YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistanın revanşizm siyasəti regional sülhə mane olur

Elman Cəfərli

YAP Naxçıvan şəhər təşkilatının sədri

Azərbaycanın öz torpaqlarını Ermənistanın 30 illik işğaldan sonra 2020-ci ilin Vətən müharibəsində və 2023-cü ilin sentyabrında bir günlük antiterror əməliyyatı ilə tam azad etməsi ilə bir tərəfdən tarixi ədalət bərpa olunub, digər tərəfdən Cənubi Qafqazda dayanıqlı sülh üçün ciddi zəmin yaradılıb. Ermənistanın manipulyativ siyasəti nəticəsində 5 ilə yaxın sürən sülh danışıqları prosesindən sonra bir ildən çoxdur ki, region yeni inkişaf və sabitlik mərhələsinə qədəm qoyub. Bu mərhələdə istər Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsi, istərsə də, işğaldan azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işləri aparması və “Böyük Qayıdışı proqramı”nı uğurla həyata keçirməsi qlobal miqyasda da maraqla izlənilir. Lakin təəssüf doğuran məqam odur ki, Ermənistanda hələ də hərbi məğlubiyyətin travmasından qurtula bilməyən, sülh gündəliyini həzm edə bilməyən revanşist qüvvələr və onlara dəstək verən rəsmi dairələr regionda gərginliyi yenidən alovlandırmağa cəhd göstərirlər.

Son günlər Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin, beynəlxalq təşkilatların təmsilçilərinin Qarabağ və Şərqi Zəngəzura həyata keçirdikləri səfər ölkəmizin suveren hüquqları çərçivəsində baş tutmuş mühüm tədbir idi. Xarici diplomatların bu ərazilərdəki reallıqlarla – aparılan tikinti-quruculuq, minatəmizləmə və mədəni irsin bərpası işləri ilə yaxından tanış olması beynəlxalq ictimaiyyətin obyektiv məlumatlandırılması baxımından vacibdir.

Lakin Ermənistan cəmiyyətinin və xüsusilə siyasi dairələrin bu səfərə qarşı sərgilədiyi isterik və qəbuledilməz reaksiya bir daha göstərdi ki, İrəvan hələ də destruktiv mövqeyindən əl çəkməyib. Xarici diplomatların suveren Azərbaycan ərazisində sərbəst hərəkətini hədəfə almaq, onları demək olar ki, “linç” etmək kampaniyası aparmaq açıq-aydın ölkəmizin daxili işlərinə kobud müdaxilədir. Bu, eyni zamanda, Ermənistanın rəsmi səviyyədə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etməsi ilə tam ziddiyyət təşkil edir. Diplomatik korpusun bu səfəri bir daha sübut etdi ki, dünya ölkələri Azərbaycanın suverenliyini birmənalı şəkildə dəstəkləyirlər.

Erməni təbliğat maşınının növbəti absurd tezisi isə Azərbaycan ərazisindəki tarixi-mədəni abidələrimizə qarşı sərgilənən ikili standartlar və saxtakarlardır. Necə ola bilər ki, Gəncəsər və Xudavəng kimi abidələr erməni irsi kimi qələmə verilsin, lakin Azərbaycan torpaqlarında əsrlər boyu mövcud olmuş Qafqaz Albaniyası irsi və ümumən Azərbaycan xalqının tarixi kökləri qətiyyətlə inkar edilsin?

Daha təhlükəlisi odur ki, Ermənistanda formalaşdırılan narrativə görə, guya Azərbaycan ərazisində tarixən yalnız ermənilər yaşayıb, lakin müasir Ermənistan ərazisində (Qərbi Azərbaycanda) azərbaycanlıların heç vaxt izi olmayıb. Bu, açıq-aşkar irqçi və dözümsüz yanaşmadır. Qafqaz Albaniyasının irsinə qarşı sərgilənən bu qısqanclıq və inkarçılıq faktiki olaraq etnik dözümsüzlüyün və irqçiliyin təzahürüdür. Halbuki bütün dünyada tolerant və multikultural ölkə kimi öz imicini çoxdan təsdiqləmiş Azərbaycan Respublikasının ərazisindəki bütün tarixi və mədəni abidələr, mənşəyindən asılı olmayaraq, dövlətimizin ciddi qoruması altındadır.

