YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Yasamalda 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti və “Neftqazelmitədqiqatlayihə” İnstitutunun birgə təşkilatçılığı ilə 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Yasamal Rayon Şəhidləri Xatirə Kompleksi ziyarət olunub, şəhidlərin xatirəsi ehtiramla yad edilib və kompleksin önünə gül dəstələri düzülüb.

Daha sonra “Neftqazelmitədqiqatlayihə” İnstitutunun inzibati binasında Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.

Sonra Anım Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə “Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktoru Nüsrət Əliyev, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, “H.Cavid pr.33a” ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini, Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Nurlan Mustafayevin anası Rahilə Ramazanova, “Mətbuat pr.40” ünvanı üzrə ərazi partiya təşkilatının sədri, Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev və Vətən müharibəsi şəhidi İsmayıl Kərimlinin anası Rəna Kərimova çıxış ediblər.

Çıxışlarda 27 Sentyabr - Anım Gününün şəhidlərin əziz xatirəsinə ehtiramın ifadəsi olduğu vurğulanıb. Bildirilib ki, 2020-ci ildə başlanan 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq və xalqımızın həmrəyliyi tarixi Zəfərin əldə olunmasında mühüm rol oynayıb.

Natiqlər şəhidlərin və qazilərin göstərdiyi fədakarlığın gənc nəslə çatdırılmasının, şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğının davam etdirilməsinin vacibliyini qeyd ediblər. Həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərinin, Böyük Qayıdış prosesinin əldə olunmuş Zəfərin mühüm nəticələrindən olduğu bildirilib.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.