Xəbərlər
“Şanlı Zəfərdən Yeni Zirvələrə”
Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar Maştağa qəsəbəsində yerləşən Maştağa Mədəniyyət Mərkəzində “Şanlı Zəfərdən Yeni Zirvələrə” adlı tədbir keçirilib.
Əvvəlcə Maştağa qəsəbəsi istirahət parkında yerləşən Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, Milli Məclisin deputatları Fazil Mustafa, Azər Allahverənov və Arzuxan Əlizadə çıxış ediblər.
Bildirilib ki, 2023-cü il sentyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanılıb. Cəmi 23 saat 43 dəqiqə davam edən və sentyabrın 20-də başa çatan əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirib. Növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilib.
Bu tarixi nailiyyət Azərbaycan Ordusunun gücünü, xalqımızın həmrəyliyini və dövlətimizin siyasi iradəsini bütün dünyaya nümayiş etdirdi. Dövlət Suverenliyi Günü xalqımızın keçdiyi çətin, lakin şərəfli mübarizə yolunun gələcək nəsillərə ötürülməsi baxımından mühüm tarixdir. Bu hadisə yalnız dövlətçilik tariximiz üçün deyil, həm də milli kimliyimizin möhkəmlənməsi baxımından böyük əhəmiyyət daşıyır.
Tədbir bədii hissə ilə davam edib.
