YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi ədalətin təntənəsi

Nicat Ələkbərov

YAP  Şahbuz rayon təşkilatının sədri

Azərbaycan uzun illər boyunca torpaqlarının 20 faizinin işğalı, bir milyondan çox soydaşımızın doğma ocaqlarından didərgin düşməsi reallığı ilə yaşadı. Otuz ilə yaxın davam edən diplomatik danışıqlar prosesi Ermənistanın destruktiv mövqeyi və beynəlxalq birliyin ikili standartları səbəbindən nəticəsiz qaldı. Bu illər ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər bir beynəlxalq kürsüdən və ölkə daxilindəki çıxışlarında birmənalı şəkildə bəyan edirdi: Azərbaycan xalqı və dövləti bu işğalla heç vaxt barışmayacaq, şəhidlərimizin qanı yerdə qalmayacaq.

2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən Müharibəsi bu vədin əməli təsdiqinə çevrildi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu düşmənin illər boyu qurduğu keçilməz müdafiə xətlərini darmadağın etdi. Döyüş meydanında qazanılan hər bir uğur Birinci və İkinci Qarabağ müharibələrinin, Xocalı soyqırımının, eləcə də Vətən uğrunda canından keçən bütün şəhidlərimizin qisasının alınması idi. Qisas dinc əhalidən deyil, məhz döyüş meydanında, düşmənin silahlı birləşmələrindən alındı. Bu, Azərbaycan dövlətinin və onun Silahlı Qüvvələrinin həm də yüksək mənəviyyatının, beynəlxalq hüquqa və müharibə qaydalarına sadiqliyinin göstəricisi idi.

44 günlük Vətən Müharibəsində əldə olunan Böyük Qələbə təsadüfi deyildi. Bu Zəfər illər boyu səbirlə, dəqiqliklə həyata keçirilən güclü ordu quruculuğu, iqtisadi müstəqillik və düzgün diplomatik strategiyanın məntiqi nəticəsi idi. Lakin hər bir hərbi texnika və strategiyanın arxasında duran əsas amil insandır – vətənpərvər, gözünü qırpmadan ölümün üzərinə yürüyən Azərbaycan əsgəri və zabitidir.

Şəhidlərimizin qanının yerdə qalmaması ilə yanaşı, onların geridə qoyduğu əmanətlərə – ailələrinə, övladlarına, eləcə də sağlığından keçərək qazi adını qazanan qəhrəmanlarımıza qayğı göstərmək Azərbaycan dövlətinin və şəxsən ölkə rəhbərliyinin ali prioritetidir. Anım Günü müqəddəs şəhidlik zirvəsinə ucalan hər bir vətən övladının xatirəsini ehtiramla yad etmək, onların ailələrinə yalnız qalmadıqlarını, bütöv bir xalqın və dövlətin onların yanında olduğunu hiss etdirmək günüdür.

Bu gün Qarabağda və Şərqi Zəngəzurda dalğalanan üçrəngli bayrağımız şəhidlərimizin ruhuna ən böyük töhfədir. İşğaldan azad edilmiş torpaqlarda həyata keçirilən nəhəng quruculuq işləri, "Böyük Qayıdış" proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönməsi qazanılan Zəfərin məntiqi davamıdır. Şəhidlərimizin canı və qanı bahasına azad edilən bu torpaqlar indi cənnətə çevrilir, orada həyat yenidən canlanır.

Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan əsgər və zabitləri bizim sonsuz qürur mənbəyimizdir. Birinci və İkinci Qarabağ müharibələrində şəhid olmuş hər bir qəhrəmanımızın azad, qüdrətli və qalib Azərbaycanda xatirəsi daim əziz tutulacaq. Onların uyuduğu müqəddəs məkanlar – Şəhidlər xiyabanları hər birimiz üçün and yeridir.

Biz bu Zəfəri bizə bəxş edən rəşadətli Ordumuza, müqəddəs şəhidlərimizə və qazilərimizə borcluyuq. Şəhidlərimizin ruhu şaddır, çünki onların uğrunda can verdikləri Vətən torpaqları artıq azaddır və bu azadlıq əbədi olacaqdır!