəyişib və güc amili ön plana çıxıb. “Kim güclüdür, o da haqlıdır” prinsipini biz ortaya atmamışıq. Amma biz mövcud olan reallıqlarla gərək hesablaşaq və təbii ki, hesablaşırıq. Bilirik ki, suverenliyimizin, ərazi bütövlüyümüzün, xalqımızın bundan sonra azad, müstəqil xalq kimi yaşamasının bir zəmanəti var, o da bizim iradəmiz, qətiyyətimiz, hərbi gücümüz, xalqımızın bir yumruq kimi birləşməsi, imanımız və milli dəyərlərimizdir.

Əlbəttə ki, Qarabağa səfəriniz, yenə də deyirəm, çox maraqlı olacaq. Çünki siz dirçələn Qarabağı da görəcəksiniz. Bu gün Qarabağda və Şərqi Zəngəzurda artıq 48 şəhər və kənddə insanlar yaşayır. Yəni keçmiş köçkünlər qayıdıb, orada işləyənlər, təhsil alanlar məskunlaşıb. “Böyük Qayıdış” Proqramı uğurla icra edilir. Bax, dediyim bu şəhər və kəndlərdə artıq 90 mindən çox insan yaşayır. Yəni həyat qayıdıb və bu, bizim böyük nailiyyətimizdir, tarixi nailiyyətimizdir. Xalqımız 30 il ərzində əzab-əziyyət içində yaşayıb. Bu gün isə qalib xalq kimi, müzəffər dövlət kimi yaşayırıq.

Onu da bildirməliyəm ki, bütün bu əzablara, işgəncələrə, soyqırımlara baxmayaraq, biz Ermənistana, Ermənistan xalqına qarşı adekvat addım atmamışıq. İkinci Qarabağ müharibəsi zamanı biz ancaq hərbi birləşmələri atəşə tutmuşduq. Biz Ermənistandan fərqli olaraq, əliyalın, mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq. Bu, bizim xalqımızın mentalitetinə də, adətlərinə də ziddir. Mən hələ müharibə dövründə demişdim ki, biz intiqamımızı, qisasımızı döyüş meydanında almalıyıq və artıqlaması ilə aldıq da. Şəhidlərimizin qanı yerdə qalmadı. Biz şəhidlərimizin qanını düşməndən aldıq, düşməni məhv etdik, təslim olmağa məcbur etdik. Bir daha deyirəm, bu gün müzəffər xalq kimi qürurla yaşayırıq, qururuq.

Otuz il ərzində işğal dövründə Qarabağda Ermənistan dövləti bir daşı daş üstə qoymamışdır, bir bina tikməmişdi, ancaq öz yırtıcı, rüşvətxor və qaniçən rəhbərləri üçün villalar, imarətlər tikmişdir. İndi gedib görərsiniz, biz 4-5 il ərzində bütün o böyük ərazini, - təqribən 15 min kvadratkilometrə yaxın olan ərazi, - yəni bir ölkə boyda ərazini hansı hala gətirdik. Onu özünüz görərsiniz.

Mən bir daha sizi salamlayıram. Xüsusilə şeyx həzrətlərinə öz təşəkkürümü bildirmək istəyirəm. Şeyx həzrətləri həm Azərbaycanda, həm Qafqazda, Türk dünyasında, İslam dünyasında və dünyada böyük hörmətə malik olan şəxsiyyətdir. Onun fəaliyyəti həm Azərbaycan xalqı tərəfindən, həm qonşu dövlətlər, xalqlar tərəfindən yüksək qiymətləndirilir. Onun himayəsi, təşəbbüsü ilə keçirilən bu tədbirlərin çox böyük mənası var - həm xalqımız üçün, həm Qafqaz üçün, Türk dünyası üçün, İslam aləmi üçün. Ona görə hörmətli şeyx həzrətləri, sizə öz təşəkkürümü bildirmək istəyirəm. Qonaqlara da təşəkkürümü bildirirəm ki, bu gün bizimlə bir yerdədirlər. Sizə uğurlar, təmsil etdiyiniz xalqlara, ölkələrə xoşbəxtlik, əmin-amanlıq, cansağlığı arzulayıram.

Sağ olun.

x x x

Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək dedi:

-Bismillahir-rəhmanir-rəhim.

Möhtərəm Prezident İlham Əliyev cənabları, Zati-aliləri.

Sizin sözünüzün qüvvəti, mən bir şeyxülislam kimi Allah-taalanın nəsib etdiyi, Azərbaycanın müəyyən qədər sonrakı tarixində bu yeniliklərin əvvəlini də görmüşəm. Bu gün də mənə bu ahıl dövrümdə, bu yaşı keçmiş dövrümdə çiçəklənən Azərbaycanı görmək nəsib olub. Mən buna görə Allahıma şükür edirəm. Sizə də minnətdarlığımı bildirirəm ki, biz Sizin himayədarlığınız ilə Türk Dövlətləri Təşkilatının rəhbərləri böyük filosof, mötədil İslamı təbliğ edən Seyid Yəhya Bakuvinin işığında yığışmışıq. Bu himayədarlığı da Siz etmisiniz, hər cəhətdən kömək göstərmisiniz və ona görə də Sizə minnətdarlığımı bildirirəm.

