Xəbərlər
Türk Dövlətləri Təşkilatı müasir beynəlxalq münasibətlər sistemində nüfuzlu aktordur
Nurlan Həsənov
Milli Məclisin deputatı
Siyasi-iqtisadi, enerji, nəqliyyat, humanitar və təhlükəsizlik sahələrində əlaqələrin genişlənməsi Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlər arasında əməkdaşlığın sistemli xarakter aldığını nümayiş etdirir. Prezident İlham Əliyevin TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşdə vurğuladığı fikirlər də bu təşkilatın dəyişən beynəlxalq şəraitə uyğun olaraq yeni fəaliyyət istiqamətləri formalaşdırdığını bir daha təsdiqləyir.
2009-cu ildə Naxçıvanda keçirilmiş Zirvə görüşündən sonra TDT mühüm inkişaf yolu keçib. Bu gün təşkilat çərçivəsində müxtəlif səviyyələrdə keçirilən toplantılar onun gündəliyinin genişliyinin göstəricisidir. Təhlükəsizlik şuralarının katiblərinin görüşü xüsusilə əhəmiyyətlidir. Çünki müasir dövrdə təhlükəsizlik yalnız hərbi məsələlərlə məhdudlaşmır. Enerji təminatı, nəqliyyat bağlantıları, kritik infrastrukturun qorunması, terrorizm, transmilli cinayətkarlıq və digər təhdidlər də ümumi təhlükəsizlik sisteminin tərkib hissəsidir. Bu səbəbdən təhlükəsizlik sahəsində əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi TDT-nin gündəliyində mühüm yer tutur.
TDT-nin potensialını artıran əsas amillərdən biri onun geniş coğrafi mövqeyidir. Üzv dövlətlər Şərqlə Qərb arasında mühüm enerji və nəqliyyat marşrutlarının üzərində yerləşir. Xəzər hövzəsi, Mərkəzi Asiya, Cənubi Qafqaz və Türkiyə üzərindən keçən bağlantılar beynəlxalq ticarət və enerji təhlükəsizliyi baxımından mühüm imkanlar yaradır. Bu coğrafi üstünlük TDT ölkələrinə regional və qlobal iqtisadi proseslərdə daha fəal iştirak üçün imkan verir. Buna görə enerji və nəqliyyat bağlantılarının təhlükəsizliyi TDT üçün həm iqtisadi, həm də strateji məsələdir. Dəhlizlərin fasiləsiz fəaliyyəti və enerji resurslarının etibarlı şəkildə dünya bazarlarına çıxarılması təşkilatın beynəlxalq əhəmiyyətini də artıran amillərdəndir.
Təşkilatın güclənməsində üzv dövlətlər arasında formalaşmış yüksək səviyyəli ikitərəfli münasibətlər də mühüm rol oynayır. Dövlətlər arasında siyasi dialoqun intensivləşməsi qarşılıqlı etimadın möhkəmlənməsinə, iqtisadi və ticari əlaqələrin genişlənməsinə, qarşılıqlı investisiyaların artırılmasına əlverişli şərait yaradır. Bu baxımdan, nəqliyyat, energetika, sənaye, kənd təsərrüfatı, rəqəmsal texnologiyalar və digər sahələrdə birgə layihələrin həyata keçirilməsi üzv ölkələrin iqtisadi potensialının daha səmərəli şəkildə uzlaşdırılmasına imkan verir. İkitərəfli əməkdaşlıq formatında əldə olunan nəticələr sonrakı mərhələdə çoxtərəfli müstəviyə daşınaraq təşkilat çərçivəsində inteqrasiya proseslərini də sürətləndirir. Eyni zamanda, iqtisadi əlaqələrin şaxələndirilməsi, yeni ticarət marşrutlarının və biznes tərəfdaşlıqlarının yaradılması Türk dövlətləri arasında qarşılıqlı əməkdaşlığı gücləndirməklə yanaşı, təşkilatın regional və beynəlxalq iqtisadi proseslərdə rolunun genişlənməsinə zəmin yaradır. Dövlətimizin başçısının vurğuladığı kimi, Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir: “Mənim təşkilata üzv ölkələrə çoxsaylı səfərlərim və TDT-yə üzv dövlətlərin başçılarının Azərbaycana səfərləri bunun parlaq göstəricisidir. Eyni zamanda, Azərbaycan Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla müttəfiqlik haqqında müqavilələr və bəyannamələr imzalayıb. Yəni bu, ikitərəfli qarşılıqlı əlaqələrin ən yüksək səviyyəsidir və bu müqavilələr uğurla həyata keçirilir”.
