YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən sevgisi ilə yazılan tarix

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

27 sentyabr 2020-ci il tarixdən 6 il keçir. Bu tarixdə atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan Ordusunun  mövqelərinə intensiv zərbələr endirməklə yanaşı, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə hərbi qulluqçular ilə yanaşı,  Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olmuşdur. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmrini verdi.

Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən 27 sentyabr Anım Günü kimi qeyd edilir. Bu mühüm addım  Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Anım Günü ölkədə gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, ölkə vətəndaşlarının birliyinin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandıran tarixi Zəfəri bizlərə yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyir, Allahdan onlara rəhmət, qazilərimizə şəfa diləyirik. Vətən müharibəsinin qəhrəmanlarının həyat yolu hər bir gənc üçün vətənpərvərlik məktəbidir. Azərbaycan xalqı mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Şəhid ailələrinə və qazilərə dəstək göstərilməsində Azərbaycanda milli həmrəylik yaşanır və bu məqsədlə bütün aidiyyəti dövlət qurumlarının potensialı səfərbər olunub.

Vətən müharibəsində Qələbə münasibətilə medal və ordenlər təsis edilib. Yeni medal və ordenlər Qələbənin əbədiləşdirilməsinin və iştirakçılara ayrılan ali diqqətin təcəssümüdür. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar. Qazilərimizə, şəhid ailələrinə dövlət tərəfindən lazımi köməklik göstərilir. Əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün yaradılmış “YAŞAT” Fondu tərəfindən indiyədək 19 mindən yuxarı şəxs öhdəliyə götürülmüşdür, 96 milyona yaxın vəsait müvafiq istiqamətlər üzrə xərclənmişdir.

Bu mühüm məqamı hər zaman önə çəkilir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşanın işğaldan azad edilməsi müjdəsini Şəhidlər xiyabanından verdi. Tarixi Zəfərimizdən sonra ilk görüşü 11 noyabr 2020-ci il tarixdə 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə oldu. Ölkə Prezidenti həmin görüşdə bildirdi ki, sizə öz hörmətimi ifadə etmək üçün müharibə başa çatandan dərhal sonra gəlmişəm: “Sizin valideynlərinizə öz təşəkkürümü bildirim ki, dövlət üçün belə qəhrəman övladlar yetişdiriblər. Gəlmişəm ki, sizə şəxsən öz təşəkkürümü bildirim, sizi təbrik edim. Mənim birinci təbrik etdiyim insanlar sizsiniz və sizin simanızda bizim bütün qəhrəman döyüşçülərimizdir. Gəlmişəm deyim ki, mən hər zaman sizinlə bir yerdə olacağam. Mənə arxalana bilərsiniz. Bizim qəhrəman döyüşçülərimiz gələcək həyatda da daim mənim nəzarətim altında olacaqlar”.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsinə, şəhid ailələrinin, qazilərin hərtərəfli qayğı ilə əhatə olunmasına xüsusi diqqət yetirir. Rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu istiqamətdə genişmiqyaslı tədbirlər həyata keçirir. Dövlət hər zaman öz əsgərinin yanındadır. Ölkə Prezidenti İlham Əliyev çıxışlarında daim bu çağırışı edir ki, Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torplaqlarımıza qayıdırıq. Biz bu Qələbəyə görə onlara borcluyuq.

Bu gün Qarabağımız, Şərqi Zəngəzurumuz dirçəlir, iqtisadi, siyasi, humanitar, diplomatik mərkəz kimi dünyanın diqqətindədir. Bu torpaqların malik olduğu resurslardan səmərəli istifadə ölkəmizin dayanıqlı inkişafına böyük töhfələr verəcək.