Həqiqətən də Sizin gördüyünüz işlər, atdığınız addımlar məni dünənə də aparır, bu günə də gətirir. Mənim dünənim, - Allah rəhmət eləsin, - Ulu Öndər Heydər Əliyev cənabları ilədir, onunla bərabər addımlayırdıq, görürdük, o, bizə gələcəyi göstərirdi. Hələ o dövrdə o, Azərbaycana ikinci dəfə rəhbər gələndən sonra bizi, din xadimlərini digər din nümayəndələri ilə birlikdə yığdı, bizə multikulturalizm yolunu öyrətdi, doğru yolu öyrətdi, dinlərlə birlikdə olmaq, qardaş olmaq, dost olmaq yolunu öyrətdi. Amma bir şeyi də deyim ki, o mənə deyərdi, şeyx, mən səni göndərmişəm oxumağa. Sən mənim tələbəm olmusan o dövrdə. Onu da mən demək istərdim ki, hələ 1968-ci ildə mənim mədrəsəyə gedib oxumağım Heydər Əliyev cənablarının istəyi ilə olubmuş. Mən onu bilmirdim, sonrakı dövrlərdə mənə dedi.

Bu gün mən görürəm ki, Azərbaycan çiçəklənir, Sizin rəhbərliyinizlə dünyada zirvələr fəth edir. Xüsusən Zati-alinizin rəhbərliyi ilə suverenliyimizin, ərazi bütövlüyümüzün tam şəkildə bərpa edilməsi bizim üçün böyük ərməğan olub. Biz onu ancaq röyalarımızda görürdük, fikirləşirdik. Amma həyatda Allah-taala mənə nəsib etdi. Çünki bəzi adamlar var idi, deyirdilər ki, bu, ola bilməz, biz buna inanmırıq. Amma əlhəmdülillah, Sizin rəhbərliyinizlə, Sizin siyasətinizlə, Sizin apardığınız həm daxili, həm xarici siyasət, həm xalqın birliyi ilə Qələbə qazandıq, Zəfər qazandıq. Allah-taala həmişə Sizi uca eləsin, Zəfərinizi uca eləsin, bizim dualarımız Sizinlədir. Minnətdaram ki, Siz mənə bu cür qiymət verdiniz, verirsiniz və mənim qarşımda daha böyük vəzifələr qoyursunuz. Yəni verdiyiniz bu qiymətə görə mən imkan daxilində həyatımda əlimdən gələni edəcəyəm ki, gələcəkdə də İslam dünyasında, dinlər arasında münasibətləri, qardaşlıq münasibətlərini, bir də ki, Azərbaycanın İslam həmrəyliyini, tolerantlığını bütün dünyada yaya bilim və çatdıra bilim.

Mən bir daha Sizə təşəkkürümü bildirirəm ki, sıx iş qrafikinizə baxmayaraq, bizi qəbul etdiniz. Bu, Sizin milli-mənəvi dəyərlərə verdiyiniz böyük qiymət deməkdir. Ona görə də bizi qəbul etdiyinizə görə Sizə öz təşəkkürümüzü bildiririk. Allah-taala Sizə cansağlığı versin! Allah-taala Azərbaycanımızı qorusun! Allah-taala Sizə yeni-yeni Zəfərlər nəsib etsin, inşallah!

Prezident İlham Əliyev: Sağ olun.

Şeyxülislam Allahşükür Paşazadə: Mən istərdim ki, sözü Türk Dövlətləri Təşkilatının Baş katibinə verim.

Prezident İlham Əliyev: Sağ olun, təşəkkür edirəm.

X X X

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev çıxış edərək dedi:

-Zati-aliləri, biz Sizin ümumi qardaşlıq naminə göstərdiyiniz səyləri yüksək qiymətləndiririk və Siz bunu bu gün bir daha göstərdiniz.

Dünən də Türk dünyasının dini liderlərinin 7-ci görüşünü keçirdik. Əlbəttə ki, sonrakı beynəlxalq konfrans Bakının beynəlxalq aləmin paytaxtına necə çevrilməsini nümayiş etdirir.

Həmin Qələbədən sonra təkcə Azərbaycan xalqı deyil, həmçinin bütün dünyada yaşayan azərbaycanlılar Sizin liderlik keyfiyyətlərinizdən fərəhlənir.

