Xəbərlər
Bərdədə 27 Sentyabr - Anım Günü qeyd olunub
Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatı 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirib.
Öncə “Qəhrəmanlar Parkı”nda ucaldılmış “Şəhid anası” abidəsinin önünə qərənfillər düzülüb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan tarixi Zəfərdən, bu Qələbəni xalqımıza yaşadan şəhidlərin qəhrəmanlığından danışıb. O, həmçinin şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan bəhs edib. Vurğulanıb ki, onların əziz xatirəsi dövlətçilik tarixində əbədi yaşayacaqdır.
Daha sonra şəhid anası Mehparə Qəribova, rayon icra hakimiyyətinin Müharibə veteranları, şəhid ailələri və qazilərlə iş şöbəsinin müdiri Samir Səfərov və QMƏVŞAİB-in rayon şöbəsinin sədri Etibar Hüseynov çıxış ediblər.
Sonda Bərdə şəhər 8 nömrəli tam orta məktəbin şagirdləri tərəfindən şəhidlərin əziz xatirəsinə həsr olunmuş kompozisiya təqdim edilib.
