Xəbərlər
Gədəbəydə Anım Günü silsilə tədbirlərlə qeyd olunub
Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatının Gədəbəy Peşə Liseyi, Gədəbəy Mədəniyyət Mərkəzi, Arıqdam, Kiçik Qaramurad, Çobankənd və Çanaqçı kənd ərazi partiya təşkilatlarında 27 Sentyabr - Anım Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib.
Əvvəlcə Gədəbəy Rayon Heydər Əliyev Mərkəzində təşkil olunan “Şəhidlər unudulmayacaq” adlı rəsm sərgisi ilə tanışlıq olub.
Tədbirlərdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev və digərləri çıxış edərək 27 Sentyabr - Anım Gününün təsis edilməsinin əhəmiyyətindən danışıblar. Bildirilib ki, Azərbaycan Respublikasında Anım Günü Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilib və hər il 27 sentyabr tarixində qeyd olunur.
Natiqlər 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsindən söz açaraq qeyd edib ki, həmin gün Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayıb. 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu mühüm hərbi uğurlar əldə edib və bir sıra şəhər və rayonlarımız işğaldan azad olunub.
Bildirilib ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata əsasən hərbi əməliyyatların dayandırılması ilə yanaşı, Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması təmin edilib. Ağdam rayonu noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də, Laçın rayonu isə dekabrın 1-də Azərbaycanın nəzarətinə qaytarılıb.
Şəhidlərin Vətən uğrunda göstərdikləri qəhrəmanlıq və fədakarlığın xalqımızın yaddaşında əbədi yaşayacağı, onların əziz xatirəsinin daim ehtiramla yad ediləcəyi bildirilib.
Sonda Gədəbəy Rayon Heydər Əliyev Mərkəzində 27 Sentyabr - Anım Gününə həsr olunmuş film nümayiş etdirilib.