Mən çox qısa danışacağam. Bildiyiniz kimi, Türk dünyamızın liderliyi sayəsində biz 60-dan çox sahədə əməkdaşlıq edirik və bu sahələrdən biri dindir. Bu məsələ çox vacibdir. Xüsusilə biz Fətva komitəsinin qərarlarını bəyan etmək üçün qərarlar qəbul edirik.

İcazə verin, buna görə müftilərimiz adından Zati-alinizə məktubları təqdim edim.

x x x

Allahşükür Paşazadə: Çox sağ olun. Onu da deyim ki, bu Türk dövlətlərin dini liderlərinin bu toplantısının ideyası da Sizindir. Sizin adınızdan gəldilər, məsləhət oldu və biz də onu yerinə yetirdik. İnşallah, bunu da davam etdirəcəyik.

Türkdilli Dövlətlərin Dini Liderləri adından çıxış edən Türkiyə Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquş dedi:

-Cənab Prezident, əvvəlcə bizi qəbul etdiyiniz üçün minnətdarlığımı bildirmək istəyirəm. Hörmətli qardaşınız, Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın salamlarını Sizə çatdırıram.

Prezident İlham Əliyev: Sağ olun.

Safi Arpaquş: Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının 7-ci görüşünün və Şeyx Seyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransın bu gözəl Azərbaycan şəhərində keçirilməsindən məmnunluğumuzu bildirmək istəyirəm. Ev sahibliyinizə və qonaqpərvərliyinizə görə bütün dostlarım adından ehtiramımı bildirirəm. Azərbaycan xalqına və Azərbaycan dövlətinə əbədi davamlı birlik, həmrəylik və İslam ümməti daxilində qardaşlıq arzulayır, bunun dünya mövcud olduğu müddətdə davam etməsini diləyirik. Bu hisslərlə Sizə bizi qəbul etdiyiniz üçün bir daha təşəkkür edirəm və Zati-alinizə hörmətimi bildirirəm.

x x x

Prezident İlham Əliyev: Təşəkkür edirəm, sağ olun.

Şeyxülislam Allahşükür Paşazadə: Çox sağ olun, minnətdaram. Biz həm də belə qərara gəlmişik ki, bu konfransı Zati-alinizin qarşısında dayanıb çıxış etdiyiniz Ağdam məscidində davam etdirək. Çünki yadımdadır, hələ o dövrdə bütün Qarabağ şəhidlərinin dini mərasimləri həmin məsciddə olurdu.

Prezident İlham Əliyev: Bəli, o cümlədən Xocalı qurbanlarının.

Şeyxülislam Allahşükür Paşazadə: Bəli, o məscid çox şeylərə şahiddir. Ona görə də belə məsləhət oldu ki, bu gün oraya yola düşək. Sabah, İnşallah, orada həm Seyid Yəhya Bakuvi, həm də Türk Dövlətləri Təşkilatı dini liderlərinin konfranslarını həmin məsciddə davam etdirək. Həm də Xocalını, inşallah, ziyarət edəcəyik. Bizim belə bir məsləhətimiz var.

Prezident İlham Əliyev: Düzdür, şeyx həzrətləri, tamamilə haqlısınız. Ağdam məscidi tarixi bir məsciddir və hamımız yaxşı bilirik ki, işğal dövründə hələ ki Ağdam işğal olunmamışdı, bizim şəhid olmuş soydaşlarımızın dini tədbirləri, mərasimləri orada keçirilirdi. O cümlədən Xocalı qurbanlarının da bütün mərasimləri orada keçirilmişdi. Onu da bildirməliyəm ki, biz bərpa işlərinə, demək olar ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan dərhal sonra - 2021-ci ildən başlamışdıq. Bərpa edilən birinci obyekt Ağdam məscid olmuşdur. Bu günədək artıq 12 məscid, - hansılar ki, ya tamamilə dağıdılmışdı, ya da ki, yarı dağıdılmışdır, - bərpa edilib, yenidən qurulub və bu proses davam etdirilir. O cümlədən siz Şuşada yeni inşa edilən məscidin tikintisi ilə də tanış olacaqsınız.

Yəni, bir daha demək istəyirəm, xalqımızın milli-mənəvi dəyərlərimizə, dinimizə o qədər böyük sevgi və hörməti var ki, biz birinci bərpa işlərini məsciddən başladıq və bu gün bu proses davam etdirilir. Ona görə çox yaxşı bir qərardır və Ağdam da faktiki olaraq indi yenidən qurulur. Onu da bildirməliyəm ki, işğal dövründə Ağdamda bir dənə də olsun bina qalmamışdı. Nə şəhərdə, nə də ki, işğal altında olan kəndlərdə. Bütün binalar söküldü, daşlar talan edildi, aparıldı, bazarlarda satıldı. Bunun əsas məqsədi o idi ki, şəhərlər dağıdılsın, ondan sonra azərbaycanlılar heç vaxt qayıtmasınlar. Bu, birinci məqsəd idi. İkinci məqsəd əlbəttə ki, təmənna, yəni talançılıq idi. Sökülən o daşları, binaların dam örtüklərini, çərçivələri -hamısı - hətta qəbir daşlarına qədər - onları da aparmışdılar. Sonra o rəhmətə getmiş insanların o qəbir daşlarında olan adlarını silib onları bir mərmər kimi, qranit kimi bazarlarda satırdılar. Biz, bax belə misli görünməmiş talançılıqla üzləşmişdik. Hətta qəbirləri qazıb rəhmətə getmişlərin qızıl dişlərini belə çıxardırdılar.

