YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Suverenliyimizin tam bərpası ilə Azərbaycan yeni dövrə qədəm qoydu

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Tarixi Zəfərimizdən üç il sonra, 2023-cü il sentyabr ayının 19-20  tarixlərində rəşadətli Ordumuz  Azərbaycanın  Qarabağ iqtisadi rayonunda keçirdiyi antiterror tədbirlərini uğurla başa çatdıraraq separatçıları təslim olmağa məcbur etdi. Ölkəmizin qısa müddətdə, bir günə təmin etdiyi qələbə yenilməz Ordumuzun malik olduğu imkanların növbəti təqdimatı oldu. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev 20 sentyabr 2023-cü il  tarixdə xalqa müraciətində bildirdi ki,  ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz bir daha qeyd etdiyim kimi, qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edilmişdir. Hərbi texnika məhv edilmişdir və sıradan çıxarılmışdır: “Əməliyyat başlamazdan əvvəl mənim tərəfimdən bütün hərbi birləşmələrimizə bir daha ciddi tapşırıq verilmişdir ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır. Biz həm yüksək dəqiqliyə malik silahlardan istifadə edərək buna nail olduq, eyni zamanda, Silahlı Qüvvələrimizin peşəkarlığı nəticəsində mülki vətəndaşlar tamamilə özlərini sığortalanmış vəziyyətdə hiss etmişlər. Eyni zamanda, göstəriş verilmişdir ki, mülki infrastruktura da heç bir zərbə dəyməməlidir, ancaq hərbi infrastruktur sıradan çıxarılmalıdır. Bir daha demək istəyirəm ki, ordumuzun, bütün Silahlı Qüvvələrimizin peşəkarlığı, texniki imkanları bizə bu vəzifəni şərəflə yerinə yetirməyə şərait yaratmışdır və bir daha Azərbaycan əsgəri, zabiti həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər göstərmişdir”.

24 saatdan az müddətdə həyata keçirilən antiterror əməliyyatı nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Azərbaycanın Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı.  Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.

Suverenliyimizin tam bərpası ilə Azərbaycan yeni dövrə qədəm qoydu. Cənab İlham Əliyevin Sərəncamı ilə 20 Sentyabr Dövlət Suverenliyi Günü kimi təsis edildi. Sərəncamda da qeyd olunduğu kimi, hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir. 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa edildiyini nəzərə alaraq imzalanan bu sənəd Zəfərlərimizin təqdmatında, əbədiləşdirilməsində əhəmiyyətli rol oynayır. Bu gün hər birimiz bayramlarımız sırasına Zəfər Gününün, Dövlət Suverenliyi Gününün daxil edilməsindən qürurluyuq.

20 Sentyabr, həmçinin Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Dövlətimizin başçısı İlham Əliyevin bununla bağlı 18 sentyabr 2024-cü ildə Sərəncaç imzaladı. Bu əlamətdar günün təsis olunması uzun və məşəqqəti 30 il, minlərlə azərbaycanlı igidin canları və qanları bahasına başa gəlmişdir. Bu günün təsis edilməsi həmçinin Ermənistanın və qondarma Dağlıq Qarabağın terrorçu silahlı dəstələrinin tör-töküntülərinin tərk-silah edilərək ərazilərimizdən birdəfəlik çıxarılması ilə bağlıdır.  Suverenliyimizin bərpasından ötən üç ildə Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə ölçüyəgəlməz bərpa-quruculuq işləri həyata keçirilib. Soydaşlarımızın bu torpaqlara qayıdışı mərhələ-mərhələ həyata keçirilir. Ötən dövr ərzində dövlət başçısı İlham Əliyevin azad  Xankəndiyə, Xocalıya, Ağdərəyə, Xocavəndə səfərlərinin say tərkibinə diqqət yetirmək kifayətdir. Cənab İlham Əliyev təkcə Xankəndiyə 16 səfər edib. Bu gün sakinlərinə qovuşan şəhərlərimiz sırasında Xankəndinin, Xocalının, Xocavəndin də adı var. Qısa müddətdə bu torpaqlara Böyük Qayıdışın həyata keçirilməsi görülən işlərin aydın mənzərəsini yaradır. Dövlət başçısı İlham Əliyev 20 sentyabr 2020-ci il tarixdə xalqa müraciətində suverenliyimizin tam bərpası ilə nəticələnən bir günlük antiterror tədbirlərinə gedən yoldan ətraflı bəhs edərək  bu çağırışı etmişdir ki,  İkinci Qarabağ müharibəsi başa çatanda mən demişdim, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik və çeviririk, hər gələn insan onu görür. Eyni şəraiti biz Xankəndidə, Ağdərədə, Xocavənddə, kəndlərdə yaradacağıq, Əsgəranda yaradacağıq. Bu, bizim əlimizdədir.