Mövcud beynəlxalq şərait TDT-nin təhlükəsizlik gündəliyini daha da aktuallaşdırır. Dünyanın müxtəlif bölgələrində davam edən müharibələr və münaqişələrin coğrafiyasının genişlənməsi regional sabitlik üçün yeni risklər yaradır. Belə bir şəraitdə TDT ölkələrinin yerləşdiyi geniş coğrafiyada təhlükəsizlik mühitinin qorunması xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan təhlükəsizlik strukturları arasında koordinasiyanın gücləndirilməsi, operativ məlumat mübadiləsi, birgə fəaliyyət və mümkün təhdidlərin qarşısının alınması vacibdir. TDT daxilində bu istiqamətdə əməkdaşlığın dərinləşdirilməsi yalnız mövcud risklərə cavab verməyə deyil, potensial təhdidlərin əvvəlcədən müəyyənləşdirilməsinə və preventiv tədbirlərin əlaqələndirilməsinə də imkan yarada bilər.
Azərbaycanın təşəbbüsü ilə qeyri-rəsmi TDT Zirvə görüşlərinin keçirilməsi də siyasi koordinasiyanın gücləndirilməsinə xidmət edir. Dövlət başçılarının daha intensiv məsləhətləşmələr aparmasına imkan verən bu format ümumi maraqların, regional proseslərin və qarşıya çıxan məsələlərin çevik müzakirəsi üçün əlavə imkan yaradır. İlk qeyri-rəsmi Zirvə görüşünün Şuşada keçirilməsi bu təşəbbüsün mühüm mərhələsi olub. Belə görüşlərin keçirilməsi TDT daxilində siyasi dialoqun intensivliyini artırmaqla yanaşı, üzv dövlətlərin ümumi gündəliyə daha çevik münasibət formalaşdırmasına şərait yaradır.
Türkiyə-Azərbaycan münasibətləri TDT daxilində strateji əməkdaşlığın xüsusi nümunəsidir. Tarixi, mədəni, siyasi, iqtisadi, enerji və təhlükəsizlik sahələrini əhatə edən əlaqələr 2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsində rəsmiləşdirilib. Bu sənəd iki ölkənin münasibətlərinin hüquqi-siyasi əsaslarını daha da möhkəmləndirib. Sonrakı dövrdə müxtəlif istiqamətlərdə əməkdaşlığın genişlənməsi qarşılıqlı əlaqələrin çoxşaxəli xarakterini nümayiş etdirir. İki ölkənin birgə fəaliyyəti regional sabitlik və təhlükəsizlik baxımından mühüm amillərdən biri olmaqla yanaşı, TDT daxilində əməkdaşlığın dərinləşməsinə də təsir göstərir.
Prezident İlham Əliyevin beynəlxalq hüququn üstünlüyü ilə bağlı fikirləri də TDT-nin beynəlxalq gündəliyi baxımından əhəmiyyətlidir. Suverenlik, ərazi bütövlüyü və beynəlxalq hüququn fundamental prinsiplərinə hörmət dövlətlərarası münasibətlərin əsasını təşkil edir. Beynəlxalq hüquq normalarının pozulması isə təhlükəsizlik mühitinə və dövlətlərarası münasibətlərə mənfi təsir göstərir. Bu prinsiplərin qorunması istiqamətində TDT üzv dövlətlərinin mövqelərinin əlaqələndirilməsi təşkilatın beynəlxalq müstəvidə fəaliyyət imkanlarını genişləndirə bilər. Ümumi yanaşmanın formalaşdırılması həm üzv dövlətlərin maraqlarının müdafiəsi, həm də beynəlxalq hüququn əsas prinsiplərinə dəstəyin ifadəsi baxımından əhəmiyyətlidir.
Beləliklə, TDT-nin qarşısında duran əsas vəzifə malik olduğu siyasi, iqtisadi, enerji, nəqliyyat və təhlükəsizlik potensialını daha sıx əməkdaşlıq çərçivəsində reallaşdırmaqdır. Üzv dövlətlər arasında mövcud etimad, ortaq dəyərlər, geniş coğrafi imkanlar və iqtisadi resurslar təşkilatın beynəlxalq mövqeyinin möhkəmlənməsi üçün mühüm zəmin yaradır. Təhlükəsizlik sahəsində koordinasiyanın gücləndirilməsi, enerji və nəqliyyat bağlantılarının qorunması, iqtisadi əməkdaşlığın genişləndirilməsi və ümumi mövqelərin əlaqələndirilməsi isə TDT-nin gələcək fəaliyyətinin əsas istiqamətləri sırasında yer alır. Bu istiqamətlərin paralel şəkildə inkişaf etdirilməsi təşkilatın beynəlxalq gündəlikdə daha fəal rol oynamasına imkan verə bilər.