Bütün bunları dünya bilməlidir. Dünya 30 il ərzində buna göz yumub. Ermənistanın arxasında duran böyük dövlətlər, o cümlədən və ilk növbədə, mənfur Minsk qrupunun həmsədr ölkələri bütün bu işləri ört-basdır etmək istəyirdi. Ermənistan işğal edilmiş torpaqlara heç bir xarici müşahidəçi buraxmırdı. Ancaq Qərbdən və digər ölkələrdən olan pulla alınmış bəzi siyasətçiləri, ictimai xadimləri gətirirdilər ora göstərsinlər ki, onlar burada necə yaşayırlar. Amma beynəlxalq təşkilatlar buna səssiz qalıb. Birləşmiş Millətlər Təşkilatı, - hansı ki, Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdi ki, işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələri çıxarılmalıdır, - səssiz qalıb, ATƏT səssiz qalıb. Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib. Avropa Parlamenti işğalçı Ermənistana hər zaman dəstək verib və bu gün də bu belədir. Yəni bax bu, bizə olan münasibətin kiçik bir təsviridir. Görün, biz kimlərlə üzbəüz qalmışdıq, yəni Ermənistan təkbaşına deyildi. Ermənistan təkbaşına olsaydı, bu məsələ çoxdan həll olunardı. Yaxud da ki, o vaxt bu işğala, bu vəhşiliyə, bu soyqırımına görə Ermənistana beynəlxalq sanksiyalar tətbiq edilsəydi, məsələ çoxdan həll olunardı. Eləmədilər, bilərəkdən, qəsdən. İndi yeri gəldi-gəlmədi, hər yerə sanksiyalar qoyulur. Amma yaxşı, Ermənistan burada başqa dövlətin 20 faiz torpağını zəbt edib, 700 min insanı oradan qovub, 250 min insanı - azərbaycanlıları Ermənistandan qovub, dağıdıb hər şeyi, bütün şəhərləri. Sən niyə ona sanksiya tətbiq etmirsən? Bu, deməli, ikili standartlardır. Haradan gəlir bu ikili standartlar, aydın məsələdir. Hər halda İslam aləmindən gəlmir. Ona görə bax, biz hamımız bunu bilməliyik.

Mən bir də qayıdıram ön sözümə ki, bizim birliyimiz hər birimizi gücləndirəcək. Çünki biz hər birimiz tək qalanda çətinliklərlə üzləşə bilərik. Amma Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz. Heç kim bizə qarşı ədalətsizlik edə bilməz. Ona görə də biz dövlət olaraq və dövlət siyasəti apararaq bu amili həmişə üstün tuturuq. Çünki biz bu ədalətsizliklə üzləşmişdik. 30 il biz bütün Avropa təşkilatlarında öz səsimizi ucaldırdıq, həqiqəti çatdırmağa çalışırdıq. Elə mən özüm şəxsən 2001-ci ildə, - o vaxt Milli Məclisin deputatı idim, Azərbaycan Avropa Şurası Parlament Assambleyasına üzv olmuşdu, mən də Azərbaycan nümayəndə heyətinin başçısı idim, - bizim nümayəndə heyəti oraya gələndə, birinci növbədə bu məsələni qaldırdıq ki, ədalətsizliyə son qoyulmalıdır və nə tələb edirdik. Tələb etmirdik ki, Avropa Şurası, gedin, Ermənistana qarşı vuruşun. Tələb edirdik ki, siyasi qərar qəbul edin. İşğalçını işğalçı adı ilə çağırın və siyasi qərarın qəbul edilməsi faktiki olaraq bir siyasi qiymətdir. Bunu etmək istəmədilər. Siyasi qiymət verilmədi. Əksinə, bizi qaralayırdılar, bizi ləkələyirdilər və bu gün də bu, davam edir. Baxın, indi Azərbaycan gücləndikcə, necə deyərlər, öz potensialını tam işə saldıqca, yenə də bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır. Yəni bizi qaralayırlar, Azərbaycan haqqında hər gün yalan, iftira, böhtanla dolu yazılar dərc edilir.

