YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Möhtəşəm tarixi nailiyyətlərimiz Heydər Əliyev irsi ilə bağlıdır

Mahir Süleymanlı

Milli Məclisin deputatı

1991-1993-cü illərdə ölkədə hökm sürən qeyri-sabitlik, idarəetmə böhranı, qanunsuz silahlı dəstələrin fəaliyyəti və dövlət çevrilişi cəhdləri Azərbaycanın müstəqilliyi üçün ciddi təhdidlər yaradırdı. Belə bir mürəkkəb şəraitdə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkənin üzləşdiyi dərin ictimai-siyasi böhranın aradan qaldırılması, dövlət idarəçiliyinin möhkəmləndirilməsi istiqamətində yeni mərhələnin başlanmasını mümkün etdi.

3 oktyabr 1993-cü ildə keçirilən prezident seçkilərində xalqın böyük etimadı əsasında Heydər Əliyevin dövlət başçısı seçilməsi ölkənin müstəqil inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Heydər Əliyevin prezidentliyi dövründə əsas diqqət ictimai-siyasi sabitliyin təmin olunmasına, dövlət qurumlarının formalaşdırılmasına, milli təhlükəsizliyin gücləndirilməsinə və ordu quruculuğunun sistemli şəkildə həyata keçirilməsinə yönəldi. Dövlətin hüquqi əsaslarının formalaşdırılması da bu mərhələnin başlıca istiqamətlərindən oldu. 12 noyabr 1995-ci il tarixində ümumxalq səsverməsi (referendum) yolu ilə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsas prinsiplərini müəyyənləşdirdi. Hakimiyyət bölgüsü, insan hüquq və azadlıqlarının təminatı, vətəndaş cəmiyyətinin inkişafı, məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi ilə bağlı sonrakı islahatlar müstəqil dövlətin hüquqi-institusional əsaslarını genişləndirdi. Senzuranın ləğvi, ölüm hökmünün aradan qaldırılması, Konstitusiya Məhkəməsi və Ombudsman institutlarının yaradılması həmin dövrün siyasi-hüquqi dəyişiklikləri sırasında yer aldı. Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, biz Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qururuq: “Bu üç söz bizim dövlət quruculuğumuzun əsas mənasını, məzmununu, əsas prinsiplərini təşkil edir. Bu sözlərin üçü də - demokratiya da, hüquq da, dünyəvilik də insan haqlarından irəliyə gələn sözlərdir. Beləliklə, biz müstəqil Azərbaycanda öz strateji yolumuzu artıq müəyyən etmişik və bu yolla gedirik”.

Müstəqilliyin möhkəmləndirilməsində iqtisadi siyasət və enerji strategiyası da mühüm önəm kəsb edir. 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” ölkənin xarici investisiyalara açılması və enerji resurslarının beynəlxalq bazarlara çıxarılması baxımından tarixi mərhələ oldu. Sonrakı illərdə Bakı-Novorossiysk, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft kəmərlərinin, eləcə də Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin reallaşdırılması ölkənin regional enerji və nəqliyyat əlaqələrində iştirakını genişləndirdi. Bazar iqtisadiyyatına keçid, sahibkarlığın inkişafı və iqtisadi liberallaşma istiqamətində atılan addımlar da müstəqil dövlətin iqtisadi əsaslarının formalaşmasına xidmət etdi.

Ulu Öndər Heydər Əliyevin dövlətçilik siyasətində azərbaycançılıq ideologiyası, milli-mənəvi dəyərlərin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi də mühüm yer tuturdu. Azərbaycançılıq məfkurəsi ölkənin müxtəlif sosial qruplarını və dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları vahid milli ideya ətrafında birləşdirən konseptual yanaşma kimi təqdim olunurdu. Dünya Azərbaycanlılarının I Qurultayının 2001-ci ildə keçirilməsi bu istiqamətdə atılan mühüm addımlardan biri oldu.

Xarici siyasətdə isə müstəqilliyin möhkəmləndirilməsi, beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi, Azərbaycanın regional layihələrdə iştirakının təmin olunması və milli maraqların müdafiəsi əsas istiqamətləri təşkil edirdi. TRACECA layihəsi və Böyük İpək yolunun bərpası təşəbbüsləri, Xəzərin enerji ehtiyatlarının beynəlxalq əməkdaşlıq çərçivəsində işlənməsi və Qərb istiqamətində enerji-kommunikasiya layihələrinin həyata keçirilməsi ölkənin beynəlxalq əlaqələrinin genişlənməsinə şərait yaratdı. Eyni zamanda, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində yaranmış vəziyyətin beynəlxalq hüquq prinsipləri əsasında həlli və ərazi bütövlüyü məsələsinin beynəlxalq gündəmdə saxlanılması xarici siyasətin əsas prioritetlərindən biri oldu.

15 oktyabr 2003-cü il tarixində cənab İlham Əliyevin Prezident seçilməsi ilə ölkənin iqtisadi və müdafiə imkanlarının genişləndirilməsi, ordu quruculuğunun gücləndirilməsi, beynəlxalq mövqelərin möhkəmləndirilməsi və dövlət idarəçiliyinin inkişafı istiqamətində uzaqgörən siyasət uğurla davam etdirildi. 2020-ci il Vətən müharibəsi və 2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin edildi. Bununla regionda yeni reallıqlar formalaşdı və qarşıda sülh, təhlükəsizlik və əməkdaşlıq gündəliyi üçün yeni imkanlar yarandı. Hazırda işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, Böyük Qayıdış və regional əməkdaşlığın genişləndirilməsi müstəqil dövlətçilik tarixinin müasir mərhələsinin əsas istiqamətlərini təşkil edir.

Bu gün qarşıda duran əsas vəzifələr əldə olunmuş nailiyyətləri qorumaq, regionda davamlı sülh və təhlükəsizliyi möhkəmləndirməkdir. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərin bərpası, sosial-iqtisadi inkişafın davam etdirilməsi, müstəqil dövlətçiliyin daha da möhkəmləndirilməsi və yeni hədəflərin müəyyənləşdirilməsi mühüm əhəmiyyət daşıyır.

DİGƏR Xəbərlər Arxiv