Xəbərlər
Milli Məclisin deputatı Anar Məmmədov qazini ziyarət edib
Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonunun Qaradağlı kəndində Birinci Qarabağ müharibəsi qazisi Niyazi Əlövsət oğlu Qurbanovu ziyarət edib.
Görüşdə Yeni Azərbaycan Partiyasının (YAP) Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, “Qarabağ Müharibəsi Veteranları” İctimai Birliyinin nümayəndələri, eləcə də şəhid ailələri və qazilər iştirak ediblər.
Görüşdə millət vəkili ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda misilsiz şücaət göstərən şəhid və qazilərin mənalı ömür yolunun gənc nəsil üçün örnək olduğunu bildirib. O, rəşadətli Azərbaycan Ordusunun Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli torpaqlarımızı azad edərək tarixi Zəfərə imza atdığını qeyd edib.
Qazinin ailə üzvləri bu kateqoriyadan olan şəxslərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnnətdarlıqlarını ifadə ediblər.