Avropa Şurasında Ermənistana qarşı sanksiya tətbiq edilmədi. Amma biz ki, 2023-cü ilin sentyabrında Qarabağı tam azad etdik, separatçılığın kökünü kəsdik və separatçıları həbs etdik, deməli, ondan dörd ay sonra Avropa Şurası bizə qarşı sanksiya tətbiq etdi. Bax, onların əsl siması budur. Avropa Parlamenti rüşvətxorlar yuvasıdır. Bunu mən tam məsuliyyətlə deyirəm - rüşvətxorlar yuvasıdır Avropa Parlamenti. Onun vitse-prezidentinin evindən çamadanlarla dolu milyonlarla dollar çıxdı, hamısını ört-basdır etdilər. Elə bil olmayıb bu. Onun adı bəllidir, o Yunanıstandan olan bir xanım deputatdır. Neçə il keçib onun üstündən? Bir ölçü götürülüb ona qarşı? Yox! Məsuliyyətə cəlb edilib? Yox! Sərbəst buraxılıb. Avropa Parlamenti bax, bu islamofoblardan ibarətdir və bu da daim diqqət mərkəzində olmalıdır.

Bizim dinimizə qarşı, İslam dünyasına qarşı elan olunmamış müharibə gedir və islamofobiya onun kiçik bir tərkib hissəsidir. Müsəlman aləmini gözdən salmaq, ləkələmək, terrorla eyniləşdirmək, bizim dəyərlərimizə qarşı, müqəddəs “Qurani-Kərim”ə qarşı o təhqiredici faktlar. Siz hesab edirsiniz ki, bunlar elə təsadüfən baş verir? Yox! Bu, məqsədyönlü siyasətdir. Biz də nə qoymalıyıq bunun qabağına? Ancaq birliyimizi! Ona görə bu birliyə çağırış, sadəcə olaraq, şüar deyil. Azərbaycan çox nadir müsəlman ölkələrindəndir ki, Avropa təşkilatlarında iştirak edir. Ona görə biz bilirik orada nələr baş verir. Avropa Şurasının üzvü olaraq biz bu ədalətsizliklərlə üzləşmişdik, üzləşirik və yəqin ki, üzləşəcəyik. Bizə qarşı elan edilməmiş bu qarayaxma kampaniyası heç vaxt dayanmayacaq. Nə üçün? Çünki biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik, öz sözümüzü deyirik, öz milli mənliyimizi qoruyuruq, öz həyat tərzimizi qoruyuruq. İmkan vermirik ki, xalqımıza və dinimizə yad olan bəzi meyillər Azərbaycanda kök salsın. Mənəviyyat keşikçiləriyik. Bax, buna görə bizə qarşı bu kampaniyalar aparılır. Mən bizim görüşümüzün çərçivələrini bir qədər genişləndirdim, yəni sadəcə olaraq, öz fikirlərimi sübutlarla əsaslandırmaq üçün. Yəni bir daha bu əsas mesaj odur ki, biz hamımız birliyə çalışmalıyıq. Yenə də deyirəm, din xadimlərinin sözləri bütün müsəlman ölkələri üçün xüsusi məna daşıyır. Buyurun.

X X X

Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam çıxış edərək dedi:

-Bismillahir-rəhmanir-rəhim.

Zati-aliləri Prezident İlham Əliyev.

Şeyxülislam Allahşükür Paşazadə həzrətləri.

Möhtərəm alimlər, mötəbər konfransın hörmətli iştirakçıları.

Cənab Prezident, icazənizlə, çıxışıma Sizin sözlərinizə münasibət bildirməklə başlamaq istərdim.

Cənab Prezident, Siz ölkənizi həm dünyaya, həm də İslam aləminə İslam qardaşlığının aparıcı nümunəsi kimi təqdim etməyə nail olmusunuz. Bu qardaşlıq bütün parçalanmaları, qarşıdurmaları, məzhəb və təriqət ayrı-seçkiliklərini aşaraq, Sizin də qeyd etdiyiniz kimi, həll yolunun İslam həmrəyliyindən və birliyindən keçdiyini bəyan edir.

Alimlərin və fəqihlərin rolu olduqca mühüm məsələdir. Çünki diplomatiyanın və siyasətin səsi ilə yanaşı, alimlərin və mütəfəkkirlərin də güclü səsi olmalıdır.

İcazənizlə, Siz danışarkən və ölkənizin keçdiyi bu mühüm, həssas mərhələləri bütün aydınlığı ilə nəql edərkən ağlıma gələn bir fikri Sizinlə bölüşüm. Bu, Sizi dinləyənlərin ilk dəfə eşitdiyi bir fikir deyil. Mən Sizi bir neçə dəfə dinləmişəm və Sizin öz məsələnizdən, öz amalınızdan iman və inamla danışdığınızın şahidi olmuşam.

Bütün bunları bir ifadə ilə belə təsvir etmək istərdim: Siz müharibədə Sərkərdə olduğunuz kimi, sülhdə də Sərkərdəsiniz. Bu gün bizim ehtiyac duyduğumuz məhz budur.

