Xəbərlər
“Şəhidlik zirvəsindən ucalan Zəfər”
Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatında 27 Sentyabr - Anım Gününə həsr olunmuş “Şəhidlik zirvəsindən ucalan Zəfər” mövzusunda dəyirmi masa keçirilib.
Əvvəlcə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova bildirib ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan mövqelərinə və yaşayış məntəqələrinə qarşı genişmiqyaslı hərbi təxribatı nəticəsində başlayan Vətən müharibəsi xalqımızın milli iradəsini, dövlət-xalq-ordu birliyini və Vətənə bağlılığını nümayiş etdirib.
Fidan Hüseynova qeyd edib ki, 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu böyük qəhrəmanlıq və şücaət göstərərək torpaqlarımızın işğaldan azad olunmasını təmin edib. Tarixi Zəfərin əldə olunmasında şəhidlərin misilsiz fədakarlığının və qazilərin qəhrəmanlığının xüsusi yeri olduğu vurğulanıb.
Quba Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Səidə Abasova çıxışında 27 Sentyabr - Anım Gününün Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinə dərin ehtiramın ifadəsi olduğunu bildirib.
Qeyd olunub ki, 44 günlük Vətən müharibəsi zamanı xalqımızın həmrəyliyi, dövlət-xalq-ordu birliyi tarixi Zəfərin əldə olunmasında mühüm amillərdən biri olub. Şəhidlərin qəhrəmanlığının və fədakarlığının daim xatırlanmasının, onların şərəfli döyüş yolunun gənc nəslə örnək kimi çatdırılmasının vacibliyi diqqətə çatdırılıb.
Tədbirdə şəhid Tamerlan Əliyevin anası Zümrüd Xalıqova, şəhid Mehrab Niftəliyevin valideynləri Söhrab Niftəliyev və Xalidə Niftəliyeva, şəhid Seymur Qocayevin anası Rəsmiyyə Qocayeva, şəhid Səttər Piriyevin anası Ofelya Piriyeva, şəhid Sadiq Azayevin anası Qızılgül Azayeva çıxış ediblər.
Şəhid valideynləri çıxışlarında övladlarının Vətən uğrunda göstərdikləri qəhrəmanlıq və fədakarlıqdan söz açıb, onların əziz xatirəsinin ailələri və xalqımız üçün daim müqəddəs olduğunu bildiriblər. Şəhidlərin keçdiyi şərəfli döyüş yolunun gənc nəslə örnək olduğu vurğulanıb.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Quba Rayon Şöbəsinin sədri Ruslan Bədirov isə çıxışında 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqdan, şəhid və qazilərin Vətən qarşısındakı xidmətlərindən danışıb. O, şəhidlərin əziz xatirəsinin daim ehtiramla yad edilməsinin və onların qəhrəmanlığının gələcək nəsillərə çatdırılmasının vacibliyini qeyd edib.
