YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Dağ-mədən sənayesi Azərbaycanın qeyri-neft sektoruna yeni dinamika gətirir

Mehriban Vəliyeva

Milli Məclisin deputatı

Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas strateji vəzifələrdən biri iqtisadiyyatın şaxələndirilməsinin daha da sürətləndirilməsi, qeyri-neft sektorunun inkişafının yeni mərhələyə yüksəldilməsi və ölkənin mövcud təbii-iqtisadi potensialından daha səmərəli istifadə olunmasıdır. Bu baxımdan dağ-mədən sənayesinin inkişafı xüsusi əhəmiyyət daşıyır.

Cənab Prezidentin sədrliyi ilə keçirilən müşavirədə bu istiqamətdə səsləndirilən fikirlər göstərir ki, dağ-mədən sənayesinə yalnız xammal hasilatı sahəsi kimi deyil, ölkənin sənaye siyasətinin, regional inkişaf strategiyasının və ixrac potensialının mühüm komponentlərindən biri kimi yanaşmaq lazımdır. Azərbaycanın zəngin mineral-xammal ehtiyatları bu sahənin inkişafı üçün ciddi imkanlar yaradır. Lakin müasir iqtisadi yanaşmada əsas məsələ yalnız yeraltı sərvətlərin hasil edilməsi deyil. Əsas hədəf həmin resursların müasir texnologiyalar əsasında emal olunması, əlavə dəyərin ölkə daxilində yaradılması və dağ-mədən sənayesinin digər sahələrlə qarşılıqlı əlaqəsinin gücləndirilməsidir. Dağ-mədən sənayesinin inkişafı qeyri-neft sektorunun şaxələndirilməsi baxımından bir neçə istiqamətdə mühüm imkanlar yaradır. İlk növbədə, bu sahə sənaye istehsalının genişləndirilməsinə və yeni istehsal zəncirlərinin formalaşmasına şərait yarada bilər. Filizin hasilatı ilə məhdudlaşmayan, onun zənginləşdirilməsi, emalı və son məhsula çevrilməsini əhatə edən iqtisadi model daha yüksək əlavə dəyərin ölkə daxilində qalmasına imkan verir. İkinci mühüm istiqamət ixrac potensialıdır. Azərbaycanın enerji resursları üzrə formalaşdırdığı ixrac imkanlarının yanında qeyri-neft məhsullarının, o cümlədən mineral xammal və onun emalından əldə olunan məhsulların xarici bazarlara çıxarılması ixrac strukturunun daha da şaxələndirilməsinə xidmət edə bilər. Bu isə uzunmüddətli perspektivdə ölkənin qeyri-neft ixracının genişləndirilməsi baxımından əhəmiyyətlidir. Dağ-mədən sənayesinin inkişafının regional iqtisadi fəallığa təsiri də xüsusi qeyd olunmalıdır. Mədən layihələrinin həyata keçirildiyi ərazilərdə yeni iş yerlərinin yaradılması, yol, enerji, su və digər infrastrukturun inkişaf etdirilməsi, yerli sahibkarlığın prosesə cəlb olunması həmin regionların iqtisadi potensialının artmasına səbəb ola bilər. Beləliklə, dağ-mədən sənayesi təkcə sənaye göstəricilərinin deyil, regionların sosial-iqtisadi inkişafının da mühüm amilinə çevrilə bilər. Burada mühüm məsələlərdən biri insan kapitalıdır. Müasir dağ-mədən sənayesi yüksək texnologiyalardan, geoloji kəşfiyyatın yeni metodlarından, rəqəmsal monitorinq sistemlərindən, avtomatlaşdırılmış istehsal proseslərindən və müasir idarəetmə mexanizmlərindən istifadəni tələb edir. Bu isə geoloq, mühəndis, texnoloq, ekoloq, İT və digər ixtisaslar üzrə yeni kadr tələbatı yaradır. Deməli, sahənin inkişafı həm də peşə və ali təhsil sisteminin real iqtisadiyyatın ehtiyacları ilə daha sıx əlaqələndirilməsi üçün yeni imkanlar açır.

Eyni zamanda, dağ-mədən sənayesinin inkişafında ekoloji təhlükəsizlik və dayanıqlı idarəetmə prinsipləri əsas şərtlərdən biri olmalıdır. Mineral ehtiyatlardan istifadə zamanı ətraf mühitin qorunması, su və torpaq ehtiyatlarının mühafizəsi, istehsal tullantılarının idarə olunması və mədən sahələrinin sonrakı rekultivasiyası müasir sənaye siyasətinin ayrılmaz hissəsi kimi nəzərdən keçirilməlidir. İqtisadi səmərəliliklə ekoloji məsuliyyət arasında düzgün balansın yaradılması sahənin uzunmüddətli inkişafının mühüm şərtidir.

Azərbaycanın artıq formalaşdırdığı sənaye infrastrukturu da bu proses üçün əlavə üstünlüklər yaradır. Ölkədə sənaye parklarının, logistika imkanlarının, nəqliyyat dəhlizlərinin və enerji infrastrukturunun inkişaf etdirilməsi hasil olunan xammalın emal və ixrac zəncirinə daha səmərəli inteqrasiyasına imkan verə bilər. 

Bu baxımdan dağ-mədən sənayesinin inkişafına ayrıca bir sektorun inkişafı kimi deyil, bütövlükdə iqtisadiyyatın yeni istehsal və dəyər zəncirlərinin formalaşdırılması istiqamətində baxmaq lazımdır. Mədənçilikdən metallurgiyaya, kimya sənayesindən maşınqayırmaya, logistika və xidmət sektorundan elmi-tədqiqat və təhsil sahəsinə qədər geniş bir iqtisadi ekosistemin formalaşdırılması mümkündür. Azərbaycanın qarşısında duran strateji məqsəd təbii sərvətlərdən əldə olunan gəlirləri iqtisadiyyatın digər sahələrinin inkişafına yönəltməklə dayanıqlı və şaxələndirilmiş iqtisadi model qurmaqdır. Bu mənada dağ-mədən sənayesinin müasir texnologiyalar əsasında inkişaf etdirilməsi qeyri-neft sektorunun yeni hərəkətverici istiqamətlərindən birinə çevrilə bilər. Ən mühüm məqam isə ondan ibarətdir ki, Azərbaycanın mineral ehtiyatları yalnız yeraltı sərvət kimi deyil, iqtisadi inkişaf üçün kapitala çevrilməlidir. Bunun yolu isə xammalın hasilatı ilə kifayətlənməyərək onun emalını, yüksək əlavə dəyərli məhsul istehsalını, ixracını, yeni iş yerlərinin yaradılmasını, insan kapitalının inkişafını və regionların iqtisadi fəallığının artırılmasını vahid strategiya çərçivəsində təmin etməkdən keçir. Bu baxımdan dağ-mədən sənayesinin inkişafı Azərbaycanın qeyri-neft iqtisadiyyatının şaxələndirilməsi üçün mühüm perspektivlər açır və ölkənin sənaye siyasətinin növbəti mərhələsində strateji istiqamətlərdən biri kimi xüsusi əhəmiyyət kəsb edir.

DİGƏR Xəbərlər Arxiv