Cənab Prezident, icazənizlə, Sizin şəxsinizdə bütün Azərbaycan xalqına Əl-Əzhər Əş-Şərifin Böyük İmamı, Şeyx Əhməd ət-Tayyib həzrətlərinin salamlarını, ehtiramını, məhəbbətini və dualarını çatdırım. O, bu ölkəyə böyük dəyər verir və məndən xahiş etdi ki, dünən keçirilən konfransda onun Şeyx Yəhya Bakuvi həzrətlərinin müridlərindən olduğunu, Misirdə onun davamçıları arasında yer alan Xəlvətiyyə təriqətinə mənsub olduğunu bəyan edim. Bu təriqətin əsas sütunlarından və böyük simalarından biri də qədim dövrün, eyni zamanda, müasir dünyamızın müsəlman filosofu Şeyx Seyid Yəhya Bakuvidir.

Sizin də qeyd etdiyiniz və vurğuladığınız kimi, dünyamızın getdikcə daha çox qarşıdurma və parçalanmalarla üzləşdiyi bir vaxtda biz belə alimlərin irsinə ehtiyac duyuruq. Biz Seyid Yəhya Bakuvinin elmi irsinə, düşüncəsinə və təliminə ehtiyac duyuruq ki, mötədillik, mehriban qonşuluq, dövlətlərin suverenliyinə hörmət, xalqların və ölkələrin təhlükəsizliyinin qorunması kimi dəyərlərin yalnız beynəlxalq münasibətlərdə, diplomatiyada və siyasətdə qəbul edilmiş qaydalar deyil, həm də dini, əxlaqi və bəşəri dəyərlər olduğunu bir daha təsdiq edək.

Sizin çıxışınızda qeyd etdiyiniz, eləcə də konfransda mötəbər alimlərin vurğuladıqları kimi, din adı altında insanın öz vətəninin hüdudlarını, ləyaqətini və sabitliyini aşan, vətənin, eləcə də digər ölkələrin təhlükəsizliyini və sabitliyini təhdid edən hər hansı sədaqət anlayışı mövcud ola bilməz.

Cənab Prezident, biz hamımızın - Əl-Əzhər Əş-Şərifin, bu müdrik insanın - şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin üzvü olmaq şərəfinə nail olduğu Müsəlman Ağsaqqalları Şurasının, həmçinin türk dövlətlərinin ölkələrin möhtərəm alimlərinin adından bəyan edirik ki, Şeyx Seyid Yəhya Bakuvinin elmi irsi və İslam həmrəyliyinə dair sufi fəlsəfəsi bu gün dünyamızın ən çox ehtiyac duyduğu dəyərlərdəndir. Bu irs insan ləyaqətini, xalqların və dövlətlərin sabitliyini qorumağa xidmət edir.

Cənab Prezident, sonda Sizə demək istəyirəm ki, xalqınız Sizinlə fəxr etdiyi kimi, biz də Sizinlə fəxr edirik. Biz Sizin əməyiniz, fədakarlığınız, İslam ümmətinə sədaqətiniz, İslama və müsəlmanlara, xalqınıza və regionunuza xidmətiniz, həmçinin alimlərin irsinə göstərdiyiniz hörmət və ehtiram ilə fəxr edirik.

Çıxışınızın əvvəlində alimlərin yaşadıqları tarixləri və bu ölkədən keçmiş, burada yetişmiş böyük alimləri xronoloji ardıcıllıqla qeyd etməyiniz mənim üçün çox təsirli oldu. Siz bu irsin bu gün də həyatımız üçün bir dəyər olduğunu vurğuladınız. Bütün dünyada liderlərdən, mütəfəkkirlərdən və alimlərdən ehtiyac duyduğumuz yanaşma məhz budur.

Bir daha qeyd edirəm: Siz müharibədə qəhrəman oldunuz, eyni zamanda, sülhdə də qəhrəman oldunuz.

Dünən Siz böyük sevgi və ehtiramla bəyan etdiniz ki, layiq olduğunuz və böyük xidmətinizə, Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişinin əldə olunmasında göstərdiyiniz böyük səylərə görə qazandığınız “Zayed İnsan Qardaşlığı Mükafatı”nı xalqınıza, azad edilmiş ərazilərə və onun inkişafına töhfə vermək məqsədilə bağışlayırsınız. Bu, Sizin vətəninizə və ümmətinizə sədaqətinizin daha bir nümunəsidir.

Sizə dərin təşəkkürümü bildirirəm. Allah Sizə bərəkət versin, Azərbaycana bərəkət versin.

Qardaşımın da qeyd etdiyi kimi, Azərbaycan artıq konfranslar paytaxtına çevrilib. Həqiqətən də Azərbaycan mühüm və əhəmiyyətli konfransların paytaxtına çevrilmişdir.

