Xəbərlər
Suveren Azərbaycan: tarixi qələbədən yeni quruculuq mərhələsinə
Vüqar İsayev
YAP Göygöl rayon təşkilatının sədri
Suveren Azərbaycan Respublikasının hər bir vətəndaşı qürur dolu, sevincli günlərini yaşayır. Məhz ona görə ki, bir qərinəlik işğaldan sonra torpaqlarımız yağı düşməndən azad olundu, müstəqil Azərbaycanın suverenliyi, ərazi bütövlüyü təmin edildi. Həm də ona görə ki, müharibədən çıxmış ölkə olmaqla sarsımadıq, sınmadıq və bu gün respublikamız müstəqil, suveren dövlət olaraq mətin addımlarla irəliləyir, inkişaf edir və güclənir. Ulu Öndərin siyasi kursu, yaratdığı dövlətçilik ənənələri onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Cənab İlham Əliyev Azərbaycanı Heydər Əliyevin arzuladığı bir səviyyəyə çatdırıb, Ümummilli Liderimizin görmək istədiyi ölkəyə çevirib. Sözün əsil mənasında Ulu Öndərin “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək” ifadəsi tam reallığa çevrilib.
Bu gün Azərbaycan xalqı çox xöşbəxtdir. Biz bir nömrəli problemimizi həll etmişik. Erməni separatizminin kökünü kəsərək Qarabağı terrorçulardan təmizləmişik. Şuşada, Xocalıda, Xankəndidə, bütün Qarabağda dalğalanan üçrəngli bayrağımız hər bir Azərbaycanlı üçün xoşbəxtlik, fərəh, qürur, ləyaqət mənbəyidir.
Belə ki, Azərbaycan torpaqlarının erməni qəsbkarlarının 30 illik işğalından sonra Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin "Dəmir yumruq" əməliyyatı ilə cəmi 44 günə Ermənistan diz çökdürüldü. Xalqın yurd həsrətinə son qoyuldu. Dünya Azərbaycanın gücünə, qüdrətinə şahidlik etdi və İkinci Qarabağ müharibəsi son yüz ildə şərəf və qəhrəmanlıq salnaməsi kimi tarixə yazıldı. Möhtəşəm Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edildi. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.
2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsindəki tarixi qələbəmiz və ondan üç il sonra-2023-cü ilin 19-20 sentyabr tarixlərində Silahlı Qüvvələrimizin həyata keçirdiyi cəmi 23 saat davam edən antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa olunması bir daha Ermənistana və ona havadarlıq edən dövlətlərə nümayiş etdirdi ki, ədalət və beynəlxalq hüquq deyilən məfhumlar mövcuddur, ən əsası sonda zəfər çalan yalanlara deyil, real faktlara, tarixi həqiqətlərə söykənən siyasət olur.
Azərbaycan tarixində əlamətdar gün olan 15 oktyabr tarixində isə Azərbaycan bayrağının Xankəndində ucalması heç də təsadüfi deyil. Məhz 2003-cü ilin bu günündə cənab İlham Əliyev Azərbaycan Respublikasının prezidenti seçilmişdir və andiçməsi zamanı xalqa verdiyi vədlərin hamısı bu gün reallığa çevrilir. Xalqına verdiyi bütün vədləri yerinə yetirən, sözü imzası qədər keçərli olan Lider oktyabrın 15-də Xankəndidə üçrəngli bayrağımızı qaldırmaqla xalqımıza Zəfərimizin təntənəsini yaşatdı, iki yüz illik məkrli planın - Cənubi Qafqazın erməniləşdirilməsi siyasətinin qarşısını aldı.
Dövlət başçısının öz xalqı qarşısında verdiyi bütün vədləri uğurla yerinə yetirməsi, hər bir azərbaycanlıya və ölkəmizin problemlərinə böyük həssaslıqla yanaşması isə Prezident İlham Əliyevin “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” vədinin mütləq surətdə reallaşdığını bir daha təsdiqləyir. Bu reallıq isə xalqımız tərəfindən sevilir, dəyərləndirilir və qorunur.
Prezident İlham Əliyev ilk öncə 20 illik fəaliyyəti dövründə demokratiyanın milli kimliyimizlə uzlaşan bir sistem olduğunu dünyaya sübut etdi və intellektual əsaslara söykənən modernist cəmiyyət formalaşdıra bildi. Bu gün Azərbaycanın müxtəlif sahələrdə təcrübəsi hətta inkişaf etmiş ölkələr üçün nümunə göstərilir. Təkcə ölkəmizdə deyil, bütün dünyada müasir lider obrazı yaratmış Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli inkişaf strategiyalası və siyasi müdrikliyi nəticəsində ölkəmiz hazırda bütün maraqların kəsişdiyi və milli maraqlarımızın öndə tutulduğu geopolitik məkana çevrilib.
Bu gün güclü xalq, güclü dövlət, güclü lider vəhdəti müasir Azərbaycanın qüdrətinə çevrilib. 2003-cü il 15 oktyabr prezident seçkilərindən start götürən və zamanın axarında öz layiqli yerini tutan Azərbaycan dövləti Prezident İlham Əliyevin uzaqgörən siyasəti və müdrik rəhbərliyi sayəsində inkişaf edir və çiçəklənir.
Artıq ölkəmizin qarşısında yeni perspektivlər açılıb, Azərbaycan milli inkişafın yeni mərhələsinə qədəm qoyub. İşğaldan azad edilmiş ərazilərdə nəhəng bərpa-quruculuq işlərinin aparılması, regionda kommunikasiyaların yaradılması, o cümlədən Zəngəzur dəhlizinin açılması, yeni əməkdaşlıq platformalarında ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafı, milli həmrəyliyin gücləndirilməsi, sosial, iqtisadi, siyasi və hüquqi islahatların dərinləşdirilməsi və digər mühüm amillər Azərbaycanın Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələr fəth etməsinə imkan verəcəkdir.