Məsələnin başqa bir düşündürücü tərəfi odur ki, bu qarayaxma kampaniyası təkcə marginal revanşist qrupların və ya müxalifətin təşəbbüsü deyil. Aparılan təhlillər göstərir ki, bu prosesin birbaşa arxasında Ermənistan hakimiyyətinin özü dayanır. Bir çox təxribatçı paylaşımların və yazılması rəsmi dirələr tərəfindən idarə olunduğu şübhə doğurmayan resurslar vasitəsilə yayılması İrəvanın iküzlü siyasətini ifşa edir.

Bunun əyani sübutlarından biri də Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyanın və digər rəsmi şəxslərin sərgilədiyi yolverilməz mövqedir. Sərhəddə məhz Ermənistanın 2022-ci ilin sentyabrında törətdiyi hərbi təxribatlar nəticəsində məhv olan hərbçilərin xatirəsinin bu ölkənin parlamentində məqsədli şəkildə qabardılması və revanşist əhval-ruhiyyənin körüklənməsi sülhə deyil, gərginliyə xidmət edir və bu ölkənin iqtidarlarının tarixən xarakterik simasına çevrilmiş riyakarlıqdan əl çəkmədiyini göstərir.

Tarixə göz yummağa çalışanlar unutmamalıdırlar ki, Azərbaycan xalqı əsrlər boyu öz dədə-baba torpaqlarında – indiki Ermənistan ərazisində zəngin mədəni irs yaradıb. Lakin bu gün Qərbi Azərbaycandakı qədim məscidlərimiz, qəbiristanlıqlarımız, tarixi yaşayış yerlərimiz planlı şəkildə yerlə-yeksan edilib, məhv olunub. Ermənistanın bu destruktiv siyasəti regionun tarixi simasını dəyişmək cəhdidir və beynəlxalq hüququn, xüsusilə də 1954-cü il Haaqa Konvensiyasının və YUNESCO-nun müvafiq prinsiplərinin kobud şəkildə tapdalanmasıdır.

Bütün bu baş verənlər bir həqiqəti gün kimi aydın göstərir: Ermənistan rəhbərliyi ötən il avqustun 8-də ABŞ-da Ağ Evdə paraflanmış sülh sazişi ilə başlayan prosesdə səmimi deyil. Sadəcə 2020-ci ilin ağır hərbi-siyasi məğlubiyyətindən sonra rəsmi İrəvanın sülhə getməkdən başqa yolu qalmadığı üçün bu addımı formal şəkildə atır, lakin daxildə revanşist ideologiyanı qidalandırmağa davam edir.

İstənilən halda reallıq dəyişməz olaraq qalır. Azərbaycan qətiyyətli siyasəti, güclü ordusu və hüquqi müstəvidə atdığı addımlarla regionda ədalətli və dayanıqlı sülhün memarıdır. Ermənistan cəmiyyəti və hakimiyyəti nə qədər tez dərk etsə ki, revanşizm xülyası dalan yoludur, region üçün bir o qədər yaxşı olar. Sülh alternativsizdir və bu tarixi şans yalnız sağlam düşüncə və qarşılıqlı hörmət prinsiplərinə əsaslanmaqla reallaşa bilər. Əgər ermənilər revanşizmlə yenidən nəsə qazanmağa ümid edirlərsə, artıq heç kimin şübhə etmədiyi bu reallığa onlar da əmin olmalıdırlar: onlardan fərqli olaraq Azərbaycanın bundan sonra itirəcəyi heç nəyi yoxdur, amma qazana biləcəyi çox şey var.

DİGƏR Xəbərlər Arxiv