Zati-alinizə, Sizinlə birlikdə çalışan bütün şəxslərə, eləcə də bizim qardaşımız və ağsaqqalımız hesab etdiyimiz möhtərəm şeyxülislam həzrətlərinə dərin ehtiramımızı, minnətdarlığımızı və ən xoş arzularımızı bildiririk.

Allah Sizə bərəkət versin. Təşəkkür edirəm.

X X X

Prezident İlham Əliyev: İlk növbədə, xahiş edirəm ki, mənim salamlarımı və hörmətimi böyük İmama çatdırasınız. Onunla Misirdə, Əl-Əzhərdə görüşümü mən heç vaxt unutmayacağam. O cümlədən onun Bakıda olmasını da məmnunluqla xatırlayıram. Onu yenidən Bakıda görməyi çox istərdim və müvafiq məktublar da göndərildi. Ümid edirəm ki, bizim dəvətimizi qəbul edəcək.

Eyni zamanda, sizə bir daha təşəkkürümü bildirmək istəyirəm, Şeyx Zayed adına olan bu mükafata görə. Bu mükafat çox böyük məna daşıyır, təbii ki, mənim üçün. Çünki çox mötəbər bir münsiflər heyəti tərəfindən qərar verilmişdir və bilirəm ki, orada seçim prosesi çox dəqiqdir və çox həssasdır, bir çox amillər nəzərə alınır. Buna görə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Eyni zamanda, bu mükafat sülhə atılmış növbəti bir addım idi. Bu, bizim sülh gündəliyimizi dəstəkləyən bir addım idi. Çünki mən bir daha demək istəyirəm, biz indi Ermənistanla sülh şəraitində yaşayırıq. Ancaq bizim ürəyimizdə olan yaralar sağalmayıb. Xalqımızın qəlbində olan o yaralar sağalmayıb və nə vaxt sağalacaq, bunu heç kim bilə bilməz.

Qanlı toqquşmalardan, 30 illik işğaldan cəmi iki il keçməmiş sülhə addımlamaq çox böyük həm cəsarət tələb edir, uzaqgörənlik tələb edir və eyni zamanda, bir daha Azərbaycanın sülh gündəliyini nümayiş etdirir. Əlbəttə, müxtəlif yollar seçilə bilərdi və təbii ki, seçim Azərbaycanın idi. Çünki Azərbaycan müharibədə qalib gəlmişdir. Ermənistan tam məğlub edilmişdir, kapitulyasiya aktına imza atmışdır və əlbəttə ki, biz istənilən gündəliyi diktə edə bilərdik. Ancaq biz sülh gündəliyini seçdik və bu seçimin nə qədər müdrik olması bu gün bütün dünyaya, necə deyərlər, aydındır və bütün dünya bunu görür. Çünki bu qarşıdurma, bu müharibə nə vaxtsa dayanmalı idi və onu biz dayandırmasaq, onu heç kim dayandıra bilməzdi. Biz onu dayandırmasaydıq, bu, elə əbədi davam edəcəkdi, qan töküləcəkdi, şəhidlər veriləcəkdi və ölkəmizin normal inkişafı mümkün olmayacaqdı. Ona görə bax, bu sülh gündəliyini praktiki işlərlə dəstəkləyən məhz Sizin mənə və Ermənistanın Baş nazirinə verdiyiniz mükafat idi. Bəli, bəyanatlar verilmişdir. Ermənistanla Azərbaycan arasındakı sülh müqaviləsinin paraflanmasına, demək olar ki, bütün beynəlxalq birlik dəstək vermişdir, yəni siyasi bəyanatlar verilmişdir. Amma bu mükafat onları daha da gücləndirdi. Əbu-Dabidə sizin təşkil etdiyiniz o təntənəli mərasim, sizin şəxsi münasibətiniz və orada dünya liderlərinin sülh prosesinə dəstək vermələri, əlbəttə ki, bu müsbət meyilləri gücləndirir.

Biz cəmi bir ildən bir qədər çox - bir il bir aydır sülh şəraitində yaşayırıq. Sülh hələ ki, tam oturuşmayıb. Bəli, bizim güclü iradəmiz var. Biz sülh gündəliyinə sadiqik. Ancaq dünyada və ətrafımızda gedən proseslər, - indi hər kəs görür, - faktiki olaraq idarəolunmaz səviyyəyə gəlib çıxıb və hətta xaotik vəziyyət dərinləşə bilər, həm mövcud münaqişələr çərçivəsində, həm də genişlənə bilər. Biz görürük ki, artıq bir çox ölkələr müxtəlif bölgələrdə qarşıdurmadadırlar. Yəni bu, iki ölkə arasındakı qarşıdurmalar deyil. Artıq bir çox ölkələr bu qarşıdurmalarda fəal iştirak edir və bu qanlı toqquşmaların coğrafiyası genişlənir. Ona görə Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq və sülhü qorumaq üçün hər birimiz böyük səylər göstərməliyik. Ona görə mən bir daha sizə təşəkkürümü bildirirəm ki, sizin bizə verdiyiniz o mükafat həm ictimai fikirdə, həm ondan sonra siyasi addımların atılmasında və sülhü artıq geridönməz etməsində çox böyük rol oynadı. Ona görə bir daha təşəkkür edirəm və bütün xoş sözlərinizə görə sizə minnətdaram.

