Xəbərlər
Qarabağ iqtisadi rayonuna səfər təşkil olunub
Yeni Azərbaycan Partiyası (YAP) Xaçmaz rayon təşkilatı tərəfindən “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin ideyalarının təbliği və 27 Sentyabr - Anım Günü ilə əlaqədar Qarabağ iqtisadi rayonuna səfər təşkil olunub.
Səfər çərçivəsində iştirakçılar Ağdam Cümə Məscidini, Ağdam Şəhidlər Xiyabanını, Əsgəran qalasını, Qarabağ Universitetini, Zəfər Parkını, Şuşa qalasını, Yuxarı Gövhər Ağa Məscidini, Cıdır düzünü, Molla Pənah Vaqifin məqbərəsini və İsa bulağını ziyarət ediblər.
27 Sentyabr - Anım Günü ilə əlaqədar şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad olunub. Ziyarət edilən məkanlarda Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin qəhrəmanlığı ehtiramla anılıb, Qarabağın müqəddəs torpaqlarında qazanılmış tarixi Zəfərin əhəmiyyəti bir daha vurğulanıb.
2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması çərçivəsində təşkil edilən səfər zamanı iştirakçılar işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı şəhərsalma, bərpa və quruculuq layihələri ilə yaxından tanış olublar.
İştirakçılar Ağdam şəhərində aparılan kompleks yenidənqurma işlərini, Xankəndidə formalaşan yeni sosial, təhsil və inkişaf mühitini, Qarabağ Universitetinin fəaliyyətini, eləcə də Şuşanın tarixi-memarlıq simasının qorunması və bərpası istiqamətində həyata keçirilən layihələri müşahidə ediblər.
Səfər iştirakçıları qeyd ediblər ki, vaxtilə işğal nəticəsində böyük dağıntılara məruz qalmış ərazilərin müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulması, yeni yaşayış məhəllələrinin salınması, sosial və infrastruktur obyektlərinin yaradılması Qarabağın dirçəldilməsinin mühüm göstəricilərindəndir.
Qarabağa səfər iştirakçılara həm Zəfər tariximizin mühüm səhifələrini canlı şəkildə yaşamaq, həm də Böyük Qayıdış çərçivəsində həyata keçirilən bərpa və quruculuq prosesini əyani şəkildə görmək imkanı verib. Doğma yurdların yenidən canlanması, şəhər və kəndlərin müasir tələblərə uyğun şəkildə qurulması iştirakçılarda böyük qürur və fəxarət hissi doğurub.
