Xəbərlər
Azərbaycanın investisiya potensialı və yeni iqtisadi inkişaf hədəfləri
Fidan Hüseynova
YAP Quba rayon təşkilatının sədri
Azərbaycanın davamlı iqtisadi inkişafının, investisiya imkanlarının və ölkənin regional bağlantılarda artan rolunun müzakirəsi baxımından II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu mühüm əhəmiyyət daşıyıb. Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən Forum çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbir təşkil olunub. Dövlətimizin başçısı tədbirdə iştirak edərək moderatorun suallarını cavablandırıb və Azərbaycanın iqtisadi inkişaf perspektivləri, investisiya mühiti, enerji, nəqliyyat-logistika və digər strateji istiqamətlər üzrə qarşıya qoyulan hədəflər barədə fikirlərini bölüşüb.
Çıxış zamanı diqqətə çatdırılıb ki, son illərdə həyata keçirilən məqsədyönlü iqtisadi siyasət Azərbaycanın gələcək inkişafı üçün möhkəm təməl formalaşdırıb. Prezident İlham Əliyev qeyd edib ki, ölkənin etibarlı tərəfdaş kimi qəbul olunması və əlverişli investisiya mühitinin yaradılması nəticəsində son 20 ildə Azərbaycana 350 milyard ABŞ dollarından çox investisiya cəlb edilib. Bu vəsaitin təxminən yarısının birbaşa xarici investisiyaların payına düşməsi Azərbaycanın beynəlxalq investorlar üçün əhəmiyyətli iqtisadi məkan olduğunu göstərən əsas göstəricilərdən biri kimi təqdim edilib.
Dövlətimizin başçısı çıxışında qarşıdakı dövr üçün əsas məqsədlərdən birinin iqtisadi artımın dayanıqlılığının təmin edilməsi və qeyri-neft-qaz sektorunda mövcud potensialın daha geniş şəkildə reallaşdırılması olduğunu vurğulayıb. Bu baxımdan bərpaolunan enerji, nəqliyyat və logistika, rəqəmsal infrastruktur, kənd təsərrüfatı, insan kapitalı və digər sahələr xüsusi əhəmiyyət kəsb edir.
Bərpaolunan enerji Azərbaycanın gələcək iqtisadi inkişafının mühüm istiqamətlərindən biri kimi qeyd olunub. Prezident İlham Əliyev bildirib ki, yalnız Xəzər dənizinin Azərbaycan sektorunda 157 giqavat həcmində külək enerjisi potensialı mövcuddur. Ölkə ərazisində Günəş və külək elektrik stansiyalarının fəaliyyət göstərməsi, qarşıdakı beş il ərzində bərpaolunan enerji mənbələrinin daha geniş tətbiqinin nəzərdə tutulması Azərbaycanın enerji siyasətində yeni mərhələnin formalaşdığını göstərir.
Çıxışda Azərbaycanın əlverişli coğrafi mövqeyinin yaratdığı imkanlardan səmərəli istifadə məsələsinə də xüsusi diqqət yetirilib. Bildirilib ki, nəqliyyat, logistika və bağlantılar ölkənin iqtisadi inkişafının mühüm hərəkətverici qüvvələrindən biri olaraq qalır. Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizləri üzrə daşımaların həcminin 2030-cu ilədək 25 milyon tona, yaxud daha yüksək göstəriciyə çatdırılması qarşıya qoyulan əsas hədəflərdən biri kimi açıqlanıb. Bunun üçün dəmir yolları, dəniz limanları, avtomobil yolları, hava nəqliyyatı, gömrük idarəçiliyi və rəqəmsal infrastrukturun inkişafı istiqamətində işlərin davam etdirilməsi nəzərdə tutulur.
Azərbaycanın enerji potensialının regional və beynəlxalq əməkdaşlıq imkanları ilə əlaqələndirilməsi də Prezidentin çıxışında xüsusi yer tutub. Mərkəzi Asiya ilə Avropa arasında enerji bağlantılarının inkişafı, Xəzər dənizinin dibi ilə elektrik kabelinin çəkilməsi və Qara dəniz kabeli layihəsi bu baxımdan mühüm layihələr sırasında qeyd olunub. Azərbaycanın enerji ixrac edən ölkədən, eyni zamanda, enerji tranziti və bağlantılarında fəal iştirak edən dövlətə çevrilməsi ölkənin regional iqtisadi əlaqələrdə rolunu genişləndirən amillərdən biri kimi diqqətə çatdırılıb.
Prezident İlham Əliyev investisiya mühitinin əsas şərtləri sırasında siyasi və iqtisadi sabitliyi, maliyyə dayanıqlılığını, proqnozlaşdırıla bilən iqtisadi mühiti və investorlarla uzunmüddətli əməkdaşlığı qeyd edib. Azərbaycanın son onilliklər ərzində müxtəlif beynəlxalq şirkətlərlə həyata keçirdiyi layihələr ölkənin enerji və digər sahələrdə beynəlxalq tərəfdaşlıq təcrübəsinin formalaşmasına imkan verib.
Çıxışda iqtisadiyyatın şaxələndirilməsi ilə yanaşı, neft-qaz sektorunun da yaxın perspektivdə mühüm rolunu qoruyacağı bildirilib. Eyni zamanda kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, infrastruktur, rəqəmsallaşma və yeni texnologiyalar investisiya baxımından perspektivli istiqamətlər kimi təqdim olunub. Qeyd edilib ki, Azərbaycanın əsas məqsədlərindən biri ölkənin mövcud maliyyə, təbii və insan kapitalından daha səmərəli istifadə etməklə uzunmüddətli və dayanıqlı iqtisadi artıma nail olmaqdır.
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən bu tədbir Azərbaycanın investisiya imkanlarının beynəlxalq biznes ictimaiyyətinə təqdim edilməsi baxımından da əhəmiyyətli platforma kimi çıxış edib. Forumda dünyanın müxtəlif ölkələrindən və aparıcı şirkətlərdən nümayəndələrin iştirakı Azərbaycanın qlobal iqtisadi əlaqələrdə fəal iştirakını və yeni tərəfdaşlıqlar üçün açıq olduğunu nümayiş etdirib.
Prezident İlham Əliyevin çıxışında səsləndirilən fikirlər Azərbaycanın qarşıdakı dövrdə iqtisadi inkişaf strategiyasında əsas prioritetləri aydın şəkildə ortaya qoyub. Bu prioritetlər sırasında iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft-qaz sektorunun inkişafı, yaşıl enerjiyə keçidin sürətləndirilməsi, nəqliyyat və logistika imkanlarının genişləndirilməsi, rəqəmsal infrastrukturun inkişafı və beynəlxalq investisiyaların cəlb edilməsi xüsusi yer tutur.
Beləliklə, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkənin investisiya potensialının təqdimatı ilə yanaşı, Azərbaycanın gələcək iqtisadi inkişaf istiqamətlərinin beynəlxalq auditoriyaya çatdırılması baxımından da mühüm platforma olub. Forum çərçivəsində səsləndirilən fikirlər Azərbaycanın regional iqtisadi və nəqliyyat bağlantılarında, enerji əməkdaşlığında və beynəlxalq investisiya proseslərində rolunun daha da inkişaf etdirilməsi istiqamətində qarşıya qoyulan hədəfləri əks etdirib.