X X X

Şeyxülislam Allahşükür Paşazadə: İslam Əməkdaşlıq Təşkilatının nümayəndəsi, IRCICA-nın baş direktoru Erol Kılıç cənabları da bir-iki kəlmə danışmaq istəyir.

Prezident İlham Əliyev: Bəli.

IRCICA-nın (İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi) baş direktoru Mahmut Erol Kılıç çıxış edərək dedi:

-İslam Əməkdaşlıq Təşkilatının (İƏT) törəmə mədəniyyət qurumu olan IRCICA adından gözəl Bakı şəhərində bizə göstərilmiş səmimi qonaqpərvərliyə görə, cənab Prezident, Sizə bir daha minnətdarlığımı ifadə etmək istəyirəm. Bildiyiniz kimi, İƏT 57 üzv dövləti bir araya gətirir və onlardan biri Azərbaycandır, biri də mənim ölkəm Türkiyədir. Tarix, mədəniyyət və incəsənət üzrə fəaliyyət göstərən İƏT-in törəmə qurumu IRCICA-nın mənzil-qərargahı İstanbuldadır. Biz gözəl konfranslar təşkil edirik. Mən fikirlərimdən birini sizinlə bölüşmək istəyirəm. Xüsusilə İslam dünyasında dinin anlayışı dəhşətli şəkildə təhrif olunur. Buna bəzi regionlarda sələfilik və bu kimi adlar verilir. Bu kimi məfhumlar dini məhv edir. Lakin biz bilirik ki, Azərbaycanda gözəl Sufizm tarixi var. Füzuli, Seyid Yəhya Şirvani, Neymətulla Naxçıvani kimi mülayim düşüncəli sufi mütəfəkkirlər və bir çox digərləri olub. Ona görə mən sizdən şəxsən xahiş edirəm ki, xüsusilə İslam dünyasına və bütün dünyaya İslamın bu gözəl və mülayim tərəfini göstərmək üçün tərəfimizdən daha çox tədbirlər görülməlidir.

Bir daha çox sağ olun.

x x x

Şeyxülislam Allahşükür Paşazadə: Mən də sizə təşəkkürümü bildirmək istəyirəm. Bilirsiniz nəyi? Mədrəsə, Mir-i Ərəb mədrəsəsi, Siz ki, oraya getdiniz.

Prezident İlham Əliyev: Şəkil də çəkdirdik Sizin portretinizin fonunda. Mən Mehriban xanıma dedim, gəlin, şəkil çəkdirək və şeyxə göndərin. O şəkil ki, onun mədrəsəsində dostumuzla çəkdirdik.

Şeyxülislam Allahşükür Paşazadə: Şavkat Mirziyoyevin babası da orada oxuyub.

Prezident İlham Əliyev: Bəli, şəkli var, sizin də şəkliniz.

Şeyxülislam Allahşükür Paşazadə: Bəli, mənim də şəklim var. Minnətdaram ki, Siz o milli-mənəvi dəyərlərə bir daha qiymət verdiniz. Əlbəttə, bu görüş bizim hamımızı çox sevindirdi. Bu, türk dövlətlərinin xüsusi bir görüşü idi.

Prezident İlham Əliyev: Belə tez-tez yığışırsınız.

Şeyxülislam Allahşükür Paşazadə: Bu görüşlərdə bir mülayimlik, bir mərhəmət var. Bu görüşlər türkdilli xalqları daha sıx birləşdirir.

Prezident İlham Əliyev: Təbii ki, indi türk dövlətlərinin müsəlman liderlərinin görüşləri müxtəlif ölkələrdə keçirilir və sıra ilə keçiriləcək. Amma bax, bu konfrans ki, keçirilir, bunu biz ənənəvi edə bilərik. Ənənəvi edə bilərik, ya hər il, ya iki ildən bir ki, bu, həm gözəl bir toplantı kimi, həm fikir mübadiləsi, həm müzakirə, həm də birliyin nümayişi olsun. Ona görə bu haqda da fikirləşin. Yenə də təşəbbüsü mən irəli sürürəm, sizdən də konkret təkliflər gözləyirəm.

Şeyxülislam Allahşükür Paşazadə: Minnətdarlığımızı bildiririk, çox sağ olun, bu qədər vaxtınızı bizə ayırdınız.

Prezident İlham Əliyev: Sağ olun.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

DİGƏR Xəbərlər Arxiv